Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:01

Fazil Mustafa: “Son həbslər referendumla bağlı deyil”


Fazil Mustafa
Fazil Mustafa

“1995-ci ildə OMON-çuların dövlət çevrilişi cəhdi arxasında bəzi Türkiyə rəsmiləri dururdu, ancaq o vaxtkı prezident Heydər Əliyev Türkiyədən tələb eləmədi ki, bu məmurları cəzalandırsın. Dövlət etikası var ortada”, millət vəkili Fazil Mustafa AzadlıqRadiosunun suallarını cavablandırarkən deyir.

Ölkədəki son həbslərlə, insan haqlarının vəziyyəti ilə bağlı danışan Milli Məclisin insan haqları üzrə komitəsinin üzvü Fazil Mustafa Azərbaycanda “Gülen təriqətinə” bağlı adamların, sadəcə, bu təriqəti dəstəklədiyinə görə təqib edilməsini insan haqlarına zidd sayır. O əlavə edir ki, bu şəxslər yalnız Türkiyədəki dövlət çevrilişində birbaşa və ya dolayısı ilə iştirakları təsdiqlənərsə, həbs edilə bilər. Azərbaycana gəlincə, Fazil Mustafanin son həbslərə münasibəti belə oldu:

– Hər halda indi kütləvi həbslər keçirilmir, bir neçə həbsdən söhbət gedir. Məncə, yaxın günlərdə də bu məsələlərlə bağlı aydınlaşma olacaq. Məsələn, Natiq Cəfərli (REAL hərəkatının icraçı katibi) ilə bağlı prokurorluq açıqladı ki, həbsinin səbəbi vergi ilə əlaqədardır. Ümid edirəm ki, bu, xüsusilə referendum qabağı kütləvi həbs dalğasına çevrilməz.

– Natiq Cəfərlinin həbs motivi “QHT işi”-dən götürülüb. Sizcə, bir sıra QHT fəalının azadlığa çıxmasından, bir çox QHT-nin hesabından həbsin götürülməsindən sonra “QHT işi” bağlanmış kimi görünürdümü?


– Natiq Cəfərlinin həbsi QHT işi ilə bağlı məsələ deyil. REAL-ın bu gün hakimiyyəti təhdid edəcək fəaliyyəti də yoxdur. Hər halda mən mətbuatda, sosial şəbəkələrdə REAL-ın bu fəaliyyətini görmürəm. Güman edirəm ki, Natiq Cəfərlinin həbsi daha çox fərdi hala oxşayır. Ola bilsin, hansısa fəaliyyətdə nöqsanlara yol verib. Təbii ki, başqa yol da seçilə bilərdi. Amma hakimiyyət fəal QHT-lərin vergi məsələsinə daha sərt yanaşır. Gərək QHT-lər də diqqətli olsunlar ki, hakimiyyətin əlinə belə bəhanə verməsinlər.

– Natiq Cəfərlinin və digərlərinin həbsi sentyabrın 26-da keçiriləcək Konstitusiya dəyişiklikləri ilə bağlı referenduma görədirmi? Çünki bu ictimai fəallar Konstitusiyaya dəyişikliklərə qarşı çıxırlar.

– Bu həbslərin referendumla bağlı olduğunu güman etmirəm. Hakimiyyətin yetərincə imkanı var ki, məsələni öz istədiyi şəkildə həll etsin.

– Belə fikirlər də səslənir ki, referendumdan sonra ölkədə yeni həbs dalğası başlayacaq. Buna zəmin görürsüzmü?

– Mümkün deyil, çünki bu, kütləvi həbslər silsiləsinə oxşamır.

– Daha çox nəyə oxşayır, Fazil bəy, bir az konkretləşdirsəydiniz...

– Bu, daha çox fərdi fəaliyyətdən doğan narahatlıq, ya da həqiqətən, vergi məsələlərində yaranan narazılıqla bağlı ola bilər. Söhbət Natiq Cəfərlidən gedir. Açığı, onun da hakimiyyətə qarşı sərt fəaliyyətini müşahidə eləməmişəm ki, deyim buna görədir. Ola bilsin, Qərbə bir mesaj olaraq bu addıma əl aparılıb. Qərbin müəyyən dərəcədə dəstəklədiyi hər hansı qüvvənin, az da olsa, hakimiyyətə meydan sulamasına imkan verilməyəcəyinin nümayişi də ola bilər. Bunun üçün də vergi məsələsindən yapışılması hüquqi cəhətdən həbs motivinə imkan yaradır.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

– Fazil bəy, məsələn, araşdırmaçı jurnalist Xədicə İsmayıl həbsinə səbəb olan bir neçə ittihamla bağlı bəraət aldı. O zaman istintaq bu ittihamları sübuta yetirdiyini iddia edirdi. İndi ortada belə bir təcrübənin olduğu bir halda Natiq Cəfərliyə və ya Elgiz Qəhrəmana (NİDA hərəkatının üzvü) verilən ittihamların da bir gün bəraət alacağı ehtimalı yoxdurmu? Üstəlik, onlar bu ittihamları rədd edirlər...

