Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:35

DTX-da dindirilən milyarder jurnalisti niyə həbs etdirmək istəyir


Fərhad Əhmədov
Fərhad Əhmədov

Rusiya vətəndaşı olan azərbaycanlı milyarder, bugünlərdə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağrılaraq dindirilən Fərhad Əhmədov bir jurnalistin həbs olunması tələbiylə məhkəməyə üz tutub. Səbəb isə onun haqqında hazırlanan reportajdır.

Əhmədov “Şimal region” internet televiziyasında yayımlanan reportaja görə məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. O, kanalın rəhbəri Elçin İsmayıllının CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinib, həbs olunmasını tələb edir.

Sözügedən materialda İsmayıllıda Aşıq Bayram gölü ətrafında iki hektar torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin icarədarı Ramal Vəliyevin milyarderə qarşı şikayətindən bəhs olunur. O, iddia edir ki, ərazinin satışıyla bağlı aralarında 2022-ci ilin aprelində ilkin müqavilə imzalanıb. Onun sözlərinə görə, sonradan Əhmədov öhdəliklərinə əməl etməyib, nəticədə o, ciddi ziyana düşüb.

Vəliyevin sənədlərinin qaydasında olmadığını deyir

Əhmədov ilkin müqavilə imzalandığını təsdiqləsə də, iddia edir ki, Vəliyevin sənədləri qaydasında olmayıb. Yəni, əksinə, onun özü öhdəliyə əməl etməyib. Kanal da bu məsələləri araşdırmadan onu ittiham edib, işgüzar nüfuzuna zərbə vurub, milyarder bildirir.

Əhmədov şikayətini jurnalistin yaşadığı yer üzrə İsmayıllı rayon Məhkəməsinə təqdim edib.

Elə həmin ərəfədə işadamının evində və obyektlərində DTX əməkdaşlarının axtarışlar aparması haqda xəbərlər yayıldı. Noyabrın 23-də isə Əhmədovun özünün DTX tərəfindən saxlandığı iddia olundu. Sonradan onun köməkçisi Ruhəngiz Seyidovamanshet.az”a açıqlamasında işadamının DTX-ya aparılması və orada dindirilməsini təsdiqləsə də, onun saxlanması, ölkədən çıxışına qadağa qoyulması haqda deyilənləri təkzib etdi. O bildirdi ki, Əhmədov mərhum polkovnik Babək Səmidliyə aid olduğu deyilən səs yazısıyla əlaqədar DTX-da dindirilib. Həmin səs yazısında ordudakı korrupsiya hallarından bəhs olunur.

Jurnalistə qarşı məhkəmə iclasına Əhmədov özü gəlməyib, onu vəkili Adil Dadaşov təmsil edib. Vəkil iddianı müdafiə edərək, şikayətin icraata götürülməsini və Elçin İsmayıllının həbsini istəyib.

Milyarderin onu aldatdığını deyir

İsmayıllı isə əksinə, deyib ki, sahibkar Vəliyevin və sənədlərin əsasında sözügedən materialı hazırlayıb. Şikayət əsassızdır, məhkəmə ümumiyyətlə, onu icraata götürüb baxmamalıdır.

Məhkəmədə Ramal Vəliyev də iştirak edib, məhkəmə onu dindirib. O təsdiqləyib ki, deyilənləri internet televiziyasına özü danışıb, bu gün də milyarderdən şikayətçidir, çünki onu aldadıb, ziyana salıb.

Hakim İlqar Hüseynov noyabrın 28-də bütün tərəfləri dinləyəndən sonra milyarderin şikayətini icraata götürməkdən imtina edib.

Fərhad Əhmədovun bu qərardan şikayət verib-verməyəcəyi bəlli deyil.

Xatırlatma

Əhmədovun Azərbaycanda bir neçə müəssisəsi, o cümlədən Göyçay rayonunda nar şirəsi istehsal edən zavodu var.

O, Rusiyanın Ukraynaya qarşı müharibəsindən dolayı ABŞ hökumətinin və Avropa İttifaqının sanksiyalarına məruz qalıb.

Sanksiyaların elanından sonra bu ilin mayında milyarderin qiyməti 400 milyon avro dəyərləndirilən super yaxtası Almaniyanın Hamburq limanında saxlanılıb.

"Forbes" jurnalı Əhmədovun sərvətini 1.7 milyard dollar həcmində dəyərləndirib.

XS
SM
MD
LG