Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:53

Fidyə tələb olunan hücumun miqyası araşdırılır


Arxiv fotosu
Arxiv fotosu

Hücuma məruz qalan şirkətlərdən biri İsveçrənin Coop ərzaq şəbəkəsidir

Fidyə tələb olunan, kibertəhlükəsizlik ekspertlərinin rusdilli banda ilə əlaqələndirdiyin haker hücumunun miqyası hələ öyrənilir. Getdikcə daha çox şirkət sistemlərinin təsirə məruz qaldığını bildirir.

İyulun 4-də ABŞ-ın xəbərlərində istinad olunan ekspertlərin sözlərinə görə, iyulun 2-də axşam başlayan hücum azı 17 minlərlə hədəfə təsir göstərib. Kibercinayətkarlar 45 mindən 5 milyon dollaradək fidyə tələb ediblər.

REvil sindikatı

ABŞ-da yerləşən Kaseya şirkətinin proqram təminatı da ziyan görüb, minlərlə qurbanın olduğu bildirilir. Baş icraçı direktoru Fred Vokkolanın sözlərinə görə, əsas ziyan görənlər kiçik bizneslər, diş mərkəzləri, arxitektura firmaları, əməliyyat mərkəzləri və kitabxanalardır. Məktəblərə, bəzi hökumət, səyahət və mühasibat agentliklərinə də ziyan dəydiyi bildirilir.

Şirkət qüsurun mənbəyini müəyyənləşdirdiyini, müştərilərə mümkün qədər tez düzəliş proqramı göndəriləcəyini deyib.

Kibertəhlükəsizlik ekspertləri hücumun arxasında böyük rusdilli haker sindikatı olan REvil-in dayandığını düşünürlər. Onların fikrincə, hücumun ABŞ-da Müstəqillik Günü həftəsonu başlaması da təsadüfi deyil. Qurbanların çoxu iyulun 5-də, yaxud 6-da işə başlayanadək hücuma məruz qaldıqlarını bilməyəcəklər.

Federal Təhqiqatlar Bürosu və ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi araşdırma aparır, şirkətlərdən insidentlərlə bağlı məlumat verməyi xahiş edib.

Prezident Co Bayden ölkənin kəşfiyyat agentliklərinə araşdırma aparmaq göstərişi verib.

Ziyan dəyən şəbəkələr

Hücuma məruz qalan şirkətlərdən biri İsveçrənin Coop ərzaq şəbəkəsidir. Şirkət iyulun 3-4-də 800 mağazasının çoxunu bağlamalı olub. İsveçrədə aptek, yanacaqdoldurma şəbəkələrinin, dövlət dəmiryolu və SVT ictimai televiziyasının da hücuma məruz qaldığı bildirilir

Fidyə tələb olunan hücumlar zamanı hakerlər şəbəkəyə girərək hədəfin rəqəmsal datasını kodlaşdırırlar. Hədəf şirkət fidyəni ödəməyənədək datadan istifadə etmək mümkün olmur.

Mayda ABŞ-ın enerji kəməri və qlobal ət emalı şəbəkəsinə belə bir hücum olunmuşdu. ABŞ-ın hüquq-mühafizə orqanları kəmər işində ödənilən fidyənin böyük hissəsinin geri alındığını bildirib.

İyunda Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bu məsələni qaldırıb. Baydenin sözlərinə görə, Putinə deyib ki, təhqiqat hücumun arxasında Rusiya hökumətinin dayandığını müəyyənləşdirsə Birləşmiş Ştatlar buna cavab verəcək.

XS
SM
MD
LG