Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:42

'Heyvan otardığımız ərazilərdə fındıq tingləri əkiblər'


Fındıq tingləri əkirlər.
Fındıq tingləri əkirlər.

«Harada boş ərazi gördülər, fındıq tingləri əkirlər. Kənddə mal-qaramızı otarmağa yer qoymayıblar. Halbuki, bu kəndin sakinlərini ayaqda saxlayan əkinçiliklə yanaşı, həm də maldarlıqdır».

Masallının Yeni Zuvand kəndinin sakinləri örüş yeri ərazilərin əllərindən alınaraq fındıq sahələrinin salınmasından və başqa sosial problemlərdən şikayətçidilər.

«KƏNDLİ HAVAYLA DOLANSIN?»

Kənd sakini Anar Əlinağıyev deyir, kənddə azı 10 min nəfər yaşayır. 400-dən çox ailə təsərrüfatı var. Hər həyətdə azı 10-12 iribuynuzlu heyvan saxlanılır. Ancaq bir müddətdir ki, heyvanları otarmağa yer tapmırlar: «Hökumət hər yerdə fındıq əkir. Meşəlik əraziləri hasarlayıblar. Heyvanları ora buraxmırlar. Yem baha olduğundan məcburuq ki, heyvanlarımızı sataq. Onsuz da acından öləcəklər. Bəs sonuncu ümidi olan heyvanı satan kəndli havayla dolansın? O heyvandan süd, qatıq, qaymaq, nehrə yağı əldə edirik, satıb çörək alırıq».

Sakinin sözlərinə görə, problem təkcə fındıq tingləri deyil. Kəndin yetərincə sosial problemləri var. Məsələn, 3 il öncə kənddə təməli qoyulan təzə məktəbin tikintisi heç yarıya da çatmayıb: «Hökumət tikinti materialları ayırıb, verib ki, məktəbi tiksinlər. Ancaq taxtasından tutmuş, şiferinəcən hamısını satıb pulunu yeyiblər. Hansını deyim, hansını sayım?».

«YA ƏRİNİBLƏR, YA XƏSİSLİK EDİBLƏR»

Anar Əlinağıyevin gileylərini kənd sakini Elsevər Abbasov davam edir: «Tibb məntəqəsi tikiblər, içinə avadanlıqlar da yığıblar, gəl ki, həkim yoxdur. Məntəqənin qapısı gecə-gündüz qıfıllıdır. Sanki görüntü üçün tikilib. Yolu Güllütəpəyə qədər çəkib gətiriblər, oradan bu tərəfə asfalt tökməyə ya əriniblər, ya da xəsislik ediblər. Qaz məsələsi də ki, ümumxalq dərdinə çevrilib. Elə deyirlər, «bu il olacaq, gələn il olacaq». Hələ də çəkilməyib».

Sakinin deməsinə görə, 2011-ci ildə kənd sakinlərinə yolların asfaltlanmasına 10 min manat toplamalarını təklif ediblər. Kəndlilər razılaşmayıb.

«MEŞƏDƏ AĞAC ƏKİLƏR»

Masallının icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, kəndlilər mal-qaralarını meşə qoruğunda otarırlarmış: «Meşə qoruğunda mal-qara otarılması qadağandır, ağacların kəsimi cinayətdir, bilirsiniz. Əslində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunun qarşısını alır. Mal-qara otarmağa örüş sahələri var, getsinlər orda otarsınlar. Bəli, meşə zolağında palıd, fındıq ağacları əkilir. Meşədə ağac əkilər».

İcra hakimiyyətindən onu da bildiriblər ki, kəndlər növbəli qaydada qazlaşdırılır. Yollara gəlincə, Yeni Zuvandın yollarına vaxtaşırı çınqıl töküldüyü bildirilir.

Sakinlərsə iddia edirlər ki, kənddə mal-qara otarmağa örüş sahəsi yoxdur. Uzun illərdir ki, heyvanlarını mübahisəli ərazidə otarırlar.

XS
SM
MD
LG