Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:16

'Hizmet' dövlət orqanlarına belə nüfuz edirmiş


Fethullah Gülen
Fethullah Gülen

Son bir ayda Türkiyədə meydanlara yüz minlərlə insan çıxır, uğursuz çevriliş cəhdi üzərindəki qələbəni qeyd edir. Onlar həmin cəhdə görə məsuliyyət daşıyanların tapılıb cəzalandırılmasını tələb edirlər.

«Chicago Tribune» qəzetinin əməkdaşı Umar Farooq bu etirazları kənardan seyr edənləri, ABŞ-da yaşayan Fethullah Gülen-in «Hizmet» hərəkatının indiki və keçmiş üzvlərini danışdırıb.

HITLER DÖVRÜNDƏKİ YƏHUDİ KİMİ

«Uğursuz çevriliş cəhdi və satqınlara qarşı görülən tədbirlərlə qürur duyulasıdır. Amma digər tərəfdən, bir əcinnə ovu başlanıb və indi dostlarıma baxanda özümü Hitler dövründəki yəhudi kimi hiss edirəm». Bunu İstanbulda ortayaşlı müəllim Orhan deyir. O, təhlükəsizlik məqsədilə soyadını söyləmir.

Orhan «Hizmet» hərəkatının üzvüdür. Türkiyədə milyonlarla insan bu hərəkatın lideri Gülen-dən ruhlanıb. Gülen İslamın mötədil formasını yaysa da, təndiqçiləri çevriliş cəhdini planladığını deyirlər.

Bu günlər heç yaxşı xəbərlər gəlmir. Orhan-ın dostunun dostu, «Hizmet» məktəbinin rəhbəri xaricdə iş tapıb və Türkiyədən çıxmaq istəyib, amma aeroportda pasportunu alıblar. Bu ay Orhan da işini itirib, çalışdığı məktəb bağlanıb. Orhan deyir ki, saxlananların bəzilərini həyat yoldaşları, yaxınları ələ veriblər.

Buna da bax - Fethullah Gülen kimdir?

İŞİD, YOXSA «HİZMET»?

«İndi onları Türkiyədə doğrudan da qaralayıblar. Məncə, indiki məqamda heç kəs «Hizmet» üzvü olduğunu boynuna almaz», - Türkiyənin «Cümhuriyet» qəzetinin Vaşinqtondakı yazarı İlhan Tanır belə deyir.

«Onların bu ölkədəki imici İŞİD silahlı qruplaşmasından da pisdir. Məncə, adamlar İŞİD-ə rəğbət bəslədiklərini dilə gətirərlər, amma «Hizmet» üzvü olduqlarını yox», - o, sözlərinə əlavə edir.

Orhan söyləyir ki, 30 ildir Gülen-in moizələrini dinləyir, kitablarını oxuyur, amma zorakı bir şeyə rastlamayıb. Amma yenə də türklərin çoxu çevriliş cəhdinin arxasında onun və ardıcıllarının durduğuna inanır.

«Qərb elə bilir ki, Gülen-lə bağlı Erdoğan elə düşünür. Xeyr, Erdoğan deyil, Türkiyədə, demək olar, hamı belə düşünür», - «Al-Monitor» saytının köşə yazarı Mustafa Akyol deyir.

Buna da bax - Gülen hərəkatı və Türkiyə dövləti: toqquşmanın səbəbi nədir?

TƏHSİL, SƏNAYE...

«Hizmet» - «xidmət» deməkdir və təhsilə, sosial şəbəkələrin yaradılmasına fokuslanır. On illər ərzində minlərlə «Hizmet» üzvü polis, ədliyyə, ordu sıralarına qoşulub.

«Gülen hərəkatı çox səmərəli şəkildə dövlət müəssisələrinə, özəlliklə, polis və ədliyyə sisteminə, eləcə də sənaye qrupları və mediaya nüfuz edib. Nəticədə dövlətin deyil, öz ideyalarını irəlilədə bilib», - 2008-2010-cu illərdə ABŞ-ın Türkiyədə səfiri olmuş James Jeffrey belə deyir.

Məqalədə vurğulanır ki, «Hizmet» məktəblərində 1.2 milyon türk təhsil alıb. Bu məktəblərin məzunları içində prezident Recep Tayyip Erdoğan-ın kürəkəni Berat Albayrak da var.

Son 4 ildə Erdoğan «Hizmet»ə «paralel dövlət» deyir, seçkili orqanlara zərbə vurmağa çalışdığını bildirir. Gülen isə bu ittihamları saxta adlandırır, ardıcıllarının korrupsioner və avtoritar rejimə qarşı çıxdığını vurğulayır.

Buna da bax - Bakıda 'nurçu' rüzgarı?

Bakıda "nurçu" rüzgarı?
Gözlə

No media source currently available

0:00 0:12:36 0:00

İNANCI GİZLƏTMƏK

Amma hərəkatın bəzi üzvlərinin dediyinə görə, onları doğrudan da hökumət və biznes iyerarxiyasında mövqe tutmağa, nüfuz qazanmağa həvəsləndiriblər.

«Əsl niyyətlərini gizlətmək onlardan ötrü hər şeydən vacibdir», - keçmiş «hizmet»çi, kompüter mühəndisi Ahmet deyir. Soyadını deməyən Ahmet 12 il hərəkatda olub, ona həmişə deyiblər ki, inancını gizli saxlasın. Ahmet-in xalası oğlu vəkil olmaq istəyirmiş, amma onu Hərbi Hava Qüvvələrinə qoşulmaqdan ötrü dilə tutublar, rütbə qazanmaq yolunda etiqadını gizli saxlamağı tapşırıblar.

«Yaxşı müsəlman olan bu adamın toyunda spirtli içki verilirdi. Dünyəvi baxışlı qadınla evləndi. Səbəbini soruşanda dedi ki, bunu «Hizmet»ə görə edir», - Ahmet danışır.

Buna da bax - Əli Kərimli: 'Ankara Bakıdan əsl gülənçiləri tələb edəcək'

NÜFUZLU MƏQAMLAR

Amerikalı, ABŞ-da İslamı qəbul etmiş Zekeriyya Christ də ilk illərini «Hizmet» içində keçirib. Heç vaxt «Hizmet»ə qoşulmasa da, müzakirələrinin şahidi olub, üzvlərini nüfuzlu məqamlara gətirməyə çalışırmışlar. «Adamları sadiqlik dərəcəsinə, keyfiyyətlərinə görə mühüm vəzifələrə qoyurdular».

Müəllif yada salır ki, Erdoğan özü də «Hizmet» şəbəkəsindən məqsədlərinə görə yararlanıb. Dünyəvi orduya elə də bel bağlamayan Erdoğan «Hizmet»ə bağlı prokurorlara etibar edib. Onlar 2003 və 2007-ci illərdə iddia olunan çevriliş planlarına görə 500-dək zabitə ittiham irəli sürüb. Akyol deyir ki, həmin ittihamlar bu il ləğv olunub, saxtalaşdırıldığı üzə çıxıb.

İki «qoç»un işbirliyi 2013-cü ildə kəllə-mayallaq gedib. Erdoğan-la oğlunun milyonlarla nağd pulun taleyini müzakirə etdiyi səsyazısı yayılıb. Həmin korrupsiya araşdırmasını «Hizmet»ə bağlı olduğu bildirilən prokurorlar aparırdılar. Erdoğan bundan sonra Gülen-i «terrorçu» adlandırdı və minlərlə prokuror, hakim, polis işdən çıxarıldı.

XS
SM
MD
LG