Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:01

Azərbaycanda Fransa şirkətilə bağlı qalmaqal


“Thales İnternational Western Counties B.V” şirkətinin Azərbaycan nümayəndəliyinin keçmiş direktoru Mehmet Şahan 8.6 milyon manatlıq yeyinti ittihamıyla həbs olunub

“Thales İnternational Western Counties B.V” şirkətinin Azərbaycan nümayəndəliyinin keçmiş direktoru Mehmet Şahan 8.6 milyon manatlıq yeyinti ittihamıyla həbs olunub.

Türkiyə vətəndaşı olan Şahan şirkətin baş ofisindən – Fransadan nümayəndəliyin bank hesabına köçürülmüş vəsaitləri müxtəlif xərclər adıyla mənimsəməkdə ittiham olunur.

Bu şirkət “Thales İnternational Group”un törəmə şirkətidir. Bu qrup dünyanın 60-dan çox ölkəsində aviakosmik, müdafiə, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Əsasən fəaliyyəti inzibati, texniki və s. sahələrdə maliyyə məsləhətçiliyindən ibarət olsa da, bəzi ölkələrdə şirkətlərə, sub-ofislərə mühasibat xidmətləri də göstərir.

İttihamlar

Şirkətin Azərbaycan nümayəndəliyinin gördüyü işə gəlincə, Bakıda naviqasiya, mühafizə sistemləri və digər sahələr üzrə müxtəlif dövlət orqanları, müəssisələrlə əməkdaşlıq edib, konsultasiya xidməti göstərib.

Onların arasında Müdafiə Nazirliyi, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), Dövlət Sərhəd Xidməti, “Dövlət Dəmir Yolları” QSC və başqaları var.

Şahan 2014-2021-ci illərdə şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri olub. Cinayət işinin materiallarında iddia olunur ki, “YapıKrediBank” vasitəsilə baş ofisdən Azərbaycana göndərilən vəsaitləri Şahan xidmətin ödənişi adı altında müxtəlif şirkətlərin hesablarına köçürüb. Oradan da çıxararaq mənimsəyib.

Bundan başqa, bankdan verilən qəbzləri baş ofisə saxtalaşdırılmış formada – kompüterdə dəyişərək göndərdiyi iddia olunur. Ona CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Milli kimlik iddiası

2022-ci ilin fevralından həbsdə olan Şahan özünü təqsirli bilmir. O, iddia edir ki, milli kimliyi də həbsində ciddi rol oynayıb. İşdən qanunsuz çıxarıldığını, bu üzdən Fransada məhkəməyə üz tutduğunu deyən Şahanın sözlərinə görə, haqlı olduğu halda, ona kompensasiya ödəməmək üçün bu şəkildə şərləyiblər.

“Həm kompensasiya ödəməmək, həm də bir türk olaraq, mənə qarşı düşmənçiliyin davamı kimi, belə bir şikayət elədilər. Şikayəti verəndə də bütün sənədləri gizlətdilər ki, təqsirsizliyimi sübut edə bilməyim. Plan çoxdan qurulmuşdu. İşdən çıxarılmamışdan az öncə məni prezentasiya adıyla Madridə dəvət edib, orada kompüterimi, telefonumu əlimdən aldılar ki, əlimdə heç bir sübut qalmasın”, – Şahan belə deyir.

O, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış istintaqdan da narazı qalıb. Deyir ki, müstəntiq ona qarşı qərəzli davranıb.

'İcra başçısı dedi ki, indiyəcən nə yemisən, get onu ye'
Gözlə

No media source currently available

0:00 0:04:38 0:00

“Belə bir şirkətdə 7 il pul mənimsəmək olardı?!”

Sabiq direktorun sözlərinə görə, Azərbaycanda hansı dövlət orqanıyla işləyəcəklərinə baş ofis qərar verirdi, onlar isə sadəcə, müqaviləyə uyğun olaraq, xidmət göstərirdilər. Deyir ki, ittihamda yazıldığı məbləği mənimsəməsi mümkün deyildi. Çünki ildə 4 dəfə baş ofis yoxlama keçirirdi.

