Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:33

Fransada Rusiyaya məxfi mikrosxemlər ixrac edən şirkətin rəhbərliyi həbs edilib


Ommic şirkətində
Ommic şirkətində

Fransanın hakimiyyət orqanları mikrosxem istehsalı üzrə ixtisaslaşmış Ommic şirkətinin rəhbərliyini Çin və Rusiyaya hərbidə istifadə olunan məxfi texnologiyalar verdiyinə görə həbs edib.

Le Parisien qəzeti yazır ki, həbs olunanlardan ikisi Fransa, ikisi isə Çin vətəndaşlarıdır. Bu şəxslər şirkətin rəhbərliyinə daxil idilər.

Qəzetin yazdığına görə Ommic-in sahibi olan çinli biznesmenin şirkətə aid səhmləri müsadirə olunacaq və beləliklə də şirkət Fransa hökumətinin nəzarətinə keçəcək.

İstintaq materiallarında deyilir ki, bu çinli biznesmen 2018-ci ildə Fransada qurduğu investisiya fondu vasitəsi ilə Ommic şirkətinə aid səhmlərin 94 faizini alıb və qurumun prezidentinə çevrilib.

O daha sonra şirkətin rəhbərliyinə iki Fransa vətəndaşını və qardaşı oğlunu daxil edib.

Dolayı sxemlər

Le Parisien istintaq orqanlarına istinadla yazır ki, şirkət sahibinin öz ölkəsi – yəni Çinin müdafiə sənayesi ilə sıx əlaqələri olub.

İstintaqın məlumatına görə “şirkət sahibi Ommic şirkətində istehsal olunan ən müasir texnologiyaları Çinə ötürməyə çalışıb”.

Bu da qeyd olunur ki, şirkətin rəhbərlərindən biri mikrosxemlərin və məxfi texnologiyalar barədə məlumatların Çin və Rusiyaya ötürülməsi üçün bir sıra dolayı sxemlər işləyib hazırlayıb.

Çiplərin bir hissəsi Çinin dövlət silah müəssisələrinə saxta faktura və bəyannamələrlə ixrac olunub.

Şirkət rəhbəri bundan başqa mikrosxemlərin Rusiyaya çatdırılması üçün Çin, Litva, Hindistan və Türkiyədəki araçılardan istifadə edib.

Müstəntiqlər deyirlər ki, çiplər və texnoloji informasiyalar Rusiyanın silah istehsal edən dövlət müəssisələrinə ötürülüb.

Əlbəəl çatdırılıb

İstintaq materiallarında deyilir ki, Ommic şirkəti başçısının təyin etdiyi icraçı direktor bəzi hallarda mikrosxemləri Rusiya sifarişçisinə Yunanıstana səfərləri zamanı əlbəəl çatdırıb, ya da yaşadığı şəhərdən poçtla göndərib.

Qəzet yazır ki, Ommic mikrosxemlərin qanunsuz ixracını yalnız 2023-cü ilin martında, polis şirkətin rəhbərliyini və bu sxemə bağlı başqa əməkdaşlarını həbs edəndə dayandırıb.

Le Parisien bildirir ki, Ommic Rusiyaya ixrac üçün Belçikada çinli biznesmen tərəfindən qurulmuş saxta şirkətdən araçı kimi istifadə edib.

Ommic Fransanın kompüter mikrosxemləri üzrə aparıcı şirkətlərindən biridir.

Bu şirkətin məhsullarından 5G avadanlığında, peyklərdə, habelə tank radarlarında və raket nişanalma sistemlərində istifadə olunur.

XS
SM
MD
LG