Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:27

Uşaqlarınızın şəkillərini Facebook-da paylaşmazdan əvvəl nəyi düşünməlisiniz?


Britaniyada Uşaqlara Qarşı Qəddarlıqla Mübarizə Milli Cəmiyyəti (National Society for the Prevention of Cruelty to Children – NSPCC) adlı xeyriyyə təşkilatı valideynlərə öz uşaqlarının fotolarını sosial mediada yaymamağa çağırıb.

The Independent” qəzetinin yazdığına görə statistika göstərir ki, hər beş valideyndən biri ay ərzində öz uşaqlarının şəklini ən azı bir dəfə sosial media səhifəsinə yerləşdirir.

Cəmiyyətin sözçüsü bildirir ki, uşaqların kimliyinin erkən yaşlarından bu cür açıqlanması onlar üçün real təhlükə yarada bilər.

Sözçü BBC-yə deyib ki, valideynlər öz uşaqlarının şəkillərini Facebook-a qoymazdan əvvəl düşünməlidirlər: “Uşaqlar böyüyəndə bundan nə dərəcədə məmnun olacaqlar? Əgər bu sualın cavabını dəqiq bilmirsinizsə, fotoları internetdə yaymayın.”

YouGov ictimai rəyi öyrənmə agentliyinin 1000 nəfər arasında apardığı sorğudan bəlli olub ki, respondentlərin yarıdan çoxu övladlarının şəkillərini sosial mediada paylaşmamağa üstünlük verir.

Rəyi soruşulanların 87 faizi bildirib ki, uşaqların şəxsi həyatı məxfi saxlanmalıdır. Daha 38 faiz bu qənaətdə olub ki, onların uşaqları öz fotolarını valideynlərin sosial media səhifələrində görmək istəməzdilər.

Mumsnet internet portalının yaradıcısı Justine Roberts The Telegraph qəzetinə deyib ki, o öz uşaqlarının fotolarını paylaşmaqdan çəkinir.

"Mənim Facebook hesabım yoxdur. Amma dəqiq bilirəm ki, bütün təhlükəsizlik rejimlərinə baxmayaraq Facebook sizin foto materiallar üzərində tam nəzarətinizi təmin etmir” – deyib Roberts.

Ekspertin fikrincə, uşağın neytral bir şəklini paylaşmaqda qəbahət yoxdur, amma eyni sözləri uşağın vanna otağında çimizdirilərkən çəkilmiş şəkli barədə demək olmaz.

Statistikaya görə övladlarının şəkillərini sosial mediada paylaşanların 80 faizi bu fotoların məhdud dostlar çərçivəsində görünməsini istəyir.

Buna baxmayaraq valideynlərin 52 faizi bu fikirdədir ki, onların uşaqları sosial mediada foto və videolarının paylaşılmasından daha böyük yaşlarında yalnız məmnun qalacaqlar.

Valideynlərin yalnız 15 faizi “uşaq böyüyəndə nə deyər” sualından narahatlıq ifadə edib.

Cəmiyyətin hazırladığı hesabatda deyilir ki, respondentlər Facebook-da paylaşmaq üçün hər bir selfinin orta hesabla 6 variantını çəkdiklərini etiraf ediblər.

Respondentlərin tam yarısı bu fotoları filtrdən keçirdiklərini və fotoşop etdiklərini boynuna alıb.

Bu da deyilir ki, adamların 74 faizi öz fotolarını sosial mediaya postlamazdan əvvəl şəklin üzərində “yaxşıca işləyir”.

XS
SM
MD
LG