Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:59

Fərhad Bədəlbəyli: 'Yox, mən ölməyəcəm'


Fərhad Bədəlbəyli
Fərhad Bədəlbəyli

«Sabitlik böyük uğurdur. Bəzi problemlər var, əlbəttə. Hansı ölkədə problem yoxdur? Mən istərdim varlılarla kasıbların arasında böyük məsafə olmasın. Bu məni narahat edir... Çox istərdim ki, iqtisadiyyatımız daha sürətə inkişaf etsin».

Bu günlərdə 70 yaşı tamamlanan, həmin münasibətlə «İstiqlal» ordeni ilə təltif edilən, yenə də yol üstündə olan bəstəkar, pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli AzadlıqRadiosuna ayaqüstü müsahibə verib.

– «İstiqlal» ordeni alacağınızı gözləyirdinizmi?

– Açığını deyim, gözləmirdim. Çünki məndə ancaq «Şərəf» vardı, «Şöhrət» yox idi. Adətən belə olur, iki orden olmalıdır ki, sonra «İstiqlal» alasan. Ona görə gözləmirdim. Bu üzdən cənab prezidentə də çox minnətdaram.

– «İstiqlal» ən ali ordendir, adı da, mənası da fərqlidir. İstiqlalı qazanmaq üçün Azərbaycan oğulları illərlə mübarizə aparıblar, zindanlardan keçiblər, ömürlərini qurban veriblər. Yəqin belə bir ordeni daşımaq da məsuliyyətdir.

– Burda bir məna da var. Atam danışardı ki, 1919-cu ildə İsmailiyyə binasının, indiki Milli Elmlər Akademiyasının binasının üstündə elektrik lampaları ilə bir şüar yazılmışdı: «Yaşasın İstiqlaliyyət!». Həmişə babam Bədəl bəy atamı məhz o küçədən apararmış, onda cəmi 9 yaşı varmış atamın. Bu xatirə həmişə atamın yadında idi və mənə həmişə danışardı: «Orda bir şüar vardı: «Yaşasın İstiqlaliyyət». Hamı oradan keçəndə yuxarı, o şüara baxardı ki, bax, biz nəhayət azadlıq, istiqlaliyyət qazanmışıq». Sonra o küçə «Kommunist» adlanırdı. Mənim dostum, rəhmətlik Sənan Əlizadə Bakının meri olanda mən ondan çox xahiş etdim, dedim ona: «Sənan, orda vaxtilə belə bir şüar asılmışdı, sən mənim canım, o küçənin adını İstiqlaliyyət qoyun». Və qoydular. O küçənin adının dəyişdirilməsi bax, belə oldu.

– Yeri gəlmişkən, gələn il Demokratik Cümhuriyyətin qurulmasının yüzilliyidir. Siz bəstəkar, musiqiçi kimi bununla bağlı nəsə planlaşdırırsınızmı?

– Biz bu yubileyi qeyd edəcəyik. İstərdim ki, bu yüzillik nəinki Azərbaycanda, bütün Avropada qeyd olunsun. Olunmalıdır da. Onlar bilməlidir ki, 100 il qabaq bizdə Cümhuriyyət vardı. Bu, çox vacibdir. Biz bununla bağlı aktiv təbliğat aparacağıq. Mənim belə bir əsərim var: «Azərbaycan» oratoriyası. Sözlərini Fikrət Qoca yazıb. 20 il qabaq, 1997-ci ildə Cümhuriyyətin 80 illiyi ilə əlaqədar yazmışam. Xor və simfonik orkestr üçün. Yüzillikdə nə bilim, vallah... Çalışaram. Kim bilir, bəlkə bir şey çıxar (gülür).

– Məmməd Əmin Rəsulzadənin belə bir şüarı vardı: «İnsanlara hürriyyət, millətlərə istiqlal». Sizcə, bugünkü Azərbaycan və onun vətəndaşı nə qədər hürrdür, azaddır?

– Hər insan daxilən azad olmalıdır. Əgər insan özünü azad hiss edirsə, deməli, proses normal gedir. Yox, əgər insan özünü qul kimi aparırsa, onda cəmiyyət də çürükdür.

– Günah cəmiyyətdədir, yoxsa bu azadlıqları təmin etməli hakimiyyətdə?

– Hamıda. Hökumətdə də, cəmiyyətdə də, millətdə də...

– Siz əslən qarabağlısınız, Şuşadansınız. Qarabağ icmasının da üzvü kimi danışıqlarda iştirak edirsiniz. Şuşalılar, qarabağlılar üçün daha bir il Qarabağdan uzaqda keçir. O torpaqlara qayıtmaq ümidiniz qalırmı?

– Mən sülhpərəst insanam. İstəmirəm ki, müharibə olsun. Amma son vaxtlar hadisələr elə inkişaf edir ki, deyəsən, ancaq və ancaq bizim ordumuz öz sözünü deməli olacaq. Bu danışıqlar 25 ildə heç bir nəticə vermədi. Məncə, gec-tez ordu öz sözünü deyəcək.

– Bu ilin noyabrında Almaniyada xərçəngdən vəfat edən diktor Rafiq Hüseynov da şuşalı idi və deyəsən, dost idiniz.

– Hə, yaxın dost idik.

– Onun da ən böyük arzularından biri Şuşanı görmək idi...

