Keçid linkləri

2024, 03 İyul, çərşənbə, Bakı vaxtı 23:59

Azərbaycan xəbərləri

İqtisadçı Fərid Mehralızadə azadlığa buraxılmadı

Fərid Mehralızadə
Fərid Mehralızadə

İqtisadçı Fərid Mehralızadə bərəsində Xətai rayon Məhkəməsinin həbs qərarından verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, iyunun 6-da Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb: "Məhkəmədə biz həbsin qanunsuz olduğu barədə öz dəlillərimizi təqdim etdik. Fərid özü də çıxışında bu dəlilləri müdafiə etdi və bildirdi ki, onun həbsi üçün heç bir əsas yoxdur. O, AbzasMedia nəşri ilə heç bir əməkdaşlığı olmadığını bildirdi. Təəssüf ki, məhkəmə tərəfindən bunlar nəzərə alınmadı".

C.Cavadov vurğulayıb ki, F.Mehralızadənin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur.

5 iyun

Vaşinqtondan reaksiya

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan hökumətinə "haqsız olaraq tutulan bütün şəxsləri dərhal azad etmək" barədə çağırışını təkrarlayıb.

"İfadə azadlığı da daxil olmaqla, öz əsas azadlıqlarından istifadə edənlər buna görə həbs olunmamalıdırlar", - İyunun 5-də brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iqtisadçı Fərid Mehralızadənin həbsi ilə bağlı "Turan"ın sorğusuna cavabında bildirib.

"Biz Azərbaycan hökumətini haqsız saxlanılan bütün şəxsləri dərhal buraxmağa və hər kəs üçün insan hüquqlarına, əsas azadlıqlara hörmət etməyə çağırırıq", - o vurğulayıb.

Vaşinqtondan səslənən fikirlərə Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

1 iyun

İqtisadçı Fərid Mehralızadə həbs edilib

İyunun 1-də Xətai rayon Məhkəməsində iqtisadçı Fərid Mehralızadə barəsində 3 ay 20 gün müddətinə həbs- qətimkan tədbiri seçilib.

Bu barədə onun xanımı Nərgiz Muxtarova məlumat verib. Onun deməsinə görə, F.Mehralızadə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur: "İttiham "AbzasMedia işi" ilə bağlıdır. Fərid, təbii ki, ittihamı qəbul etmir".

N.Muxtarova F.Mehralızadə saxlanan gün, mayın 30-da evlərində axtarış aparılması ilə də bağlı məlumat verib: "Mənim telefonumu, Fəridin telefonunu və istifadə edilməyən daha bir neçə köhnə telefonu götürdülər".

Xanımının sözlərinə görə, F.Mehralızadə saxlanarkən onunla pis rəftar olunub, yolda başına torba keçirilib: "Fəridin "AbzasMedia" nəşri ilə əlaqəsi olmayıb. Həmin vaxt ifadəyə də çağırılmayıb. Çağırılsaydı, normal şəkildə gedərdi".

Bu açıqlamaya istintaqı aparan Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Son altı ayda Azərbaycanda aralarında ToplumTV, "AbzasMedia" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20 civarında jurnalist, ictimai fəal həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıqda ittiham edilirlər. Amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Bütün xəbərləri izləyin

Azərbaycan BRİCS-ə daxil olmaq istəyir

Azərbaycan BRİCS-ə daxil olmaq arzusunu ifadə edir, Çin BRİCS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Bu haqda iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısı çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında qəbul olunan birgə bəyannamədə deyilir.

BRİCS Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran, Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu qrupdur.

Sənəddə deyilir ki, Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, “istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir”.

Xəstəliyinə baxmayaraq Ələsgər Məmmədlinin həbs müddəti daha üç ay uzadıldı

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin səhhətindəki ciddi problemlərə baxmayaraq, məhkəmə istintaqın onun ilkin həbs müddətinin daha üç ay uzadılması haqqında təqdimatını və vəsatətini təmin edib.

Vəkili Aqil Layıc bildirib ki, Ə.Məmmədlinin səhhəti stabil-ağır olaraq qalır.

Onun qalxanabənzər vəzində şişlərlə əlaqədar yalnız boğazının sol tərəfindən biopsiya götürülüb. Ancaq böyük şiş sağ tərəfdə yerləşir.

Vəkil deyib ki, məhkəmə qərarına baxmayaraq, Ələsgər Məmmədlinin ailə həkimləri biopsiya proseduruna buraxılmayıb. Həkimlərinin təyin etdiyi komponentlər üzrə analiz də götürülməyib.

Vəkilin sözlərinə görə, bu, biopsiyanın və analizlərin yaxın günlərdə açıqlanacaq nəticələrinə etimadı sarsıdır.

Müdafiə tərəfi sağ tərəfdəki şişin biopsiyasının keçirilməsində də israr edəcək.

Bundan başqa, Ə.Məmmədlinin həbs müddətinin uzadılması haqqında məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

İyulun 3-də Ə.Məmmədlidən başqa “Toplum işi”üzrə daha üç nəfərin - Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayevin, İlkin Əmrahovun və Əli Zeynalovun həbs qətimkan tədbiri 3 ay uzadılıb.

Müdafiə tərəfi məhkəmənin qərarını əsassız sayır.

