Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:18

'Azərbaycan hökuməti şiələrə qarşı səhv siyasət yürüdür'


Nardaranda etiraz aksiyası - 2010
Nardaranda etiraz aksiyası - 2010

«Eurasianet» saytının Azərbaycan haqda yeni yazısında hökumətin şiələrə qarşı siyasəti tənqid olunur, bunun mümkün fəsadları haqda xəbərdarlıq edilir. Yazının müəllifi Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun siyasi müşaviri Eldar Məmmədovdur, məqalədə onun şəxsi mövqedən çıxış etdiyi qeyd olunur.

AŞURA BAYRAQLARI GÖRÜNMƏDİ

Müəllif Bakının təmtəraqlı dükanlarından, beşulduzlu otellərindən uzaqlaşdıqca, mənzərənin dəyişdiyini, məsələn, Lənkəranda azərbaycanlı şiələrin qeyd etdiyi «qətl günü»ndə (şiə müsəlmanların İmam Hüseynin və tərəfdarlarının qətlini andığı Aşura günü) gördüklərini danışır. Qarapaltarlı, saqqallı gənclərin məscidə, mərsiyə dinləməyə gedərkən sənədlərini ətrafa göz qoyan polis işçilərinə göstərib keçir, əvvəlkindən fərqli olaraq bu il kimsə küçədə dua etmir, hətta İmam Hüseynin şərəfinə qaldırılan bayraqlar belə gözə dəymirdi.

Küçələrdə Aşura mərasimlərinin yasaqlandığını bu ilin oktyabrında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə elan edib. «Eurasianet» bu idarənin Azərbaycandakı müsəlmanların dini həyatını nəzarətdə saxlamaqdan ötrü yaradıldığını da qeyd edir. Qadağanı isə Azərbaycanın digər bölgəsində, şiələrin çoxluq təşkil etdiyi Nardaranda baş verənlərlə əlaqələndirir. Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub.

Müəllif Nardaran sakinlərinin sosial-iqtisadi duruma, işsizliyə qarşı çıxdığını, amma qəsəbədə mühafizəkar şiələrin çoxluğundan yararlanan hökumətin aksiyalara İslam donu geyindirdiyini yazır.

Nardaranda polis
Nardaranda polis

«İSLAMÇI EKSTREMİST» O DEMƏK DEYİL Kİ...

Vaşinqtonda yerləşən «Shia Rights Watch»un – şiələrin haqlarını müdafiə təşkilatının məlumatına görə, Azərbaycan hökuməti Nardaranda 150 nəfər şiə fəalı, 18 ruhanini həbs edib. Beynəlxalq insan haqları təşkilatı «Human Rights Watch» isə 68 nəfərin tutulduğunu bildirir. Müəllif bütün hallarda rəqəmlərin böyük olduğunu, bunun Azərbaycana heç də xeyir gətirməyəcəyini vurğulayır:

«Hökumətin tənqidçiləri susdurmaqdan ötrü «islamçı ekstremist» damğasından sui-istifadəsi faktı onların arasında radikalların olmamasına dəlalət etmir. Belə olan halda günahkarlar məhkəməyə çəkilməli, məsuliyyətə cəlb edilməlidir. Səhv olan və səhv nəticə verəcək addım bütöv icmanın sıxışdırılmasıdır».

Müəllif şiələrə məhdudiyyətlərin Azərbaycan konstitusiyasına da zidd olduğunu, konstitusiyanın sərbəst toplaşmaq azadlığını, dini təcrübəni, dini məzhəbindən asılı olmayaraq, bütün vətəndaşların bərabərliyini təmin etdiyini xatırladır.

FİKRİNİ DEMƏYƏ DƏ QORXUR, ŞƏRİƏTİ DƏ İSTƏMİR

Digər tərəfdən, «Pew Research Center»in müsəlman ölkələrində apardığı sorğular üzə çıxarıb ki, azərbaycanlılar şəriət qanunlarının konstitusiyadan ötə olmasını istəməyən xalqlardandır. Sorğuda iştirak edən Azərbaycan sakinlərinin cəmi 8%-i şəriət qanunlarına üstünlük verdiyini bildirib. Müəllif respondentlərin öz fikrini deməyə çəkindiyini, bununla belə, azərbaycanlıların teokratiyaya meyl etmədiyinin ortada olduğunu vurğulayır.

«Eurasianet» digər müsəlman ölkələrindən misal gətirərək, dini azadlıqlara qarşı ədalətsiz məhdudiyyətlərin radikallaşmaya aparıb çıxardığını, dini fəallarla sərt rəftarın onlara «şəhid» status qazandırdığını yazır.

Məqalədə Azərbaycanda şiələrə qarşı tədbirlərin həm də diqqəti yayındırdığı, əsl təhlükənin –vəhhabi təhlükəsinin gözardı edildiyi vurğulanır. Azərbaycan şiələrinin adının hansısa terror hücumunda hallanmadığını, amma Suriyada hücumlarda yüzlərlə azərbaycanlı vəhhabinin iştirak etdiyini xatırladan müəllif hökuməti belələrinə daha çox diqqət etməyə, adi inanclılara basqını dayandırmağa çağırır, bunun ölkənin təhlükəsizliyi və stabilliyi üçün önəmli olduğunu yazır.

XS
SM
MD
LG