Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:46

Filmin tarixi abidə yaxınlığında çəkilməsi mübahisə yaradıb


Stounhenc
Stounhenc

Steven SpielbergSamuel Mendes Birinci Dünya müharibəsi haqda yeni birgə filmlərinin bəzi səhnələrini İngiltərənin ən tanınmış tarixi abidələrindən olan Stounhenc (Stonehenge) yaxınlığında çəkməyi planlaşdırırlar. Ancaq onların bu ərazidə müharibə səhnələri çəkmək təklifi yerli əhalinin narazılığına səbəb olub.

Təklifə qarşı çıxanlar ərazidə hələ aşkarlanmamış arxeoloji materialların ola biləcəyini və nadir canlılara ziyan vurulması ehtimalını əsas gətiriblər.

Şirkət icazə istəyir

Adı «1917» olan film Mendes-in 2015-ci ildə çəkdiyi «James Bond» silsiləsindən olan «Spectre» filmindən sonra ilk rejissor işidir. Spielberg-in «Amblin Entertainment» prodakşn şirkəti 2018-ci ilin iyununda bu filmi maliyyələşdirmək hüququnu əldə edib. Filmin çəkilişləri bu ilin aprelində başlamalıdır.

«Amblin» şirkəti Uiltşir bələdiyyəsinin planlaşdırma departamentinə göndərdiyi məktubda 35 həftə ərzində Salisburi düzündə film çəkilişi aparmaq üçün icazə istəyib. Qeyd edək ki, bu ərazinin böyük hissəsi hərbi təlimlər üçün ayrılıb.

Müraciətdə çəkiliş setinin quraşdırılması və yaxınlıqdakı ərazidə köməkçi xidmətlər, avadanlığın saxlanması və parkinqə icazə verilməsi xahiş olunub. Çəkiliş qrupunda 500 nəfərin olduğu qeyd edilib. Planlaşdırma ilə bağlı sənəddə əsas işin fransız kənd evinin quraşdırılmasından ibarət olacağı bildirilib.

Uiltşir bələdiyyəsinin arxeologiya departamenti bu təklifləri tənqid edib. Səbəb kimi isə əkin-biçin işləri, … və bitki örtüyü kimi amillərə görə aşkarlanmamış arxeoloji qalıqların olması ehtimalını göstərib. Uiltşir hökumətinin landşaft və dizayn departamenti həmçinin, ərazidə çoxsaylı qorunan canlı növlərinin mövcudluğu müəyyən edildikdən sonra bu sahədə daha dərin araşdırma aparılmasını istəyib. Bu canlılar arasında quşlar, xərçəngkimilər, kəpənək və porsuq növləri var. Bu torpaqlara bitişik ərazilərin yaşayış üçün mühüm tabaşir otlaqları olduğu qeyd edilib.

Uiltşir muzeyi isə burada ciddi bir filmin çəkilməsi perspektivini alqışladığını, ancaq həm də ərazinin arxeologiya və ekologiyasının qorunduğuna əmin olmaq istədiyini ifadə edib.

Sözügedən çəkiliş ərazisi dünyada məşhur qədim Stounhenc abidəsinin cəmi 8 kilometrliyində yerləşir.

Ancaq qəzetlərdən biri çəkiliş aparılacaq ərazinin 8 yox, 3 kilometr uzaqlıqda olduğunu yazıb.

Yerli sakinlər də şikayətçidir

Muzeyin əməkdaşları həmin yazını tənqid edərək, ərazinin nəinki daha uzaqda hətta dünya irsi sayılan Stounhenc və Eyvberi ərazilərinin sərhədlərindən kənarda yerləşdiyini bildiriblər.

Uiltşir Arxeologiya və təbiət tarixi cəmiyyəti tikintiyə icazə verilməsindən öncə ərazidə dolğun arxeoloji araşdırma aparılmasında israrlıdır.

Yerli sakinlərdən də şikayətlər daxil olub. Sakinlərin bir çoxu ərazidə aparılacaq film çəkilişlərinin onsuz da nəqliyyatın sıxlığından əziyyət çəkən yerli camaata dözülməz yük olacağını ifadə edib.

«1917» filminin 2019-cu ilin dekabrında, Milad bayramı ərəfəsində hazır olacağı, 2020-ci ilin ilk günlərində isə dünya premyerasının təşkili planlaşdırılır.

Sam Mendes həm də Krysty Wilson-Cairns-lə birgə filmin ssenarisini yazıb. Filmin ABŞ-da təqdimatı «Universal» studiyası tərəfindən gerçəkləşdiriləcək.

Qeyd edək ki, Mendes özünün ilk iki filminin çəkilişi zamanı da Spielberg-lə əməkdaşlıq edib. Mendes 1999-cu ildə özünün «American Beauty» və 2002-ci ildə bu filmin davamı kimi çəkdiyi, Tom Hanks-in oynadığı «Road to Perdition» filmlərini məhz Spielberg-ə məxsus «DreamWorks» şirkəti ilə birlikdə çəkib. «American Beauty» beş nominasiyada, o cümlədən ən yaxşı film nominasiyasında Oskar mükafatına layiq görülüb.

XS
SM
MD
LG