Xatırlatma

Ötən ilin noyabrından Azərbaycanda aralarında "ToplumTV", "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər deyirlər ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

İşgəncələrə qarşı Komitə Azərbaycanın onlarla əməkdaşlıq etmədiyini deyir

İşgəncə
İşgəncə

AŞPA sədri Azərbaycanı İşgəncələrə qarşı Komitə ilə əməkdaşlığı dərhal bərpa etməyə çağırır

Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulos (Theodoros Rousopoulos) Azərbaycan hakimiyyətini Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (CPT) ilə əməkdaşlığı dərhal bərpa etməyə və konstruktiv dialoqa çağırıb.

AŞPA-nın səhifəsində dərc olunmuş bəyanatda deyilir:

“Mən Azərbaycan hakimiyyətinin Avropa Şurasının İşgəncələrin, Qeyri-insani və ya Alçaldıcı Rəftar və Cəzalandırmaya qarşı Komitəsi ilə əməkdaşlıqdan imtina etməsindən və bu səbəbdən Komitənin planlaşdırılan səfərinin misli görünməmiş bir şəkildə ləğv olunmasından son dərəcə təəssüflənirəm”.

Rusopulos xatırladır ki, Avropa İnsan Haqları Konvensiyasının işgəncələri qadağan edən 3-cü Maddəsi demokratik cəmiyyətlərin ən təməl dəyərlərindən birini ehtiva edir.

AŞPA rəhbərinin sözlərinə görə bu dəyərə münasibət insan ləyaqətinə münasibəti əks etdirir.

“Mən Azərbaycan hakimiyyətini öz qərarına yenidən baxmağa və Komitə ilə əməkdaşlığı və konstruktiv dialoqu bərpa etməyə çağırıram. Bu, Avropa Şurası ilə bütünlükdə münasibətlərə kömək etməklə yanaşı, həm də Azərbaycan vətəndaşlarının təməl maraqlarına xidmət edərdi”.

Teodoros Rusopulos vurğulayır ki, AŞPA Azərbaycan parlamenti və hökuməti ilə dialoqun davam etdirilməsinə tam sadiq olaraq qalır.

***

Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (CPT) iyulun 3-də Azərbaycanla bağlı rəsmi bəyanat yayıb. Komitə Azərbaycan hakimiyyətinin onunla davamlı olaraq əməkdaşlıq etmədiyini bildirir.

"Rəsmi bəyanat verməklə bağlı belə bir müstəsna qərarın səbəbi Azərbaycanın CPT ilə əməkdaşlıqdan qəti imtinasıdır. Komitə öz mövcudiyyətinin əsasında duran məsələlərin həllindən ötrü Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoq üçün gerçək səylər göstərib. CPT səfərlərinə dair hesabatlarında polis əməkdaşlarının yol verdiyi pis rəftar, hətta işgəncə hərəkətlərinə dair iddiaları detallı göstərib. Ancaq Azərbaycanın Daxili İşlər Nazirliyi bu təcrübəyə son qoymaqdan ötrü Komitənin çoxdan irəli sürdüyü tövsiyələri yerinə yetirmək yönündə heç bir addım atmır", - bəyanatda deyilir.

CPT prezidentinin məktubuna cavab verilmir...

Komitə onu da qeyd edir ki, prezidentinin Bakıya göndərdiyi məktublara cavab verilmir, CPT Bakıda yüksək səviyyələri danışıqlar keçirməklə dialoqu irəli aparmaq istəyir. "CPT-nin əldə etdiyi informasiya isə daha çox narahatlıq doğurur - Komitənin səfər edəcək nümayəndə heyəti üzvlərinin bütövlüyü və təhlükəsizliyinə hədə ehtimalı səslənib. Bu isə Konvensiyanın fundamental və misilsiz pozuntusu deməkdir", - bəyanatda vurğulanır.

CPT bildirir ki, saxlanan şəxslərə qarşı hüquq-mühafizə əməkdaşları tərəfindən pis rəftar, hətta işgəncəyə dair məsələlərin ciddiliyini nəzərə alaraq 2022-ci ildə Azərbaycana xüsusi səfərlə bağlı hesabatı da bəyanata əlavə kimi yayır.

İyulun 3-də yayılmış rəsmi bəyanatda komitə ümidini bildirir ki, əməkdaşlığın olmaması Azərbaycan hakimiyyəti ilə münasibətlərin birdəfəlik pozulmasına gətirməyəcək. CPT Azərbaycanın Avropa Şurasına üzv dövlət kimi imza atdığı fundamental dəyərlərin qorunması yolunda qətiyyətli addımlardan ötrü hakimiyyəti dəstəkləməyə hazır olduğunu bildirir.

Hərbçi: 'Bədənimi toka verib məni şikəst elədilər'
Gözlə

No media source currently available

0:00 0:05:49 0:00

Azərbaycan hakimiyyəti bu bəyanata, hələlik, reaksiya verməyib. Ancaq indiyədək hakimiyyət təmsilçiləri, DİN saxlananlarla pis rəftar, işgəncə iddialarını qəti təkzib ediblər.

Bu il AŞPA-da baş verənlər

Bu ilin yanvarında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səsvermə hüququ dondurulub. Buna Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Bakının təşkilatın prinsiplərini pozduğu, ölkədə insan hüquqlarının durumu, siyasi məhbusların sayının artması əsas gətirilib.

