Reuters yazır ki, İspaniya Ali Məhkəməsi sentyabrın 24-də hökumətə diktator Francisco Franco-nun qalıqlarının 1975-ci ildə dəfn olunduğu dövlət mavzoleyindən çıxarılmasına icazə verib.
Bu məhkəmə hökmü onilliklərdir İspaniya cəmiyyətini ikiyə bölən ziddiyyətə son qoya bilər.
Franco 1936-1939-cu illərdə baş vermiş qanlı vətəndaş müharibəsinin baiskarı olub.
Sosialist Pedro Sanchez-in hökuməti bildirib ki, Franco-nun qalıqlarının Madrid yaxınlığındakı Şəhidlər Vadisi məqbərəsindən çıxarılaraq Minqorrubio El Pardo dövlət qəbirstanlığına köçürülməsini tez bir zamanda həyata keçirəcək. Franco burada arvadının yanında dəfn olunacaq.
Sosialistlər çoxdan bəri idi ki, Şəhidlər Vadisini vətəndaş müharibəsində həlak olmuş 500 minədək insanın xatirə kompleksinə çevirməyi planlaşdırırdılar.
Respublikaçıların tərəfində döyüşənlər də daxil vətəndaş müharibəsində həlak olanların 34 mini burada dəfn olunub.
Baş nazir Pedro Sanchez məhkəmə qərarını demokratiya üçün böyük qələbə adlandırıb.
İspaniya bu noyabrda 2019-cu ilin dördüncü seçkisini keçirəcək və sağ təmayüllü partiyalar Sanchez-i Franco-nun mavzoleydən çıxarılmasını seçki təbliğatına çevirmək cəhdində ittiham ediblər.
Mərkəz-sağçı Vətəndaş Partiyasının lideri Albert Rivera deyib ki, Sanchez “Franco-nun sümükləri ilə oynamaqla bizi parçalamağa çalışır”.
Franco-nun ailəsi məhkəmə qərarından şikayət vermişdi və diktatorun Madridin mərkəzindəki kral sarayına bitişik Almudena katolik məbədinin qəbirstanlığında – qızının yanında dəfn olunmasını istəyirdi.
Məhkəmə ailənin ricasını rədd edib.
Franco ailəsinin vəkili bildirib ki, onlar ölkədəki bütün instansiyalara, sonda isə Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklər.
Franco-nun ölümündən sonra demokratiyaya keçidin asanlaşdırılması üçün İspaniyada vətəndaş müharibəsi cinayətlərindən amnistiya elan edilmişdi.
Bu amnistiya aktı – “Unutmaq paktı” adlanırdı.