– Xədicə İsmayılın daha aktiv fəaliyyəti var idi. Araşdırmalar aparır, yazılar yazırdı. Ona görə onun həbsini fəaliyyəti ilə bağlamaq olardı. Ancaq Natiq Cəfərli, bildiyim qədər, iqtisadi təhlillər verirdi. Bu təhlilləri başqa iqtisadçılar da verirlər və onların hər hansı həbs təhlükəsi altında olduğunu düşünmürəm. Ola bilsin ki, Natiq Cəfərlinin hansısa xarici əlaqələri, bununla bağlı atdığı hansısa addım narahatlıq doğurub. Və hüquqi baxımdan irəli sürülə biləcək əsas tapıblar.

– Fazil bəy, ancaq həbs edilən təkcə Natiq Cəfərli deyil, “Nida”çı gənc də həbs olunub, REAL-çı gənclərə inzibati cəza verilib, sutkalıq həbs ediliblər. Bəzi ekspertlər hesab edirlər ki, bu, referendum qabağı cəmiyyətdə xof yaratmaq cəhdidir, yəni kimsə, ya hansısa fəallar Konstitusiyaya qarşı antitəbliğat aparmasın.

– Cəmiyyətdə Referendumla bağlı hansı sərt antitəbliğat aparılır, hansı siyasi qurum küçəyə çıxıb buna etiraz edir ki, hakimiyyət də sərt tədbirlərə əl atsın? Sadəcə, ola bilsin, sosial şəbəkələrdə hədələyici, təhqiredici, kəskin cağırışlı statuslar yazırlar ki, buna qarşı belə addım atılıb.

Bu da referendumla bağlı deyil. Hər zaman sosial şəbəkədə bu tip statuslar, şərhlər yazılanda bu cür də addımlar atılır. Xüsusilə, Türkiyədə baş verən hadisələrdən sonra Azərbaycan hakimiyyətinin də təhlükəsizlik baxımdan profilaktik tədbirlərə əl atması mümkündür. Çünki Qərbin ən yaxın müttəfiqi Türkiyədə dövlət çevrilişinə cəhdlər onu göstərdi ki, belə məsələlər Azərbaycanda da təkrarlana bilər və hakimiyyətin bu önləmək istəməsi məntiqi başadüşüləndir. Ancaq kimin konkret nəyə görə həbs edilməsini, hüquqi əsaslandırmadan sonra qiymətləndirmək mümkündür.

– Sizcə, bu həbslərdən sonra Azərbaycan Qərbdən, ABŞ-dan insan haqlarının pozulması kontekstində çox sərt təpkilərlə üzləşə bilərmi? Bir müddət öncə gərginləşən, qarşılıqlı ittihamlar şəklində davam edən münasibətlər sanki yenicə düzəlirdi, yeni əməkdaşlıq perspektivləri müzakirə olunurdu. İndi bu həbslər münasibətləri yenidən korlaya bilərmi? Çünki artıq yenidən Qərbdən, ABŞ-dan bu həbslərlə bağlı Azərbaycan hakimiyyətinə qarşı tənqidlər səslənir...

– Güman eləmirəm ki, sərt şəkildə korlansın. Onsuz da Qərbin Azərbaycana qarşı gərgin münasibəti qalır. Azərbaycan məsələlərə sadəlövh yanaşmır, olayları diqqətlə öyrənir. Görür ki, Qərbin yaxın müttəfiqi, NATO üzvü Türkiyədə, ABŞ-ın ən strateji müttəfiqlərindən biri olan dövlətə münasibətdə necə davranıldı? Hakimiyyət düşünür ki, Azərbaycan demokratiyada bir az irəli getsə, nəsə dəyişəkmi? Azərbaycan yönətimi də baxır ki, yox, heç nə dəyişməyəcək, ona görə də baxır ki, güvənli bir dövlət kimi onu ABŞ müdafiə edə bilməyəcək.

Bunun üçün də rasional yolu seçməyə məhkumdurlar. Ona görə də İran və Rusiya ilə tranzit layihədə bərabərhüquqlu tərəfdaş kimi tarixi müqavilə imzaladı. Təbii, Rusiyanın Azərbaycan üçün Qarabağ və bəzi məsələlərlə bağlı mənfi tərəfləri var. Ancaq Azərbaycan görür ki, ABŞ-la dostluqdan daha çox zərbə alır, nəinki Rusiya ilə dostluqdan. Belə bir vəziyyətdə Azərbaycan ABŞ-ın istədiyi formatda idarə olunmağa necə üstünlük verə bilər? Budur problemin əsas məğzi.

XS
SM
MD
LG