Bu qərar hələ verilməmişdən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib. Nümayəndə heyətinin bəyanatında deyilirdi ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra "qarayaxma kampaniyası" ilə üzləşib. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib.

Prezident İlham Əliyev ilin əvvəlində deyib ki, Azərbaycan Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxa bilər. Ancaq bir müddət sonra Azərbaycanın AŞPA-ya qayıtması üçün danışıqlar aparıldığı barədə informasiya yayılmışdı.

Səfərbərlik Xidmətinin 218 əməkdaşı cəzalandırılıb

SHXÇDX-nin Hərbi Prokurorluq ilə birgə tədbiri
SHXÇDX-nin Hərbi Prokurorluq ilə birgə tədbiri

Son ilyarımda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 218 əməkdaşı məsuliyyətə cəlb edilib.

Xidmətin məlumatına görə, ötən il 78, 2024-cü ilin birinci yarısında isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

İyulun 1-dən isə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı, ya da yararsız olmasının ayırd edilmə qaydaları dəyişib. Artıq çağırışçıların yekun tibbi müayinəsini, əvvəlki kimi, SHXÇDX-nin nəzdindəki tibbi komissiyalar deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Jurnalistlərin ev dustaqlığı vəsatətləri təmin olunmadı

Sevinc Vaqifqıvı və Ülvi Həsənli
Sevinc Vaqifqıvı və Ülvi Həsənli

İyulun 3-də Xətai rayon Məhkəməsində "AbzasMedia" nəşrinin direktoru Ülvi Həsənlinin, baş redaktoru Sevinc Vaqifqızının və jurnalist Elnarə Qasımovanın həbsinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.

Bu barədə "Turan"a onların vəkilləri məlumat verib.

Jurnalistlər hesab edir ki, onların həbsdə saxlanmasının heç bir əsas yoxdur.

Məhkəmə vəsatəti təmin etməyib.

Ü.Həsənli 2023-cü il noyabrın 20-də, S.Vaqifqızı noyabrın 21-də, E.Qasımova isə yanvarın 13-də həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Jurnalistlər özlərini təqsirli bilmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Banklara valyuta satışı kəskin artıb

ABŞ dolları
ABŞ dolları

2024-cü ilin iyununda Dövlət Neft Fondu (ARDNF) onun iştirakı ilə Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 405.6 milyon ABŞ dolları satış edib.

Bu barədə Fond məlumat yayıb.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5.15 dəfə çoxdur.

ARDNF ötən ay valyuta hərraclarındakı satışın 69.8 faizini təmin edib. AMB özü də valyuta ehtiyatlarının 175.4 milyon dollarını hərraclara çıxarıb.

Beləliklə, banklara aylıq valyuta satışı 581 milyon dollar təşkil edib ki, bu da bir il əvvələ nisbətən 7.4 dəfə çoxdur.

Azərbaycan bankları birinci yarımildə valyuta hərraclarında 3 milyard 598.8 milyon dollar alıb. Bu, illik müqayisədə 2.3 dəfə çoxdur.

Dağıstanda niqab müvəqqəti qadağan olunur

Niqablı qadınlar
Niqablı qadınlar

Dağıstan müftiliyi müsəlman qadınların üzünü və bədənini tam örtən niqabın daimi qadağan olunmasına əsas tapmadığını bildirib. Bundan öncə isə respublika müftisi Əhməd Abdullayev mümkün qadağanın anonsunu vermiş, hakimiyyət təmsilçiləri isə onu dəstəkləmişdi.

Müftiliyin Telegram-da yaydığı məlumatda deyilir ki, şəriət mətnləri dörd məzhəb çərçivəsində diqqətlə təhlil olunub, fətvalar şöbəsi niqaba birdəfəlik qadağaya yetərincə əsas tapmayıb.

Regiona tam sakitlik gələnədək...

O da qeyd olunur ki, ayrı-ayrı situasiyalarda təhlükəsizlik səbəblərindən müvəqqəti qadağa tətbiq oluna bilər.

Abdullayev bundan öncə də niqaba qadağanın regiona "tam" sakitlik gələnədək müvəqqəti tədbir olacağını deyib, onu koronavirus pandemiyası vaxtı görülən məhdudiyyətlərlə müqayisə edib. Bu baxımdan fətvalar şöbəsinin mövqeyi müftinin sözləri ilə üst-üstə düşür.

Abdullayev respublika başçısı Sergey Məlikov və vətəndaş təmsilçiləri ilə görüşdə fətvanı elan edib.

Sözügedən məhdudiyyət iyunun 23-də axşam Moskva, Mahaçqala və Dərbənddə kilsə və sinaqoqlara hücumdan sonra tətbiq olunur. Ancaq hücum edənlər niqabsız kişilər olub.

Amma bir sıra hökumətyönlü din, dövlət və ictimaiyyət xadimləri niqaba qadağa ilə bağlı fətvanı dəstəkləyiblər. Bəziləri dövlət səviyyəsində qadağa qoymağa çağırıblar.

Apellyasiya Məhkəməsi Əziz Orucovu həbsdə saxlayıb

Əziz Orucov
Əziz Orucov

İyulun 2-də Bakı Apellyasiya Məhkəməsində "Kanal 13" internet- televiziyasının rəhbəri Əziz Orucovun həbs müddətinin uzadılmasından şikayətinə baxılıb.

