Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:46

Ermənistanda ‘Rusiya agenturasından’ narahatlıq var


Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazası
Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazası

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Yerevanda və Gümrüdə yaşayan rusiyalılar Rusiya Federasiyası silahlı qüvvələrinin geyimində olan şəxslər tərəfindən izləndiklərindən narahatlıqlarını Ermənistan insan haqları təşkilatlarına bildirirlər.

Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri Artur Sakuntsun dediyinə görə Rusiya vətəndaşı olan dissident və fəallar çox vaxt evlərinin yaxınlığında şübhəli şəxslər gördüklərini deyirlər:

"Biz bugün də onların GRU-dan, FSB-dən və ya Rusiya hərbi polisindən olub-olmadıqlarını bilmirik. Biz şahidlərin dediklərindən yalnız bunu bilirik ki, onlar Rusiya ordusunun hərbi geyimlərində olurlar”.

Qrupun yaydığı bəyanatda deyilir ki, sözü gedən şəxslər Ermənistan nömrə nişanlı maşınlarla gəzirlər. Bu maşınların rəsmi qeydiyyatda olmaması onlardan sırf kəşfiyyat əməliyyatı məqsədilə istifadə olunduğunu deməyə əsas verir.

Sorğulara cavab verilmir

Ermənistan Daxili İşlər Nazirliyi isə bununla bağlı bildirib ki, bəyanatda maşınların nömrələri göstərilmədiyindən hələki bu şikayətlə bağlı tədbir görə bilmirlər.

Sakunts vurğulayır ki, bu çox mühüm məsələdir və mütləq Ermənistan Milli Təhlükəsizlik Xidməti, polis, DİN və prokurorluq tərəfindən araşdırılmalıdır.

İnsan haqları müdafiəçisinin sözlərinə görə Rusiyanın hüquq-mühafizə orqanları Ermənistanın icazəsi olmadan ölkə ərazisində xarici müşahidə və kəşfiyyat əməliyyatları keçirirlər.

Azatutyun yazır ki, ölkənin baş prokurorluğu Sakuntsun sorğusuna cavab verməyib.

İnsan haqları müdafiəçisinin fikrincə Putin rejiminin tənqidçilərini ən azı izləndikləri və kim tərəfindən izləndikləri barədə məlumatlandırmaq lazımdır.

Setrakovun oğurlanaraq Gümrü bazasına gətirilməsi

Sakuntsun dediyinə görə əgər Ermənistan hüquq-mühafizə orqanları işlərinə lazımınca yanaşsaydılar Rusiya vətəndaşı Dmitri Setrakov hava limanında Rusiya hərbçiləri tərəfindən oğurlanıb Rusiyanın 102-ci bazasına aparılmazdı.

O Ukraynaya qarşı vuruşmaq istəmədiyinə görə Rusiyadan qaçmışdı.

Sakunts deyir ki, Setrakovu oğurlayanlar barəsində cinayət işinin açılması çox mühümdür.

Rusiyadan Ermənistana qaçmış jurnalist və yazıçı İan Şenkman bu barədə eşitdiklərindən təəccüblənməyib.

O bildirib ki, belə bir hal artıq iki ildir müşahidə olunur:

"Bundan hamının xəbəri var. Bəzən bu izləmələr güclü, bəzən zəif olur”.

O bunu da bildirir ki, Ermənistanda keçirilən bütün antimüharbə aksiyalarında Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarını görmək olar?

“Bunu mənim həmvətənlərim də müşahidə ediblər. Onlar izləndiklərini bilirlər”.

“Bəlkə siz heç suveren deyilsiniz?”

Jurnalist deyir ki, bu adamlar kimliklərini gizlətməyə çalışmırlar da:

"Mən onların nə istədiklərini bilmirəm. Amma bu hər yerdə baş verir. Bu yaxınlarda İspaniyada baş vermiş qətl barəsində hamımız eşitmişik. Almaniya da daxil başqa ölkələrdə də sui-qəsdlər edilir. Düzdür, buralarda belə işlər olmayıb. Amma adamların oğurlanması halları baş verib. İndi məlum olur ki, onlar təkcə Şenderoviç və ya Dud kimi məşhur adamları yox, həm də adi adamları izləyirlər...”

Şenkman hətta Ermənistan hakimiyyətini də qınayır:

"Əgər sizin suveren dövlətinizdə adamlar oğurlanırsa, əgər onlar sizdən icazə almadan istintaq aparırlarsa, ola bilsin bəlkə siz heç suveren deyilsiniz. Ən azı dövlətinizin bundan şikayətçi olduğunu görmürəm. Onlar burda istədiklərini edirlər”.

Baş nazir Nikol Paşinyanın hökuməti son zamanlar ölkənin oriyentasiyasını dəyişmək niyyətində olduğunu dəfələrlə bəyan edib.

Onun belə bəyanatlarından birində deyilir ki, Rusiya sərhədçilərinə Zvartnots hava limanından çıxmaları üçün avqustun 1-dək vaxt verilib. Moskvadan bu bəyanata hələ ki reaksiya yoxdur.

XS
SM
MD
LG