– (Sualı yarıda kəsir) Yox, mən ölməyəcəm. Və... ümidvaram ki, Şuşada Cıdır düzündə konsert təşkil edəcəm... Məndə inam güclüdür. İnam olmasa, pessimist olsaq, onda mübarizə məsələsi zəifləyəcək. Yox, biz optimist olmalıyıq və vuruşmalıyıq. Müharibə hər gün gedir, konsert salonlarında, qəzetlərdə, telekanallarda, Facebook-da hər gün müharibə gedir. Biz həmişə formada olmalıyıq, düşmənə qüvvəmizi göstərməliyik. Ayrı yol yoxdur.

– Şuşa yenidən Azərbaycanın olarsa, orda yerinə yetirmək istədiyiniz bir arzunuz varmı?

– Arzum Şuşada məktəb tikməkdir. Üzeyir bəyin adına bir məktəb tikmək. Onun sponsorları da var, mənə söz veriblər. Mən ona görə çox inanıram... Bilirsiniz, Şuşa erməni şəhəri deyil. Stepanakertdə (Xankəndi) heç olmasa, ermənilər yaşayırdılar, mağaza adları, reklamlar erməni dilindəydi. Amma Şuşa təmiz azərbaycanlı şəhəridir. Həmişə Qarabağın bir parçası olub. Necə ki Malıbəyli, Xocalı... Necə ki bütün kəndlər, şəhərlər. Mən Poladla (Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu – A.R.) Şuşada olanda hiss etdim ki, ermənilər də özlərini orda rahat hiss etmirlər. Onlar da başa düşürlər ki, gec-tez oradan çıxmaq lazımdır. O, erməni mühiti deyil. Sırf Azərbaycan mədəniyyəti ilə bağlı mühitdir. Ona görə inanıram ki, gec-tez Şuşa bizim olacaq. Mütləq.

– Sizinlə ilsonunda danışırıq. Ömrünü başa vuran bu il Azərbaycan üçün nələrlə yadda qaldı, Sizcə?

– Dünyaya baxanda, Yaxın Şərqdə, Avropada nə baş verdiyini görəndə... Sabitlik böyük bir uğurdur. Bəzi problemlər var, əlbəttə. Hansı ölkədə problem yoxdur? Mən istərdim varlılarla kasıbların arasında böyük məsafə olmasın. Bu məni narahat edir... Çox istərdim ki, iqtisadiyyatımız daha sürətə inkişaf etsin. Amma yeni zavodlar da tikilir. Mən tez-tez rayonlara gedirəm. Qəbələ nə qədər dəyişib. Vaxtilə o rayonlarda heç bir şey olmayıb. Amma indi maşallah gözəl binalar, gözəl yollar, xeyirli işlər görülür. Hələ qabaqda min dənə xeyirli işlər var. Amma belə hesab edirəm ki, bu sabitlik daha böyük bir uğurdur. İndiki zamanda şimaldan bir qonşu, cənubdan bir qonşu, qərbdən bir qonşu... Bu, üç qonşunun arasında Azərbaycan inkişaf edir, bu, böyük nailiyyətdir.

– Şəhərlərin, yolların gözəlləşməsindən danışdınız, bəs Azərbaycan insanı, vətəndaşının durumu necə görünür? Dolana, yaşaya bilirmi? Avropalaşa bilirmi?

– Vallah, mən nə deyim. Mən baxıram maşınlar, dükanlar... Əlbəttə, kimsə yaxşı yaşayır, kimsə... Bir də mən Statistika Komitəsi deyiləm, axı. Bu, sizin işinizdir, öyrənmək və təhlil etmək. Əlbəttə, kimsə pis yaşayır, kimsə də yaxşı. Bu normaldır. Yenə deyirəm, varlılarla kasıblar arasında fərq az olsa yaxşıdır. Balans mütləq olmalıdır. Cəmiyyətdə balans yoxdursa, bu təhlükəlidir.

– Fərhad müəllim, bir qədər də sənət haqda. 70-i haqladınız. Bu yaşda insan daha çox yaradıcılığa meyllənir, ya ömür boyu qazandıqlarını, təcrübəsini, biliyini gələcək nəsillərə ötürməyə? Hansı üstündür?

– Məndə o da var, bu da. Çalışıram özüm də çalım, yaradıcılıqla məşğul olum, formada olum. Bu, çətin sənətdir də. Futbol kimi, balet kimi, hər gün iki-üç saat çalmaq lazımdır. Amma o biri tərəfdən xoşbəxtəm ki, məzunlarımın arasında Murad Adıgözəlzadə, Murad Hüseynov, Əzizə Mustafazadə, İsfar Sarabski kimi pianoçular var. Deməli, bu məktəb davam edir. Bu yol mütləq davam etdirilməlidir. Hamımız gedəcəyik. Bizdən sonra bir məktəb qalmalıdır. O məktəb var və ümidvaram ki, həmişə də olacaq.

– Elə bir əsər varmı ki, 70 yaşınızda belə onu çalmağa tərəddüd edirsiniz, bir az da təkmilləşdirmək haqda düşünürsünüz?

– Belə əsərlər var... Bir az vaxt olmadı, bir az tənbəllik etdim. Bir az da 1990-cı illərin o ab-havası imkan vermədi ki, biz ciddi sənətlə məşğul olaq. Siyasi problemlər vardı, inqilab edirdik. Amma belə əsərlər var, Bramsın, Raxmaninin əsərləridir. Buna görə çox heyfslənirəm. 70 yaşında onları çalmağı öyrənmək bir qədər çətindir. Amma hərdənbir çalışırıq. Bəlkə də nəhayət, bir gün mən onları öyrənib çalacam.

– Yəni çalmağı planlaşdırırsınız?

– Bəli.

XS
SM
MD
LG