Şikayət Əziz Orucovun və "Kanal 13"-ün əməkdaşı Şamo Eminovun həbs müddətinin daha 3 ay uzadılmasıyla bağlı Səbail Rayon Məhkəməsinin qərarından verilib.

Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmədə Əziz Orucov həbsinin qanunsuz olduğunu deyib.

Jurnalist xatırladıb ki, əvvəlcə onu "özbaşına ev tikmək" ittihamı ilə həbs ediblər. Hansı ki, buna görə nadir hallarda kimisə cinayət məsuliyyətinə cəlb edirlər, üstəlik heç kimi ilkin həbsə almırlar.

Orucov sonradan ona qarşı irəli sürülən "xarici valyuta qaçaqmalçılığı" ilə bağlı ittihamın da əsassız olduğunu deyib. Bunun sübutlarla təsdiqlənmədiyini, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Vəkil Mehdiyev qeyd edib ki, həbs müddətinin uzadılması ilə bağlı müdafiə tərəfi jurnalistin həbsinə dair əvvəllər verilmiş şikayətə əlavə olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə materiallar göndərmək niyyətindədir.

Bu iş üzrə digər müttəhim Şamo Eminovun apellyasiya şikayətinə iyulun 3-də baxılacaq.

2023-cü ilin noyabr-dekabr aylarında Əziz Orucov və Şamo Eminov mütəşəkkil qrupun tərkibində valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər.

Ötən ilin noyabrından Azərbaycanda aralarında "ToplumTV","Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər deyirlər ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

MSK
MSK

Respublikaçı Alternativ (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarının növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bununla bağlı qərar iyulun 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul edilib.

MSK sədri Məzahir Pənahov seçici siyahılarının dəqiqləşməsi ilə bağlı deyib ki, siyahılarda mütəmadi dəqiqləşdirmələr aparılsa da, proses seçki gününə 25 gün qalmış bitməlidir.

MSK sədri seçkilərin müşahidəsi ilə bağlı təxminən 30 təşkilata dəvət göndəriləcəyini bildirib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.

Fazil Qasımovun 19 gündür aclıq etdiyi bildirilir

Fazil Qasımov
Fazil Qasımov

İstanbul Universitetinin doktorantı, iqtisadçı-alim Fazil Qasımov 19 gündür ki, 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.

Bu barədə "Turan"a onun qardaşı Nazim Qasımov bildirib. Dünən axşam o, qardaşı ilə telefonla danışıb: "Qardaşımın vəziyyəti çox ağırdır. Aclıq etməsinə baxmayaraq, onu ümumi kamerada saxlayırlar. Ancaq tibbi nəzarət var. Həkimlər vaxtaşırı təzyiqini ölçürlər. Dünən təzyiqi 70/50 olub. Fazilin səhhəti zəifləyib, səsi çox yavaş gəlirdi. Təcridxanaya girəndə 80 kiloqram idi, hazırda 60 kiloqramdır".

Qardaşının sözlərinə görə, F.Qasımov dərman və qidadan imtina edir. "Mən israrla Fazildən aclığı dayandırmasını xahiş etdim. Ancaq o, yola gələn deyil. Aclığı sona qədər davam etdirmək niyyətindədir".

F.Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. O, saxta pul hazırlamaqda ittiham olunur. Müdafiə tərəfi ittihamları qəbul etmir.

F.Qasımovun iqtisadçı Qubad İbadoğluya qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanıldığı bildirilir.

Freedom House: 'Qarabağda niyə erməni yoxdur?'

Rusiya sülhməramlıları Qarabağda erməni sakinləri təxliyə edir
Rusiya sülhməramlıları Qarabağda erməni sakinləri təxliyə edir

ABŞ-də mənzillənən "Freedom House" insan haqları təşkilatı bugünlərdə "Niyə Dağlıq Qarabağda erməni yoxdur?" başlıqlı hesabatın xülasəsini açıqlayıb. Geniş hesabat daha sonra yayımlanacaq.

Qurum faktaraşdırıcı hesabatda 2020-ci ilin İkinci Qarabağ müharibəsindən, 2023-cü ilin sentyabr əməliyyatlarından bəri Qarabağda etnik ermənilərin vəziyyətini araşdırıb. Hesabatın yüzlərlə şahid müsahibəsi, açıq mənbələr, təhlil əsasında hazırlandığı, məqsədin 2024-cü ilin mayında Qarabağda niyə etnik erməninin olmaması sualına cavab tapmaq olduğu bildirilir.

"Hesabatda Dağlıq Qarabağda əhalinin məqsədli şəkildə davamlı hücumlar görməsi, qorxudulması, təməl hüquqlar, adekvat yaşam şərtlərindən məhrum edilməsi, məcburi köçürülməyə məruz qalması sənədləşdirilib", - sənəddə deyilir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağa və ətraf 7 rayona nəzarətini bərpa edib. 2023-cü ilin sentyabrında rəsmi Bakının "antiterror tədbirləri" adlandırdığı əməliyyatlar nəticəsində isə Qarabağın mərkəzi Xankəndi üzərində nəzarət ələ alınıb. Bundan sonra ermənilərin Qarabağdan köçü başlanıb. Ermənistan bunu "etnik təmizləmə" adlandırıb. Ancaq rəsmi Bakı ermənilər üçün reinteqrasiya planı açıqlayıb.

