Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 00:33

Son 10 ildə Azərbaycanda etnik azlıqların sayı necə dəyişib?


'Biz istərdik ki, tat dili məktəbdə keçilsin' - Qubadan reportaj
Gözlə

No media source currently available

0:00 0:06:46 0:00

'Biz istərdik ki, tat dili məktəbdə keçilsin' - Qubadan reportaj

Azərbaycanda etnik qrupların sayı barədə bilgilər son dəfə 2009-cu ildə açıqlanmışdı. Belə bilgilər siyahıyaalınma zamanı hesablanır. 2019-cu ildə ölkədə yenidən siyahıyaalma keçirildi. Onun nəticələri Azərbaycandakı etnik qruplara dair say göstəricilərinin 10 il içində necə dəyişdiyini görməyə imkan verir. Bu nəticələrə görə, ölkə əhalisinin 94.8 faizinin etnik mənsubiyyəti "azərbaycanlı"dır (söhbət Azərbaycan türklərindən gedir). 2009-cu ildə eyni göstərici 91.6 faiz olmuşdu. Rəsmi rəqəmlərə görə, 10 il ərzində əhalinin milli tərkibində özünü azərbaycanlı kimi identifikasiya edənlərin payı 3.2 faiz bəndi artıb.

Ləzgi və talışların sayı azalıb?

Rəsmi göstəriciyə görə, ölkədə azərbaycanlılardan sonra sayı ən çox olan etnik qrup ləzgilərdir. Siyahıyaalma zamanı ölkədə 167 min 550 ləzginin olduğu bilinib. Bu, ölkə əhalisinin 1.7 faizi deməkdir. 2009-cu il siyahıyaalması zamanı Azərbaycanda ləzgilərin sayının 180 min 300 nəfər olduğu açıqlanmışdı. Deməli, 2009-2019-cu illər boyunca, rəsmi rəqəmlərə görə, ləzgilərin sayı 13 min nəfərə yaxın və ya 7 faiz azalıb. Ancaq bu azalma səbəbinin miqrasiya, yoxsa artıq daha çox ləzginin etnik mənsubiyyətini soruşarkən özünü "azərbaycanlı" kimi identifikasiya etməsi və ya hər hansı digər səbəblə bağlı olması suallı qalır (bu zaman "azərbaycanlı" anlayışının etnik deyil, siyasi kimlik – Azərbaycan vətəndaşı kimi anlaşılması da səbəb sayıla bilər – red.).

Ləzgilərlə yanaşı, ölkədə üçüncü böyük etnik qrupun – talışların da sayında azalma qeydə alınıb. 2009-cu il siyahıyaalmasında Azərbaycanda 112 min talışın olduğu hesablanmışdısa, 2019-cu ildə həmin göstərici 87 min 578 nəfərə enib. Başqa sözlə, onların sayı 22 faiz (24 min 422 nəfər) azalıb. Rəsmi rəqəmlərə görə, ölkə əhalisinin 0.9 faizi talışlardır.

Azərbaycandakı etnik rus və ukraynalıların sayı kəskin azalıb

2009-cu il siyahıyaalması zamanı azərbaycanlı və ləzgilərdən sonra ən böyük etnik qrup ruslar idi. Həmin vaxt ölkədə 119 min 300 nəfər etnik rus vardı. 2019-cu ildə bu göstərici 71 min 46 nəfərə enib, yəni 40 faizə yaxın azalıb. Belə azalmanın bir səbəbi də Azərbaycanda yaşayan rusların böyük bölümünün yaşlı şəxslər olması idi. Siyahıyaalmanın nəticələrinə görə, Azərbaycan əhalisinin 0.7 faizi ruslardır.

Ruslarla yanaşı, Azərbaycanda yaşayan ukraynalıların da sayı azalıb. 2009-cu ildə siyahıyaalması zamanı Azərbaycanda 21 min 500 şəxs milli kimliyini "ukraynalı" olaraq göstərmişdi. 2019-cu ildə bu rəqəm 35 faiz azalaraq 14 min nəfərə enib.

Rus və ukraynalılarla yanaşı, Azərbaycandakı tatarların sayında da ciddi azalma baş verib. Əgər 2009-cu ildə ölkədə 25 min 900 tatar vardısa, 2019-cu ildə bu rəqəm 17 min nəfərədək geriləyib. Bu, 10 il boyunca 32 faiz azalma deməkdir.

Azərbaycanda yaşayan türklərin (söhbət Ahısqa türklərindən gedir) də sayı azalıb. Onların sayı 2009-cu ildə 38 min nəfər idi. 2019-cu ildə isə həmin rəqəm 20 faiz azalaraq 30 min 500 nəfərə enib.

Azərbaycanda yaşayan yəhudilərin də sayı, az qala, yarıbayarı azalıb. 2009-cu il siyahıyaalmasına görə, Azərbaycanda 9 min 100 yəhudi vardı. 2019-cu ildə bu rəqəm 44 faiz azalaraq 5 min 100 nəfərə düşüb.

Son 10 ildə sayca azalan digər bir etnik qrup kürdlərdir. 2009-2019-cu illər arasında Azərbaycandakı kürdlərin sayı, rəsmi rəqəmlərə görə, 6 min nəfərdən 4 min nəfərə enib.

Azərbaycandakı gürcülərin də sayı azalıb. 2009-cu ildə Azərbaycandakı gürcülərin sayı 10 min nəfərə yaxın idi. 2019-cu ildə həmin göstərici 8 min 400 nəfərə düşüb.

Siyahıyaalmanın nəticələrinə görə, Azərbaycanda 178 nəfər etnik erməninin də yaşadığı (Qarabağda yaşayan ermənilərsiz) məlum olub.

Sayları artan etnik qruplar

Siyahıyaalmanın nəticələrinə görə, 2009-2019-cu illər ərzində ölkədə sayı ən çox artan etnik azlıq tatlardır. 2009-cu ildə Azərbaycanda 25 min 200 tatın olduğu bildirilmişdi. 2019-cu ildə bu göstərici 27 min 657 nəfərə yüksəlib. Başqa deyimlə, 2 min 500 nəfərə yaxın və ya 10 faiz artım qeydə alınıb.

Xınalıq kəndinin sakinləri olan xınalıqlıların da sayında artım var. Əgər 2009-cu ildə ölkədə 2 min 200 nəfər xınalıqlı olduğu açıqlanmışdısa, 2019-cu ildə bu rəqəm 3 min 466 nəfərə yüksəlib. Bu, 10 ildə xınalıqlı sayının 58 faiz artması deməkdir.

XS
SM
MD
LG