“7 il ərzində Baş Ofisin nəzarəti və razılığını alıb işləmişəm. Belə bir şirkətdə 7 il pul mənimsəmək olardı?! Mənim başıma gələnlər erməni lobbisinin və Ermənistanın prezidentinin dostu (şirkətdə çalışan) Pier Matyunun işləridir”, – Şahanın sözləridir.

Ancaq adıçəkilən şəxsin bu ittihama münasibəti bəlli deyil.

Keçmiş direktor Azərbaycanda gördükləri işlər haqqında danışarkən deyib ki, nümayəndəliyin fəaliyyəti 5 istiqamət üzrə olub: müdafiə, təhlükəsizlik, hava və dəmir yol nəqliyyatının idarə olunması, kosmos. O bildirib ki, şirkət əsasən dövlət orqanlarıyla işləyir, podrat, subpodrat müqavilələri bağlayırdı. Burada radarların yenilənməsi, siqnalizasiya sistemlərinin quraşdırılması kimi işlərlə məşğul olurdular.

4 milyon avrodan çox ziyan ittihamı

Azərbaycandakı nümayəndəlik Şahan və daha üç işçidən ibarət olub: Tamilla Turabova, Malynovsky Mykhailo, İlqar Əliyev.

Bakı Ağır Cinayətlər Məhkəməsində Şahanın işi üzrə şahid kimi dindirilən Tamilla Turabova onu ittiham edir. Hazırda da Azərbaycan nümayəndəliyində direktor köməkçisi vəzifəsində çalışan Turabova keçmiş rəhbərini şirkətə 4 milyon avrodan ziyan vurmağa görə qınayıb. Amma bu ziyanın necə hesablanmasından, vəsaitin hansı yollarla mənimsənilməsindən xəbəri olmadığını da söyləyib.

“Nümayəndəliyin aylıq xərcləri şişirdilib. Gələn vəsaitlər aidiyyəti üzrə xərclənməyib. Saxta, həqiqətə uyğun olmayan hesabatlarla baş ofis aldadılıb. Baş ofisə göndərilən “YapıKrediBank”ın çıxarışları əsl bank çıxarışlarından fərqlidir. Onları dəyişib, sənəddəki məlumatları, rəqəmləri saxtalaşdırıb. Bankın imza və möhürünü skan edib, saxta çıxarış düzəldərək, baş ofisə göndərib”, – bunu isə şirkətin başqa bir işçisi Sevda Rəhimova məhkəmədə deyib.

Vəkilin iddiası

Vəkil Rübail Səfərov isə hesab edir ki, məhkəmənin obyektiv və ədalətli hökm verə bilməsi üçün mühasibat ekspertizası keçirilməlidir. Müdafiəçinin fikrincə, rəqəmlər baş ofis tərəfindən şişirdilib. Vəkil Şahanın həbsinin “Fransanın apardığı düşmənçilik siyasətinin tərkib hissəsi” olduğunu iddia edir.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Azərbaycanla Fransanın münasibətlərində son vaxtlar gərginlik müşahidə olunur. Buna Fransa Senatının noyabrın 15-də hökuməti “Azərbaycanın Ermənistan üzərinə hücumlarına və Qarabağdakı təcavüzünə görə” Bakı üzərinə sanksiyalar qoymağa çağıran qətnaməsi səbəb olub. Azərbaycan buna görə Fransaya etiraz notası təqdim edib.

Prezident Əliyev ötən həftə “Ermənistan-Fransa tandemini” Azərbaycana qarşı fəaliyyətdə ittiham edib. Fransa isə indiyədək Azərbaycan-Ermənistan münaqişəsinin sülh yoluyla həllini dəstəklədiyini bildirib.

XS
SM
MD
LG