"Freedom House" 2020-ci il müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçən ərazilərdən 30 min etnik erməninin köçkün düşdüyünü, onlara qayıtmağa icazə verilmədiyini bildirir. Qarabağın ermənilərin nəzarətində qalan hissəsində isə 2023-ci ilin sentyabrınadək 120 minə yaxın erməninin qaldığı qeyd olunur.

Azərbaycan hakimiyyəti isə Qarabağdan köçmüş ermənilərin sayının dəfələrlə az olduğunu bildirir.

Azərbaycandan reaksiya

Ermənistandan didərgin düşmüş azərbaycanlıların yaratdığı "Qərbi Azərbaycan İcması" "Freedom House"un hesabatını "anti-Azərbaycan" adlandırıb.

"Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman "Freedom House" təşkilatının sözügedən böhtan xarakterli hesabatı yayması bu qurumun açıq qərəzinin və destruktivliyinin sübutudur", - bəyanatda deyilir.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Blinken: Sülh sazişi əlçatandır

Antoni Blinken
Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken iyulun 1-də Vaşinqtonda bir təhlil mərkəzinin tədbirində deyib ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını "gerçəkdən əlçatan" sayır.

"Ölkələr arasında sülh sazişini gerçəkləşdirmək üçün müstəsna imkan yaranıb", - Blinken Qafqazda vəziyyətlə bağlı sualı belə cavablandırıb.

Əliyev: Sülh müqaviləsinin mətni bir neçə aya yekunlaşa bilər

"Sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik". Bunu prezident İlham Əliyev iyulun 1-də Kanadanın yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.

"Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin", - o vurğulayıb.

Əliyevin sözlərinə görə, bu, Ermənistanın öz konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə baş tutacaq: "Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq".

İyunun 27-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanın Bakıdan sülh müqaviləsinə dair təkliflərin onuncu paketini aldığını təsdiqləmişdi.

AzadlıqRadiosunun Erməni xidməti – "Azatutyun"un yazdığına görə, Mirzoyan sülh müqaviləsinin bir ay ərzində imzalanması təklifinə Bakıdan müsbət reaksiya görmədiyini demişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Ələsgər Məmmədlinin səhhətindəki problemlər artıb

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin səhhəti pisləşməyə davam edir.

Bu haqda Turan agentliyinə onun qardaşı Nəsimi Məmmədli bildirib.

"Bu gün Ələsgər İstintaq Təcridxanasından zəng edib. Biz 5-6 dəqiqə danışdıq. O, çətinliklə, tez-tez fasilə verərək danışırdı, vaxtaşırı öskürürdü. Boğazında şiş böyüdüyünə görə o, yuxusuzluqdan əziyyət çəkir. Daimi baş ağrıları var. Həkimlər təhlil üçün üç yaxma (boğazından) götürüblər. 2-3 gün sonra cavabları məlum olacaq. Sonuncu görüşdə mən ona ağrıkəsici dərmanlar vermişdim, lakin onlar onun vəziyyətinə təsir etməyib", - deyə N.Məmmədli bildirib.

İyunun 22-də mülki klinikada biopsiya təhlilindən sonra Ə.Məmmədli İstintaq Təcridxanasına qaytarılıb.

Nəsimi Məmmədli deyib ki, qardaşının stasionar müalicəyə ehtiyacı olmasına baxmayaraq, onu hələ də İstintaq Təcridxanasında saxlayırlar:

“O, vəkillə görüşüb və klinikaya aparılarkən ona qarşı pis rəftarla bağlı beynəlxalq məhkəməyə ərizə göndərib".

Qardaşı deyib ki, səhhətindəki ciddi problemlərə baxmayaraq, Ə.Məmmədli ruh yüksəkliyini qoruyub saxlayır və ona dəstək ifadə edən hər kəsə salamlarını göndərib.

Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.

Xatırlatma

Ötən ilin noyabrından bəri Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Bakıda 198 ağac və kol qanunsuz kəsilib

Meşələri qıranlar necə cəzalandırılır
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Bu ilin iyununda Bakıda 198 ağac və kol qanunsuz kəsilib. Təbiətə 413 min manatdan çox ziyan vurulub.

Bununla bağlı Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərin sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq aparılır.

Xəbəri Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Bakıda və bölgələrdə ağacların qanunsuz kəsilməsi ilə bağlı tez-tez xəbərlər gəlir.

Bu ilin mayında isə Qusarda meşə fonduna aid ərazinin satılması, ağacların kəsilməsi haqda xəbərlər yayılmışdı. Rəsmi qurumlar xəbəri əvvəlcə təkzib etmişdilər. Bir neçə gün sonra isə Baş Prokurorluq Qusarda vəzifəli şəxslərin meşə fonduna aid 22.3 hektar ərazini satdığını açıqlamışdı.

Qaydalara cavab verməyən taksi sürücülərinin profilləri bloklanır

Çarə
Gözlə
Embed

No media source currently available

0:00 0:01:16 0:00

Taksi şirkətləri yeni qaydalara cavab verməyən avtomobillərin sürücülərinin profillərini bloklamağa başlayıb.

Bu, iyulun 1-dən qüvvəyə minən yeni qaydalarla bağlıdır.

