Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:35

Bakı metrosunu partladan şəxslə 'əsirlikdə olan' danışdı


Lüdvik Mkrtıçyan və Alyoşa Xosrovyan məhkəmədə
Lüdvik Mkrtıçyan və Alyoşa Xosrovyan məhkəmədə

1990-cı illərdə əsirlikdə azərbaycanlılara işgəncə verməkdə suçlanaraq Bakıda mühakimə olunan Ermənistan vətəndaşı Lüdvik Mkrtıçyana iyunun 30-da ifadə vermək təklif olunub. Lakin o, "sözüm yoxdur" deyərək ifadə verməkdən imtina edib.

52-yaşlı Mkrtıçyan daha bir Ermənistan vətəndaşı, 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyanla birlikdə mühakimə olunur. Onların işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Məhkəmə prosesi isə Yasamal rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Vaxtilə əsirlikdə olan 12 nəfər bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Onlardan Zahid Həsənov iyunun 30-da məhkəmədə dindirilərkən hazırda həbsdə olan Azər Aslanov haqda danışıb. Aslanov 1994-cü ildə Bakı metrosunda partlayış törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

"Azərə istədiyi yeməyi də verirdilər"

Zərərçəkən deyir ki, Aslanov onunla birlikdə əsirlikdə olub. Onlar Xankəndidə saxlanılırdılar: "Mən, Sergey, Azər Aslanov və başqa bir əsir birlikdə idik. Beş-altı erməni hərbçi gəlib Azəri komandirin otağını təmizləməyə apardı. Təxminən iki saatdan sonra gəldi. Bir müddət sonra gəlib yenə apardılar. Sonra bildik ki, onu təlimatlandırıblar. Azərə Babayanın otağında təlimat verirdilər. Onu təlimatlandıranlardan biri də məhz Mkrtiçyan idi. Sonradan Azərə nə otaq təmizlətdirirdilər, istədiyi yeməyi də verirdilər".

Zərərçəkmişin sözlərinə görə, Azərbaycana qayıdandan sonra onunla birlikdə əsirlikdə olmuş Sergeyin orada güllələnib öldürüldüyünü eşidib.

Azərbaycan 1994-cü ilin iyulunda 13 nəfərin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnmiş metro partlayışına görə məhkum edilmiş Azər Aslanovun Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunduğunu bildirib.

Həsənov təqsirləndirilən şəxslərin hər ikisindən şikayətçi olub. Deyib ki, Xosrovyan və Mkrtiçyan 1994-cü ildə Xankəndində rus jurnalistin gözü önündə Şuşa həbsxanasında, siqaret çəkmək üçün ayrılmış yerdə ona ağır işgəncələr verib: "Onların hər ikisi Azərbaycan dilini çox yaxşı bilirdi...".

Xosrovyan isə əsirlikdə olan şəxslərə işgəncə verməsi haqda deyilənlərlə razılaşmayıb, zərərçəkmişləri tanımadığını söyləyib. O, ötən məhkəmə iclasında ifadəsində də belə demişdi.

"Naxçıvandan Ermənistana köçdük"

Ardınca digər təqsirləndirilən Mkrtiçyana da ifadə vermək təklif olunub, amma o, "sözüm yoxdur" deyib. Buna baxmayaraq, suallara cavab verməyə razılaşıb. Dindirmədən məlum olub ki, Mkrtiçyan Naxçıvanda doğulub, 18 yaşına qədər orada yaşayıb. Erməni dilində təhsil aldığını deyən təqsirləndirilən şəxsin sözlərinə görə, 1987-89-cu ildə sovet ordusunda xidmət edib: "Naxçıvandan ailəliklə Ermənistana köçdük. 1993-cü ildən sonra Ağdərədə xidmətdə olmuşam...".

Təqsirləndirilən şəxslərin tutulmasında iştirak edənlər də məhkəmədə şahid kimi dindirilib.

Xatırlatma

Xosrovyan və Mkrtiçyanın Azərbaycan CM-nin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 120 (qəsdən adam öldürmə) 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və başqa maddələri ilə ittiham olunur. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onlar özlərini yalnız Azərbaycan sərhədini qanunsuz keçmə əməlində qismən təqsirli bilirlər.

Hər iki təqsirləndirilən ötənilki hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri tərəfindən saxlanılıblar. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf yeddi rayonu Ermənistanın işğalından azad edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG