Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:21

Facebook-u uşaqlar üçün Instagram yaratmamağa çağırdılar


Facebook və Instagram 2020-ci ildə uşaqlara seksual hücumla bağlı 20 milyon şəklin paylaşıldığını bildirib
Facebook və Instagram 2020-ci ildə uşaqlara seksual hücumla bağlı 20 milyon şəklin paylaşıldığını bildirib

ABŞ-ın 44 ştat və ərazisinin baş prokuroru Facebook-u yaşı 13-dən aşağı olan uşaqlar üçün Instagram xidməti yaratmaq planlarından imtina etməyə çağırıb. Prokurorlar səbəb kimi sosial medianın uşaqların sağlamlığına ciddi təsirini və Facebook-un daha əvvəl öz platformasında uşaqların qorunması ilə bağlı buraxdığı səhvləri göstəriblər.

Ötən həftə yayılmış məktubda sosial medianın uşaqlara təsirindən narahatlıq ifadə etmiş federal millət vəkillərinə də müraciət olunub. Bu ilin martında Konqresin Nümayəndələr Palatasında Facebook-un baş icraçı direktoru Mark Zukerberq, Google-un rəhbəri Sundar Piçai və “Twitter-in baş icraçı direktoru Cek Dorsinin iştirakı ilə dinləmə keçirilib.

Konqresmenlər bildiriblər ki, uşaqların onlayn məkanda müdafiəsi qanunvericilikdə nəzərə alınmalı olan əsas prinsip olmalıdır.

20 milyon şəkil

"BuzzFeed News" saytı martda əldə etdiyi daxili sənədlərə istinadən Facebook-un uşaqlar üçün Instagram xidməti yaratmaq planları haqda xəbər yaymışdı.

CNBC yazır ki, uşaqların onlayn məkanda mühafizəsi demokratlarla respublikaçıların bir-biri ilə razılaşdığı nadir motivatorlardan biridir. Bu isə uşaqlar üçün onlayn xidmət yaradan şirkətlərin üzərində əlavə təzyiq deməkdir.

Prokurorların məktubunda deyilir ki, uşaqlar "Instagram hesabına malik olmağın ortaya qoyduğu bir sıra məsələlərin öhdəsindən gəlməyə hazır deyillər". Bu məsələlərə onlayn məxfilik, internet postlarının daimiliyi, nəyin baxmaq və paylaşmaq üçün uyğun olub-olmamasını anlamaq da daxildir. Onlar əlavə ediblər ki, Facebook və Instagram 2020-ci ildə uşaqlara seksual hücumla bağlı 20 milyon şəklin paylaşıldığını bildirib.

Sızan informasiyalar

Rəsmilər Facebook-un uşaqlar üçün nəzərdə tutulmuş məhsullarla bağlı keçmişinə skeptik yanaşdıqlarını bildiriblər. Onlar deyiblər ki, Facebook məxfiliyə ciddi nəzarət etdiyini iddia etsə də, əslində platformada uşaqların təhlükəsizlik və şəxsi məlumatlarını qoruya bilməyib.

Prokurorlar 2019-cu ildə çıxmış xəbərlərə istinadən bildiriblər ki, 6-12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş "Messenger Kids" mobil əlavəsində ciddi dizayn səhvləri olub. Bu səhvlər nəticəsində uşaqlar onlayn ünsiyyətlə bağlı məhdudiyyətlərdən yan keçərək valideynlərinin icazəsi olmadan tanımadıqları insanlarla çatlara qoşula biliblər. Bu yaxınlarda isə Instagram-ın alqoritminin buraxdığı bir "səhv" nəticəsində qidalanma pozğunluqları olan pəhrizlə bağlı kontent sızıb. Məktubda bu xəbərə də istinad olunur.

"Belə görünür ki, Facebook ehtiyaca cavab verməkdənsə, başqa cür Instagram hesabı olmayan və olmayacaq uşaqlara xitab edərək olmayan yerdən ehtiyac yaratmağa çalışır. Qısası, uşaqlar üçün Instagram platforması bir çox səbəblərdən zərərlidir", –məktubda deyilir.

Facebook-un mövqeyi

Facebook-un sözçüsü bəyanatla çıxış edərək bildirib ki, şirkət uşaqlar üçün Instagram-ın bir versiyasını araşdırmağa başlayıb. O deyib ki, şirkət yaşı 13-dən aşağı olan insanlar üçün nəzərdə tutulmuş Instagram məhsullarının heç birində reklam göstərməməyə söz verir.

"Biz hazırladığımız hər hansı məhsulun onların təhlükəsizlik və məxfiliyini prioritet saymalı olduğu haqda deyilənlərlə razıyıq. Biz uşaq inkişafı, uşaqların təhlükəsizliyi və mental sağlamlığı sahəsində mütəxəssislərlə… məsləhətləşəcəyik. Biz həmçinin, milli qanunverici və nizamlayıcı qurumlarla, o cümlədən dövlətin baş prokurorları ilə işləməyə çox həvəsliyik", – Facebook sözçüsü deyib.

Bu müraciətin dərc edilməsindən sonra Facebook açıqlamaya dəyişiklik edərək bildirib ki, uşaqlar onsuz da internetdən istifadə edirlər: "Biz valideynlərə uşaqlarının nə etdiyini görmək və buna nəzarət etmək üçün imkanlar yaradaraq bu vəziyyəti yaxşılaşdırmaq istəyirik".

Facebook uşaqlar üçün xidmətlər yaradan ilk sosial media platforması deyil. Google-a məxsus YouTube-un da uşaq xidməti var. Ancaq istənilən internet xidmətində uşaqlar yaşları ilə bağlı yalan məlumat verərək əsas sayta daxil ola bilirlər.

XS
SM
MD
LG