Taksi sürücülərindən biri "Turan"a bildirib ki, şirkətlər artıq ötən həftədən 2006 və 2007-ci il istehsalı olan avtomobillərin sürücülərinə tətbiqə girişi bloklayır: "Bu gündən 2008-ci ilin maşınlarının sürücülərini də bloklamağa başlayıblar. Deyilənə görə, bu, mərhələli şəkildə baş verəcək".

Taksi şirkətlərindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə "Turan"a bildirilib ki, taksi xidməti ilə məşğul olmaq istəyənlər icazələr aldıqdan sonra fəaliyyətlərini davam etdirirlər: "Yaşı 15 ili keçməyən avtonəqliyyat vasitələri ilə taksi fəaliyyəti göstərmək istəyənlər 1 iyul tarixinədək icazə üçün müraciət edə bilərdi. Bu gündən sonra isə yalnız yaşı 8 ilə qədər olan nəqliyyat vasitələri icazə üçün müraciət edə biləcəklər. Həmçinin avtomobillərə "Avro-5" standartı tələbi də bu gündən qüvvəyə minir. Taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb 2024-cü il iyulun 1-dən sonra... idxal və ya ölkədə istehsal olunan avtonəqliyyat vasitələrinə şamil edilir".

AYNA-nın məlumatına görə, bugünədək taksi fəaliyyəti üçün 11 min 696 "buraxılış kartı" alınıb, 24 min 482 sürücü təlimlərə cəlb edilib. Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb.

Agentliyin əməkdaşları buraxılış kartlarını da yoxlayacaq. İcazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi operatorları barəsində inzibati tənbeh tədbirləri görüləcək.

Rəsmi olmayan məlumatlara görə, yeni qaydaların tətbiqinə qədər Bakıda 50 minə yaxın taksi fəaliyyət göstərirdi. Artıq keçən aydan taksi xidmətində qiymətlər bahalaşıb.

Hüquq müdafiəçiləri 'Anar Məmmədli kampaniyası'na başlayıblar

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə növbəti konfransını - COP29-u qəbul etməyə hazırlaşdığı bir vaxtda bir qrup azərbaycanlı hüquq müdafiəçisi Azərbaycanda repressiyalara son qoyulması üçün birgə kampaniyaya başlayıb.

Bu barədə Cenevrədə yerləşən "Progress&Change Action Lab" qeyri-kommersiya məsləhət qrupunun məlumatında deyilir.

"Anar Məmmədlinin adı altında gücləri birləşdirən kampaniya Azərbaycanda siyasi məhbuslara və daimi repressiyalar mühitinə diqqəti artırmağa yönəlib", - kampaniyanın press-relizində bildirilir.

Kampaniya təsisçiləri "AbzasMedia", "ToplumTV" və "Kanal 13" jurnalistlərinin, Demokratik Təşəbbüslər İnstitutu və meclis.info kimi qeyri-hökumət təşkilatlarının, "Üçüncü Respublika Platforması" kimi siyasi qrupların fəallarının həbsini xatırladırlar.

Xatırlatma

Anar Məmmədli aprelin 29-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

A.Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Bu gündən çağırışçıların yararlığı qaydaları dəyişir

Çağırışçıların tibbi müayinəsi
Çağırışçıların tibbi müayinəsi

Bu gün, iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı, ya da yararsız olması qaydaları dəyişir.

Çağırışçılarn yekun tibbi müayinəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

İndiyə qədər bu məsələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇX) nəzdindəki tibbi komissiyaların səlahiyyətində idi.

Bu ilin yanvarında Baş Prokurorluq və SHXCX hərbi xidmətdən yayınma faktları ilə bağlı 20 cinayət işi açılması xəbərini yaymışdı.

Ötən il SHXCX-nin bir neçə vəzifəli şəxsi saxlanılıb. Onlar pul qarşılığında ayrı-ayrı çağırışçıların hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərməkdə ittiham olunublar.

Azərbaycanda Aİ-92 benzini, dizel, metro bahalaşdı 

Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi

Azərbaycanda Aİ-92 benzini, dizel yanacağı, metro və avtobusda gediş haqqı bahalaşıb.

Bununla bağlı bu gün, iyunun 30-da Tarif Şurası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı açıqlanıb.

Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1.10 manat, dizel yanacağının isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib. Şura artım qərarını ölkədə "AVRO-5 standartına tam uyğun istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi" ilə izah edir.

Aİ-95 benzininin 1 litrinin qiyməti isə iyulun 15-dən 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.

Metroda gediş haqqı 10 qəpik bahalaşıb

Habelə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 10 qəpik bahalaşaraq 50 qəpik təsdiq edilib.

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətləri tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib. Buna qədər isə bu qiymət 40 qəpik idi.

Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri də yüksəlib. Məsələn, Bakı-Sumqayit avtobusunun qiyməti 60 qəpikdən 70 qəpiyə artırılıb.

Necə olur ki, Praqada metroda gedişhaqqı Bakıdan ucuzdur?
Gözlə

No media source currently available

0:00 0:08:57 0:00

İmtahandan kəsilən müəllimlər narazıdır

Müəllimlərin etirazı
Müəllimlərin etirazı

Bu gün, iyunun 28-də sertifikasiya imtahanından kəsilən müəllimlərin bir hissəsi Bakıda Elm və Təhsil Nazirliyinin binası qarşısına toplaşıblar. Onlar imtahanların şəffaf keçirilmədiyini, imtahan zamanı texniki problemlərlə qarşılaşdıqlarını bildiriblər.

