Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:04

Evdə oturan müqaviləsiz işləyənlərə hökumətdən yardım olacaqmı?


Fəhlə. Foto arxiv
Fəhlə. Foto arxiv

Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi bugün, martın 31-dən daha da gücləndirilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı bildirilib. Amma Azərbaycanda təqribən 5 milyon civarında olan əməkqabiliyyətli insanların yalnız rəsmi şəkildə 2 milyondan az bir hissəsinin günəmuzd fəaliyyət göstərdiyi bildirilir.

İqtisadçı Nemət Əliyev də AzadlıqRadiosuna deyib ki, ölkədə müqavilə ilə işləyən insanların sayı 1 milyon 700 min nəfərdən bir az çoxdur: «Həmin 1 milyon 700 min nəfərin də 900 min nəfərdən bir az çoxu dövlət sektorunda, qalan hissəsi isə özəl sektorda çalışır. Onların da böyük hissəsi artıq koronavirus pandemiyası ilə bağlı evdə oturmağa məcburdur. Dövlət də onların itkilərini kompensasiya etməyi hədəfləyib».

N.Əliyev
N.Əliyev

«3 milyondan çox...»

Ölkədə əməkqabiliyyətli əhalinin sayının 5 milyon nəfərdən bir az çox olduğunu deyən ekspert vurğulayıb ki, qeyri-leqal günəmuzd işləyənlərin sayı isə 3 milyon nəfərdən bir az çoxdur: «Odur ki, ilk növbədə bunlara yardım edilməlidir. Əks halda, bunun fəsadları həddən artıq böyük olacaq. İnsanların böyük hissəsi rəsmi şəkildə iş yerləri olmadıqlarına, rəsmi müqavilə ilə işləmədiklərinə görə sosial müdafiə tədbirlərindən kənarda qalacaq. Bu isə istənilən halda yolverilməzdir».

İqtisadçının sözlərinə görə, hökumət ilk növbədə hansı əhali kateqoriyasının ağır sosial iqtisadi zərbə aldığını müəyyən etməlidir. N.Əliyev hesab edir ki, həmin günəmuzd işləyənlərin vəziyyəti təsəvvürə gəlməz dərəcədə ağırdır və ilk növbədə hökumət kompensasiyaların təyinatını düzgün müəyyən etməlidir:

«Düz-əməlli statistikanın yoxluğu...»

«Açığı, buna ümidim yoxdur. Hökumətin bu məqsədlə cızdığı çevrədə real sosial müdafiədən məhrum olan insanlar müəyyən edilməyib, müəyyən edəcəyinə də ümidim yoxdur. Hökumətin sosial yardım təyinatını düzgün müəyyən edə bilməməsinin səbəbi isə düz-əməlli statistikanın yoxluğudur».

'Almaniyada adamların evdə oturmasının səbəbi budur ki...'
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Azərbaycanda 3 milyondan çox şəxsin qeyri-leqal fəaliyyət göstərməsinə bəzi ekspertlər inanmır. Bir sıra ekspertlər düşünürlər ki, həmin kəsimin bir qismi çörəkpulu ardınca gedərək ölkəni tərk edib.

«Hər ailəyə yardım»

N.Əliyev daha sonra da vurğulayıb ki, indi hökumət sosial yardmı ailə hesabı ilə edə bilər: «İndiki halda ən düzgünü bu olardı. Ölkədə orta statistik ailə 5 nəfər götürülsə, ailə sayı 2.5 milyon edir. Buradan da bütün ailələrə sosial yardım etmək olar və bu, asan hesablana bilən variantdır. Odur ki, bu yardım ailə başına, büdcə vəsaitləri hesabına edilməlidir. Burada söhbət illik yox, bir neçə aylıq yardımdan gedir».

İqtisadçı vurğulayıb ki, ABŞ-da sosial yardım «hər uşağa, hər böyüyə» prinsipi ilə tətbiq edilir. Onun deməsinə görə, Almaniya isə «hər ailəyə» hədəflənən sosial yardım paketi nəzərdə tutulub.

«Konkret yaşayış evləri üzrə...»

Bu təklifə hökumət rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər ölkədə kölgə iqtisadiyyatının mövcudluğunu etiraf etsələr də, bir qayda olaraq, işsizlərin əhalinin 5 faizi civarında olduğunu iddia edirlər.

F.Mustafa
F.Mustafa

Deputat Fazil Mustafa hesab edir ki, bu məsələnin səmərəli həlli yolu daha çox yerli rayon səviyyəsində konkret yaşayış evləri üzrə məskunlaşmanın dəqiqləşdirilməsindədir: «Buna görə də, hər hansı müavinət həmin kateqoriya şəxslərin faktiki yaşadığı yer dəqiqləşdirilməklə göndərilməli və müavinətlə təmin olunmalıdırlar».

F.Mustafa deyib ki, əks halda, bunu konkret iş yerlərinə görə etmək imkanı yoxdur: «Çünki, dediyim kimi, heç biri qeydiyyatda deyil, vergi ödəyicisi deyil. Odur ki, «faktiki yaşayış yeri» prinsipi ilə yanaşmalıyıq».

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 35 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Rəsmi açıqlamaya görə, ümumilikdə, indiyə kimi Azərbaycanda 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən də Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 29-dan xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərməyə başlayıb. Bugün, martın 31-dən isə qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

XS
SM
MD
LG