Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:12

Formula-1 Azərbaycana gələn turist sayını elə də artırmayıb


Bakıda Formula-1. 2018
Bakıda Formula-1. 2018

Birillik fasilədən sonra Bakı yenidən Formula-1 yarışlarına ev sahibliyi etdi. Ötən il pandemiya üzündən yarış baş tutmamışdı. Azərbaycan paytaxtı bu idman yarışına 2016-cı ildən ev sahibliyi etməyə başlayıb və hər dəfə Formula-1-in Azərbaycana gərəkib-gərəkməməsi ictimai müzakirə doğurub. Bəziləri bu yarışa xərclənən vəsaitin israf edildiyini düşünür, digərləri yarış ərəfəsində mərkəzi küçələrin günlərlə bağlı olmasından və uzun tıxaclardan narazılığını dilə gətirir. Hökumət rəsmiləri isə Formula-1-in ölkəyə turist axınına yol açdığını və ölkəni tanıtdığını əsas gətirərək yarışların önəmini vurğulayır. Belə isə sual doğur: Azərbaycan Formula-1-ə ev sahibliyi etməyə başlayandan bəri xarici turistlərin sayı necə dəyişib?

Dörd ildə 17 faiz artım

Bakıda Formula-1 yarışları 2016-2019-cu illərdə azarkeşlərin iştirakı ilə keçirilib. Bu dörd il ərzində ölkəyə hər il ortalama 2.7 milyon turist gəlib. Bakıda Formula-1 yarışlarının keçirilmədiyi daha öncəki dörd ildə - 2012-2015-ci illərdə ilə ortalama 2.3 milyon turist düşüb. Başqa deyimlə, dörd il ərzində turist sayında cəmi 17 faiz artım gözə çarpıb.

Cədvəl: 2011-2019-cu illərdə Azərbaycana gələn turistlərin sayı

İllər

Azərbaycana səfər edən turist sayı

2012

2 milyon 484 min

2013

2 milyon 508 min

2014

2 milyon 297 min

2015

2 milyon 6 min

2016

2 milyon 248 min

2017

2 milyon 696 min

2018

2 milyon 849 min

2019

3 milyon 170 min

Burası da var ki sözügedən nisbi artımı təkcə Formula-1-in ayağına yazmaq doğru deyil. 2015-ci ildə Azərbaycanda manatın ilboyu iki dəfə dəyərsizləşməsindən sonra hökumətin ölkəyə valyuta gətirmək əsas seçənəklərindən biri məhz turizm sektoru oldu. Milli valyutanın dəyər itirməsi də xarici turistləri həmin ölkəyə səfər etməyə həvəsləndirən amillərdən sayılır. Manatın digər valyutalar qarşısında iki dəfəyədək ucuzlaşması Azərbaycanı əcnəbi turistlərdən ötrü daha ucuz ölkə durumuna gətirdi.

2016-cı ildən bəri turizmlə bağlı əsas yeniliklərdən biri də "ASAN viza" sisteminin tətbiqi haqqında qərarın qəbulu olub. Bu sistem bəzi ölkələrdən gələn turistlərin Azərbaycanın hava limanlarında sadələşdirilmiş rejimdə viza əldə etməsinə şərait yaradıb.

Hansı ölkələrdən gələn turistlərin sayı artıb?

Dövlət Statistika Komitəsinin rəqəmlərindən aydın olur ki, son illərdə Azərbaycana səfər edən turistlər arasında körfəz ölkələrindən, İraqdan, Pakistan, Hindistan və Çindən, eləcə də İsrail və Türkmənistandan olan turistlərin sayında ciddi artım gözə çarpıb. Məsələn, 2015-ci illərdə İraq, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Bəhreyndən Azərbaycana 6 min turist gəlmişdisə, 2019-cu ildə bu rəqəm 245 minə yüksəlib, yəni 40 dəfədən çox artıb.

Hindistan, Pakistan və Çindən səfər edənlərin sayı isə 5 il ərzində 13 min nəfərdən 137 minə yüksəlib. Bu ölkələrdən fərqli olaraq, Türkmənistandan gələnlərin sayı, əsasən, 2019-cu ildən birdən-birə artıb və 52 min nəfəri ötüb. Halbuki 2016-cı ildə Azərbaycana Türkmənistandan cəmi 7 minə yaxın turist gəlib.

Hər 10 turistdən yeddisi qonşu ölkələrdən gəlir

Azərbaycanın turizm sektorunun əsas problemlərindən biri onun coğrafi baxımdan zəif şaxələnməsidir. 2019-cu ilin göstəricilərinə görə, ölkəyə gələn hər 10 xarici ölkə vətəndaşının yeddisi dörd qonşu ölkənin - Rusiya, Gürcüstan, İran və Türkiyənin vətəndaşıdır. Onu da nəzərə almaq lazımdır ki, Rusiya və Gürcüstandan gələn turistlərin əksəriyyəti üçün bu səfərlər daha çox ailə üzvləri ilə görüş xarakteri daşıyır. Yəni, həmin şəxslərin turist olaraq ölkəyə iqtisadi faydası digərləriylə müqayisədə daha azdır.

2018-ci ilin ilk üç ayını əhatə edən rəsmi rəqəmlərdən aydın olmuşdu ki, ölkəyə səfər edən hər gürcü vətəndaşı Azərbaycanda ortalama 373 manat xərcləyib. Rusiya vətəndaşları üçün bu göstərici 696 manata, İran vətəndaşları üçün 959 manata, Türkiyə vətəndaşları üçünsə 986 manata bərabər olub.

Azərbaycanda adambaşına ən çox pul xərcləyən turistlər yaponlardır. Gündoğar ölkədən Azərbaycana gələn hər turist ortalama 2 min 872 manat xərcləyib. İkinci yeri amerikalılar tutur - 2 min 818 manat. İlk üçlükdəki sonuncu ölkə isə Küveytdir. Bu ölkədən Azərbaycana səfər edənlər ölkə iqtisadiyyatına ortalama 2 min 714 manat qazandırıb. Azərbaycana gələn hər bir turistə düşən xərcləmə miqdarı isə 945 manat olub.

2019-cu ildə vətəndaşları Azərbaycana ən çox səfər edən 10 ölkə

Ölkə

Azərbaycana gələn turistlərin sayı

1

Rusiya Federasiyası

933 min

2

Gürcüstan

725 min

3

Türkiyə

317 min

4

İran

256 min

5

Səudiyyə Ərəbistanı

107 min

6

BƏƏ

68 min

7

Hindistan

65 min

8

Qazaxıstan

65 min

9

Ukrayna

59 min

10

Türkmənistan

52 min

XS
SM
MD
LG