Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:46

Fəxrəddin Mehdiyevin Vəkillər Kollegiyasına qarşı iddiası qəbul olunmadı


F.Mehdiyev
F.Mehdiyev

Aprelin 27-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinin dayandırılmasıyla əlaqədar Vəkillər Kollegiyasına qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Cavabdeh Vəkillər Kollegiyasından məhkəməyə kimsə gəlməmişdi. Buna baxmayaraq, hakim Miminat Hacıbəyova məhkəməni keçirib. İddianın icraata qəbul edilib-edilməməsi məsələsi müzakirəyə çıxarılıb.

F.Mehdiyev bildirib ki, Ali Məhkəmənin mülki kollegiyasının qərarında Vəkillər Kollegiyası publik hüquqi şəxs elan olunub və bu qurumun qərarlarının inzibati icraat qaydasında mübahisələndirilməsi nəzərdə tutulub: «Vəkillər Kollegiyasının özü də vəkillərin vəkillik fəaliyyətinə xitam verilməsiylə bağlı iddiaları da inzibati-inzibati məhkəmələrə göndərir. Bu isə o deməkdir ki, mənim Vəkillər Kollegiyasına qarşı iddiama da bu məhkəmədə baxılmalıdır».

***Buna da bax-Avropa Məhkəməsi hüquqşünaslarla bağlı qərarını açıqladı

Lakin hakim qısa müşavirədən sonra iddianın mümkünsüz hesab edilməsi barədə qərardadı elan edib. Bildirib ki, bu cür işlərə ümumi rayon məhkəmələrində baxılmalıdır.

F.Mehdiyev AzadlıqRadiosuna bildirib ki, qərardaddan apellyasiya şikayəti verəcək.

Xatırlatma

F.Mehdiyevin vəkillik fəaliyyəti bu il yanvarın 22-də dayandırılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, F.Mehdiyevin vəkillik fəaliyyətinə bir illik xitam verilib.

F.Mehdiyev haqqında qərar verilən toplantıda onun özü iştirak etməyib.

F.Mehdiyev hüquqlarını müdafiə etdiyi, Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin açıqlamasını mətbuatda yaydığına görə Baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında cəzalandırılıb.

***Buna da bax-Cəzalandırılan vəkil Ə.Mustafayev: 'Bir statusumu tapıb çıxarıblar ortaya...'

F.Mehdiyev isə qanunsuz və əsassız cəzalandırıldığını deyir: «Məni Cahangir Hacıyevin açıqlamasını mətbuata verməkdə ittiham edirlər. Halbuki, bu əməldə heç bir qanunsuzluq yoxdur. Hüquqlarımı müdafiə etdiyim şəxsin ünvanına ittihamlar, təhqiramiz ifadələr səsləndirilib, onun da cavab vermək, özünü müdafiə etmək haqqı var. Qanunun imkan verdiyi üsullardan istifadə edərək, onu müdafiə etmək vəkil kimi mənim borcumdur».

F.Mehdiyev C.Hacıyevlə yanaşı, həm də bir sıra ictimai-siyasi fəalların, o cümlədən «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və həmin partiyanın sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun da vəkilidir.

XS
SM
MD
LG