Həmin şəxslərin vurğulamasına görə, imtahandan kəsilən müəllimlərin əmək müqavilələrinə xitam verilir. Hazırda işsiz qalan müəllimlər yeni işlə təmin olunmalarını tələb edirlər.

Azərbaycanda müəllimlər üçün sertifikatlaşdırma 2021-ci ildən aparılır. O, iki mərhələdən (test və müsahibə) ibarətdir. Bu prosesdən keçən müəllimlərin maaşlarına 10-35 faiz əlavələr olunduğu bildirilib.

Elm və Təhsil Nazirliyinin açıqlamasına görə, iyunun 8-də baş tutan imtahanda 7 min 296 müəllim iştirak edib: "İlkin nəticələrə əsasən, bu il ölkə üzrə 3 min 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb".

Keçən il ölkədə təkrar sertifikatlaşdırmadan 743 müəllim keçməmişdi. Bu müəllimlərdən bir çoxu Bakıda Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçirmişdilər. Onlardan bəziləri imtahanda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, bəziləri isə suallardan narazı olduqlarını bildirmişdilər.

Rəsmi cavab

İyunun 28-də nazirlikdən bildirilib ki, təkrar sertifikatlaşdırmada uğursuz olan müəllimlərin müraciətlərinin qəbulu aparılır. "Keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılması məqsədilə komissiyalar yaradılıb. Komissiyalar 30 iyul tarixinədək fəaliyyət göstərəcək", - məlumatda vurğulanıb.

Azərbaycan və Rusiya arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Bugün, iyunun 25-də Bakı şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiya XİN arasında sayca 11-ci konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Həmin məlumata görə, görüşdə həmçinin Azərbaycan Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri də iştirak ediblər.

“... İki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə fikir mübadiləsi aparılıb.”, məlumatda vurğulanıb.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri görüşün protokolunu imzalayıblar. Protokolun detalları, hələlik, açıqlanmır.

Rusiya Qarabağda baş konsulluq açmaq istəyir

TASS-ın xəbərinə görə, bunu bu yaxınlarda Rusiya Federasiya Şurası Xarici əlaqələr komitəsinin sədri Qriqori Karasin demişdi.

O, baş konsulluğun açılışının bu il baş tutacağına ümid etdiyini bildirmişdi.

Hələlik, bu məsələ ilə bağlı Azərbaycan rəsmiləri ictimaiyyət qarşısında fikir bildirməyiblər.

Azərbaycan Xankəndi şəhərini 2023-cü ilin sentyabrında birgünlük hərbi əməliyyat nəticəsində tam öz nəzarətinə götürüb. Bakı bunu "lokal antiterror tədbirlər"i, Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Xatırlatma

1990-ci illərdən gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olmuşdu.

Daha sonra Qarabağda Azərbaycanın tanımadığı qurum fəaliyyət göstərirdi. Azərbaycanın Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan həmin ərazilərin böyük bir hissəsinə nəzarəti təmin etdikdən sonra bölgəyə Rusiya sülhməramlıları yerləşdirilmişdi.

Bu yaxınlarda həmin silahlı qüvvələrin bölgədən çıxarıldığı bildirilib.

Parlament büdcəni dəyişdi

Milli Məclis
Milli Məclis

İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında "2024-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub.

Dəyişikliklərə əsasən, 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat, gəlirləri isə 36 milyard 353 milyon manat proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq 3 milyard 354 milyon manata çatdırılır.

Bununla da büdcənin xərcləri 3 milyard 796 milyon manat artırılır. Artımdan 1 milyard 160 milyon manatın işğaldan azad olunmuş ərazilərdə tikinti, bərpa və yenidənqurma işlərinə yönəldiləcəyi bildirilir. Habelə ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyinə də ayrılan xərclərin artırılması proqnozlaşdırılır. Bu sıraya infrastruktur və digər layihələrin maliyyə təminatının gücləndirilməsi də daxildir.

Sənəddə neftin bir barelinin ixrac qiyməti 60-dan 75 dollara qaldırılıb. Hazırda dünyada neftin qiyməti 80 dollardan yüksəkdir.

Azərbaycanda karantin yenə uzadılıb

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb.

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Qərarda bildirilir ki, "koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə" Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il oktyabrın 1-i saat 06:00-dək uzadılıb.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Bəzi müxalifət partiyalarının rəhbərləri bunu hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-ünün vəfat etdiyi bildirilir. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır.

ÜST da ötən il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.

Baş prokuror: Separatçılarla bağlı istintaq başa çatıb

Bako Saakyan, Arayik Harutyunyan, Lyova Mnatsakanyan, David Manukyan, David İşxanyan, David Babayan
Bako Saakyan, Arayik Harutyunyan, Lyova Mnatsakanyan, David Manukyan, David İşxanyan, David Babayan

Ötən ilin sentyabrında Qarabağda keçirilən əməliyyatlardan sonra həbs edilən oradakı separatçı qurumun rəhbərliyində olmuş şəxslərin istintaqı başa çatıb.

