Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:40

Fəhlələr: "Məktəb tikmişik, pulumuzu verin"


İllüstrasiya
İllüstrasiya

►“Cibimizdən yolpulu, yeməkpulu xərcləmişik, ucqar kənddə məktəb tikmişik, min əziyyətlə gedib gəlmişik.”

"Fəhlələr mənim boğazımdan yapışıb. Deyirlər, “bizi işə sən cəlb eləmisən, indi də pulumuzu al, özümüzə ver”. Qalmışam fəhlələrin əlində…”

Vüqar İbrahimov deyir, ötən il Lerikin Boykəndil kənd məktəbinin tikintisində fəhlə kimi çalışıblar. Tikinti işləri başa çatsa da, gördükləri işin müqabilində onlara ödənilməli olan pulu ala bilmirlər. Azı 50 fəhlə pullarını almaq üçün Lerik rayon İcra Hakimiyyətinin yollarında qalıb. Ancaq eyni zamanda, onun da başı ağrıyır:

“İş ötən il olub. Üstündən 1 il keçir, hələ də get-gəldəyik. Hamımız fəhləlik eləmişik. İş elə dəqiqliklə tələb olunurdu ki… Ancaq pul verməyə gələndə, arxalarını çevirdilər”.

Buna da bax: Geniş özəlləşdirmə proqramı üzərində iş başladı

“GÖZLƏYİRLƏR, LAP KAĞIZA DÖNSÜN”

Fəhlənin deməsinə görə, alacaqları ümumi məbləğ 30 min manat civarındadır. Manatın gündən-günə zəifləməsi fəhlələri elə günbəgün də narahat edir:

“Onsuz da alacağımız qəpik-quruşa dönüb, gözləyirlər, lap kağıza dönsün, ondan sonra atsınlar üstümüzə… Bizə ödəməli olduqları müddətdən bu yana iki dəfə güclü devalvasiya baş verib. Alacağımız pul iki dəfə qüvvəsini itirib. Banklara krediti dollarla ödəyirik, gecikdirəndə məhkəməyə verirlər, dərimizi boğazımızdan çıxarırlar, ancaq hökumət özü işlətdiyi fəhləyə manatla olan borcunu ödəmir”.

Vüqar İbrahimov deyir, fəhlə tanışlarını işə o cəlb etdiyi üçün, indi pulunu ala bilməyən fəhlələr onun yaxın qohumlarının evinə gedir:

“Hər gün kənddə yaşayan atamgilin qapısına toplaşırlar, deyirlər, “pulumuzu al, ver”. Məktəbi bir tikinti şirkəti tikirdi, biz də həmin şirkətin tərkibində çalışmışıq. Gedirik həmin şirkətin rəhbərliyinə müraciət edirik, deyirlər, “bizlik deyil, pulunuzu icra hakimiyyəti verməlidir”. Gedirik icra hakimiyyətinə, heç qapıdan içəri keçə bilmirik”.

“MAAŞA ARXAYIN OLUB KREDİT GÖTÜRMÜŞƏM”

Məktəb tikintisində fəhləlik etmiş Anar Abbasov dolanışığının çətinliyindən danışır. Deyir, əvvəllər də ayrı-ayrı tikintilərdə çalışıb və aldanıb. Ancaq bu dəfə biləndə ki, iş məktəb tikintisi ilə əlaqəlidir, özü demişkən, hökumətə arxayın olub:

“Bank kreditlərim var. Özü də dollarladır. Maaşa arxayın olub kredit götürmüşəm, dollar bahalaşıb, kreditim iki dəfə çoxalıb, ancaq mən hələ 1 il əvvəl gördüyüm işin pulunu ala bilməmişəm. Ödəniş edə bilmədiyim üçün bank da məni məhkəməyə verib”.

Fəhlənin sözlərinə görə, tikinti vaxtı ucqar kəndə öz hesablarına gedib gəliblər:

“Cibimizdən yolpulu, yeməkpulu xərcləmişik, ucqar kənddə məktəb tikmişik, min əziyyətlə gedib gəlmişik. İndi bizim pulumuzu verməmək insafdandırmı?”

Buna da bax: Binədə maşınla palçığa batmaq- [Fotolar]

“ARAŞDIRILACAQ”

Lerik rayon icra hakimiyyətindən fəhlələrin şikayətləri ilə bağlı araşdırma aparacaqlarını bildiriblər. Elə suallarımıza da bir kəlmə ilə cavablandırıblar: “Araşdırılacaq”.

Fəhlələr tikintidə müqaviləsiz işlədiklərini deyirlər. Onlar tezliklə pulları ödənilməsə, dövlət qurumları qarşısında aksiyalara başlayacaqlarını söyləyirlər.

Hüquqşünas Vaqif Alıyev deyir, əgər fəhlələrin pulları ödənilməzsə, onlar məhkəməyə müraciət edə bilərlər. Əlbəttə ki, əgər ortalıqda işin görülməsinə dair tərəflər arasında müqavilə varsa…

XS
SM
MD
LG