Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:44

'Ferrari' qalmaqalına görə 8 il həbs cəzası


Ferrari
Ferrari

Bakıda 230 min dollarlıq «Ferrari» qalmaqalıyla bağlı məhkəmə araşdırmaları yekunlaşıb. «AST» Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılovun qohumu olduğunu deyən Vüqar Babayevə 8 il həbs cəzası kəsilib.

Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində 33-yaşlı Vüqar Babayevə hökm oxunub. O, «Alten Group»un icraçı direktoru Elmar Geybatovu aldadıb «Ferrari»sini ələ keçirməkdə suçlu sayılıb.

Hökmdən öncə məhkəmədə son sözünü deyən V.Babayev bildirib ki, kimisə aldatmaq niyyəti olmayıb. Binadakı qonşusu E.Geybatovun «Ferrari»sini satdığını eşidib. Onu başqa bir adama satıb, pulunu ödəmək istəyib. Amma iş elə gətirib ki, sənədləşmə məsələsində problem yaranıb. V.Babayev deyir ki, hələ həbsindən öncə E.Geybatova puldan 40 min dollar ödəyib. Qalanını da ödəmək istəyir, amma imkanı yoxdur.

V.Babayev dələduzluqdan əlavə, həm də oğurluqda suçlanırdı. İddia olunurdu ki, o, kirayə yaşadığı evdəki məişət əşyalarını oğurlayıb. Oğurluq ittihamını isə qəbul etməyib. Deyib ki, evdəki köhnə əşyanı atmasını oğurluq kimi təqdim ediblər.

Amma məhkəmə onu həm CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), həm də 177-ci (oğurluq) maddəsi ilə təqsirli hesab edib.

V.Babayev özü məhkəmədə bildirib ki, işadamı Telman İsmayılovun qardaşının nəvəsidir. O, çox bahalı maşın həvəskarı olduğunu, qiyməti bir neçə yüz min manat olan avtomobillərə sahib olduğunu söyləyib. Ondan həmin maşınları hansı gəlirlə aldığını, harada işlədiyini soruşanda belə cavab verib: «Mən heç yerdə işləmirəm. Mənim anam Telman İsmayılovun qardaşı Çingizin qızıdır. Mən hansısa maşını alırdım, bir müddət sürürdüm. Yeni model çıxanda əvvəlkini satıb, yenisini alırdım».

Zərərçəkmiş E.Geybatovun rəhbərlik etdiyi «Alten Group» Azərbaycanın ən böyük alternativ enerji təminatçısı sayılır.

XS
SM
MD
LG