Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:33

'Evdə yeməyimiz yox idi, ona görə böyrəyimi satdım...'


Böyrək köçürülməsi
Böyrək köçürülməsi

«Mən Salyanda internatda qalırdım. Amma oranın direktorunun qorxunc hərəkətlərini görəndən sonra oradan çıxdım. Vəziyyətim çox ağır idi...», – böyrəyinin birini satmış Rüstəm Ramazanov məhkəmədə danışır.

O, böyrək alverində suçlanaraq hakim önünə çıxarılan Vahib Xudadatovun işində zərərçəkəndir.

Aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən R.Ramazanov deyir ki, 2017-ci ilin axırlarında maddi durumu çox ağır idi. Qardaşı da həmin vaxt həbsdə olub: «Evdə yeməyə çörəyimiz də yox idi. Ona görə böyrəyimi satmaq qərarına gəldim. İnternetdə bu barədə elan yerləşdirdim. Neçəyə qoyduğum yadımda deyil».

Bir müddət sonra V.Xudadatov onunla əlaqə saxlayıb. Onlar Bakıda görüşüblər, böyrəyin 12 min manata satılmasına razılaşıblar. Zərərçəkənin sözlərinə görə, birinci görüş günü V.Xudadatov onların evində yeməyə çörək olmadığını biləndə 100 manat verib ki, bazarlıq etsin: «Getdim dərhal kartof-soğan aldım...».

«Bank əməkdaşları tez-tez narahat edirdi»

R.Ramazanovun böyrəyi Fərhad Süleymanova köçürülüb. Bu cinayət işində bəhs olunan digər böyrək köçürmələrində olduğu kimi, bu halda da onlar öncə İrana aparılıb, orada «Xomeyni xəstəxanası»nda müayinədən keçirilib. İranlı həkim Mohsen Tahiri köçürmənin mümkünlüyünə rəy verəndən sonra Tacikistanın paytaxtı Düşənbədə Transplantasiya Mərkəzində əməliyyat həyata keçirilib: «Qayıdandan sonra Sahib müəllim pulumu verdi. Şikayət və tələbim yoxdur».

Dindirilən Səid Ağayev zərərçəkən kimi tanınsa da, böyrəyini satmayıb. Bütün müayinələrdən keçib, əməliyyat üçün Tbilisiyə gedəndə hava limanında fikrini dəyişib: «Qorxdum, məni aeroporta aparan dostumdan xahiş elədim ki, geri qaytarsın».

S.Ağayev ifadəsində bildirib ki, banka 3 min manat borcu vardı, ona görə böyrəyini satmaq qərarına gəlmişdi: «Bank əməkdaşları tez-tez narahat edirdi. Krediti qaytarmaq üçün daim pul axtarırdım. Həmin ərəfədə əmim oğlu Elmanla görüşdüm. Dedi ki, böyrəyini Sahib adlı şəxs vasitəsilə satıb. Bir müddət sonra Bakıda Elmanla görüşəndə dedim ki, böyrək istəyən olsa, mənə xəbər eləsin».

S.Ağayevin böyrəyi Pirəli Rəhimova köçürülməliydi. Son məqamda o, imtina etdiyinə görə yeni donor axtarılıb. Şakir Nağıyev öz böyrəyini V.Xudadatov vasitəsilə ona satıb: «Fəhlə idim, sonra qəzaya düşdüm. Kirayə pulunu da verə bilmirdim. Ona görə rayona geri qayıtdım. Maddi durumuma görə öz istəyimlə satmışam. Şikayət və tələbim də yoxdur».

Böyrək alveri ilə bağlı məhkəmə araşdırmaları aprelin 26-da davam edəcək.

Xatırlatma

V.Xudadatov 2017-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində 27 zərərçəkmiş var. Bütün orqan köçürmələrində donorun pulu, İrana və daha sonra Gürcüstana (yaxud da Düşənbəyə) yol, otel xərclərinin hamısını resipiyent qarşılayıb. Hər iki tərəf – həm böyrəyini satan, həm də alan vasitəçiliyə görə V.Xudadatova da ayrıca pul verib.

Hər əməliyyata görə Mohsen Tahiriyə 10 min, transplantasiyanın həyata keçirildiyi xəstəxanaya isə 8 min dollar pul ödənildiyi bildirilir.

Bu böyrək köçürmələri ilə əlaqədar «Lancet»in azərbaycanlı rəhbəri Fərman CeyranlıMohsen Tahiri haqqında cinayət işi ayrılıb. F.Ceyranlı hazırda Gürcüstanda həbsdədir. Dekabrın 20-də onun 6 illik həbs cəzası 2 il 3 ayadək azaldılıb. Məhkəmə Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci maddələri (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) ilə irəli sürülən ittihamları daha yüngül əməlləri nəzərdə tutan maddələrlə dəyişib. F.Ceyranlı isə bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.

XS
SM
MD
LG