Bu barədə baş prokuror Kamran Əliyev iyunun 24-də Xankəndidə "Mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda keçirilən elmi-praktik konfransda bəhs edib

K.Əliyev qeyd edib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb: "Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək".

Söhbət Qarabağdakı keçmiş separatçı qurumun liderləri- "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərlərindən gedir.

Onlar terrorçuluq, qanunsuz silahlı birləşmələr yaratmaq və başqa ağır cinayətlərdə ittiham edilirlər. Onların ayrılıqda ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Amma Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyib və onların azad olunması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan Yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Lakin həmin şəxs sonradan Ermənistana getdikdən sonra bu qərardan imtina edildiyini açıqladı.

Həmin vaxt da Qarabağdan Ermənistana əhali köçü olmuşdu.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

Bakıda silahlı toqquşmada beş nəfərin öldüyü deyilir

Polis
Polis

Bakıda silahlı toqquşmada üçü polis olmaqla beş şəxs öldürülüb.

Bununla bağlı iyunun 24-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Onların məlumatına görə, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Allahverdiyevi polis saxlayarkən o, silahlı müqavimət göstərib.

Rəsmi açıqlamada iddia olunduğuna görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib: "..."Lancaster" markalı ov silahından atəş açaraq üç nəfər polis əməkdaşını və bir nəfər mülki vətəndaşı qətlə yetirib".

Davam etdirilən tədbirlərlə R.Allahverdiyevin də öldürüldüyü bildirilir.

Hələlik, rəsmi açıqlamaya R.Allahverdiyevin yaxınları və vəkilinin münasibəti bəlli deyil.

Onun nəyə görə axtarışa verildiyini öyrənmək mümkün olmayıb.

Ələsgər Məmmədlidə aşkar edilən şişdən biopsiya götürülüb

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Həbsdə olan "ToplumTV" internet televiziyası və eyniadlı portalın təsisçisi Ələsgər Məmmədlinin boğazındakı şişin müayinəsi üçün qısa müddətlik mülki klinikaya aparıldığı bildirilir.

Amma Ə.Məmmədlinin yaxınları prosedur zamanı ona qarşı davranışlardan narazı qaldıqlarını qeyd edirlər.

Bu barədə Ə.Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib. Onun sözlərinə görə, Ə.Məmmədlinin normal müayinəsinə, qan analizlərinin götürülməsinə imkan verilməyib.

O, müayinənin iyunun 22-də "West Hospital"da keçirildiyini bildirib.

İyunun 15-də müdafiə tərəfi Xətai rayon Məhkəməsinə bununla bağlı ərizə vermişdi, onun özü və ya ailəsinin seçdiyi klinikada, istədiyi həkimin müayinəsinə imkan verilməsi barədə qərar qəbul edilmişdi.

N.Məmmədli iyunun 22-də təcridxanada qardaşı ilə görüşdüyünü deyir: "Vəkillərə bildirilmişdi ki, köçürülmə vaxtı müəyyənləşəndə bu barədə məlumat veriləcək, çünki seçdikləri həkimlər də işini ona uyğunlaşdırmalı idilər. Lakin iyunun 22-də vəkillərinə və ailə üzvlərinə xəbər vermədən Ələsgər Məmmədlini klinikaya gətirib, az sonra geri qaytarıblar".

N.Məmmədli qeyd edir ki, qardaşının boğazında – şişdən nümunə götürülmüş hissədə sarğı vardı, üstəlik, qolunda da sıyrılmış açıq yaralar diqqət çəkirdi: "Onu səhər təcili iki-üç nəfərlik konvoy nəzarəti altında "West Hospital “a gətiriblər. Heç kimə demədən, gizli şəkildə. Klinikanın arxa qapısından içəri daxil olanda orada təxminən 30 nəfərlik mülki və polis geyimində təhlükəsizlik orqanlarının əməkdaşları olub. Onların əhatəsində, qolları qandallı şəkildə onu dördüncü mərtəbədə yerləşən əməliyyat otağına çıxarıblar. Liftin girişində və çıxışında 10-15 nəfərlik xüsusi mühafizə yerləşdirilib. Qardaşım biopsiya olunacaq kiçik palataya qolu qandallı daxil olub...".

Onun fikrincə, həkimə normal müayinə aparmasına imkan verilməyib: "Biopsiya əməliyyatını həkim çox məhdud şəraitdə icra edib".

Ə.Məmmədlinin qollarındakı sıyrıqlara gəlincə, qardaşının sözlərinə görə, o deyib ki, biopsiyadan çıxıb maşına mindirilərkən ani başgicəllənməsinə görə müvazinətini itirib: "Qolları qandallı olduğuna görə heç yerdən tuta bilməyib və maşının qapısındakı hansısa çıxıntıya sürtülüb. Biz bu vəsatəti ona görə vermişdik ki, Ələsgər bəyin sağlığına yaranmış real təhlükəni ortadan qaldıraq. Amma belə anladıq ki, buna nail olmağa imkan vermək istəməyənlər var. Ələsgər bəy özü də anlamağa çətinlik çəkir ki, niyə belə bir pis rəftara məruz qalıb?".

Hələlik, bütün bu deyilənlərə rəsmi qurumlardan və sözügedən klinikadan münasibət almaq mümkün olmayıb.

Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.

Xatırlatma

Ötən ilin noyabrından bəri Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 300 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Davamı

XS
SM
MD
LG