Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:35

FDA həssas qruplara buster dozaların vurulmasına icazə verdi


İsraildə buster dozalar vurulur
İsraildə buster dozalar vurulur

DST yoxsul ölkələrin vaksinasiyada zənginlərə çatmasından ötrü sonuncuları buster proqramlarına moratorium qoymağa səsləyib

ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) əhalinin xüsusi seqmentlərinə, eləcə də yaşı 65-dən yuxarı olanlara üçüncü dozaların vurulmasını təsdiqləyib.

FDA-nın sentyabrın 22-də Pfizer-BioNTech vaksininin üçüncü dozasından təcili istifadəyə icazə verməsi gözlənilən qərar idi.

Ancaq bu qərar yalnız yaşı 65-dən yuxarı olanlara, səhhətində xüsusi problemi olan daha gənclərə, eləcə də tibbi işçiləri, müəllimlər, ərzaq mağazaları işçiləri, evsizlər üçün sığınacaqlar və həbsxanalarda işləyənlərə aiddir.

Əngəllər

Buster dozaların vurulması yolunda digər əngəllər dayanır.

FDA-nın qərarından öncə ekspertlər qrupu COVID-19-u ağır keçirə biləcək xüsusi həssas qruplara buster dozaları tövsiyə edib.

Bayden administrasiyası isə delta ştammının yayıldığı bir məqamda immunitetin gücləndirilməsi üçün yetkin yaşlı amerikalıların hamısına üçüncü dozanı vurmağı planlaşdırır.

FDA-nın məlumatına görə, Pfizer-BioNTech vaksini vurdurmuş amerikalılar ikinci dozadan altı ay sonra üçüncü dozanı vurdura bilərlər. Bayden administrasiyası busterlərin səkkiz ay sonra vurulmasına təklif edib.

FDA-nın qərarı yalnız Pfizer-BioNTech vaksininə aiddir. Tənzimləyici orqanlar Moderna və Johnson & Johnson vaksini barədə daha sonra qərar verəcəklər. FDA buster dozaların ilkin vaksinlərdən fərqli olmamasını tövsiyə edib.

Müzakirələr davam edir

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) başqa bir müşavir qrupu da buster dozaları müzakirə edir. Qrup sentyabrın 23-də müzakirəni davam etdirəcək.

Sentyabrın 22-də təqdimatlarda COVID-19-a qarşı vaksinlərin xəstəliyin ağırlaşması, hospitalizasiya, ölümə qarşı yaxşı qoruma göstərdiyi vurğulanıb. Amma immunitet azaldıqca peyvənd olunmuş şəxslərdə də aşağı səviyyəli yoluxmalarım aşkarlandığı bildirilib.

İsrail buster dozaların vurulmasına bir neçə həftə öncə başlayıb. İsrail hökuməti yaşı 65 və yuxarı olanlarda busterlərin yaxşı qoruma yaratdığını bildirib. Amma əlavə dozaların səhhətində problemlər olan daha gənc əhaliyə faydasına dəlil azdır.

CDC-nin müşavirləri səhiyyə işçilərinin COVID-19-a yoluxmuş, peyvənd olunmayan şəxslərlə işləməsi üçün buster dozaların vacibliyi ilə razılaşır.

Busterlərə etiraz

Dünya Səhiyyə Təşkilatı (DST) və digər qlobal səhiyyə qurumları buster proqramlarına qarşı çıxır, zəngin ölkələri əlavə dozaları daha yoxsul ölkələrə göndərməyə çağırır.

DST yoxsul ölkələrin vaksinasiyada zənginlərə çatmasından ötrü sonuncuları buster proqramlarına moratorium qoymağa səsləyib.

Birləşmiş Ştatlar isə həm yoxsul ölkələrə vaksin ianə etməyi, həm də öz əhalisinin həssas təbəqəsinə buster dozalar vurmağı mümkün sayır.

Prezident Co Bayden sentyabrın 22-də elan edib ki, ABŞ 500 milyon Pfizer dozasını dünya üçün alacaq və bununla da ianə etdiyi dozaların sayını 1.1 milyarda çatdıracaq.

XS
SM
MD
LG