Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:59

Azərbaycanın demokratiya balı bir az da düşüb


Bakı.
Bakı.

Böyük Britaniya və Birləşmiş Ştatlarda populist qələbələr Soyuq müharibədən sonrakı dünya düzənini silkələyib, Avropa və Avrasiyada sabitsizlik qorxularını artırıb. Bunu «Freedom House» insan haqları təşkilatı aprelin 4-də açıqladığı «Keçid ölkələri 2017» (Nations in Transit 2017) hesabatında bildirir. Sayca 22-ci olan illik hesabatda Mərkəzi və Şərqi Avropa, Balkanlar və Avrasiyada demokratiyanın durumundan söz açılır.

AZƏRBAYCAN VƏ QONŞULARI

Ölkələr 1-7 bal üzrə dəyərləndirilib, 1 ən yüksək, 7 ən aşağı göstərici sayılır.

Azərbaycan Seçki prosesi, Vətəndaş cəmiyyəti, Müstəqil media, Milli demokratik idarəçilik, Məhkəmə qanunvericiliyi və müstəqilliyi, Korrupsiya kateqoriyaları üzrə 7, bircə Yerli demokratik idarəçilik üzrə 6.50 bal toplayıb. Bu göstəricilər əsasında hesablanan Demokratiya balı isə 6.93 olub. Ötənilki bal 6.86 idi, yəni son bir il ərzində geriləmə qeydə alınıb.

Müqayisə üçün, Gürcüstanın demokratiya balı 4.61, Ermənistanda 5.39-dur.

Builki hesabatın parlaq örnəkləri Ukrayna, Rumıniya və Kosovodur. Bu ölkələrdə struktur islahatlar gerçəkləşdirilib.

Hakimiyyət təmsilçilərinin bu hesabatla bağlı mövqeyi, hələlik, bəlli deyil. Amma indiyədək «Freedom House» və digər beynəlxalq insan haqları təşkilatlarının səsləndirdiyi tənqidləri hakimiyyət, bir qayda olaraq, rədd edib, onları ölkəyə qarayaxma kampaniyası aparmaqda suçlayıb, bütün təməl hüquq və azadlıqların təmin olunduğunu bildirir.

Hesabata reaksiyaları gün ərzində saytımızdan izləyin.

BUILKİ HESABATIN ƏSAS TAPINTILARI

- «Freedom House»un hesabatına salınmış 29 ölkənin yarıdan çoxunda demokratiya göstəriciləri düşüb – 18 ölkənin balı salınıb. Bu, 2008-ci ilin qlobal maliyyə böhranından bəri ikinci ən böyük düşüşdür.

Foto illüstrasiya
Foto illüstrasiya

- Hesabat tarixində ilk dəfə olaraq, «Möhkəmlənmiş avtoritar rejimlər»in sayı «Möhkəmlənmiş demokratiyalar»dan çoxdur.

- Mərkəzi Avropa regionunda dibdə Macarıstan qərarlaşıb. Polşanın balı da düşüb. Səbəb bu ölkələrdə populist liderlərin konstitusiya məhkəmələrinə hücumları, ictimai medianı propoqandası platformasına çevirmələridir.

- Avrasiya məkanında Qırğızıstan «Möhkəmlənmiş avtoritar rejimlər» kateqoriyasına geriləyib. Bu ölkə həmin kateqoriyadan 2011-ci ilin rəqabətli parlament seçkilərindən sonra çıxmışdı. Beləliklə də, keçmiş sovet ölkələrindən, Baltik regionunu çıxmaqla, yalnız Moldova, Ukrayna, Ermənistan və Gürcüstan «Möhkəmlənmiş avtoritar rejimlər» sırasında deyil.

- Hesabatda vurğulanır ki, regiondakı 12 ölkənin 5-də korrupsiya xalları azalıb, yəni bu sahədə durum pisləşib. Azərbaycan, Türkmənistan və Özbəkistanda isə ən aşağı həddə yuvarlanıb.

- Korrupsiyayla mübarizə üzrə göstəriciləri yüksələn Ukrayna və Belarusdur. Ukraynada məhkəmənin müstəqilliyi, korrupsiya, yerli demokratik idarəçilik üzrə irəliləyiş qeydə alınsa da, vətəndaş cəmiyyəti xalı ekstremist qrupların təsirinin yüksəlməsi səbəbindən azalıb.

«MÜHARİBƏ TƏHLÜKƏSİ ARTA BİLƏR»

«Freedom House» bildirir ki, demokratiyanın müdafiəsindən ötrü Mərkəzi Avropa, öncələrdə olduğu kimi, vacib səhnə sayılmır. Belə ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin orta demokratiya balı 2008-ci ilin iqtisadi böhranından bəri azalıb. Macarıstanın demokratik geriləməsi də sürətlənib.

Balkanlarda 4 ölkənin demokratiya balları düşüb, ikisində yüksəlib. Geriləmə siyahısının önündə Makedoniya gəlir, səbəb də ölkədəki zorakı etnik münaqişədir. Avropa Birliyinə üzvlük danışıqlarında irəliləməsinə baxmayaraq, Serbiyanın demokratiya balı 2003-cü ildən bəri ən aşağı səviyyədədir.

«2016-cı ilin aprelində Niderlandda Ukraynanın Avropa Birliyi ilə Assosiasiya müqaviləsini tanımayan referendum, Böyük Britaniyanın AB-dən çıxmağa səs verməsi, Donald Trump-ın ABŞ-da prezidenti seçilməsi Soyuq müharibədən sonrakı kövrək düzən barədə şübhələr yaradıb», – hesabatda deyilir.

«Freedom House» bildirir ki, bu yenidən tarazlama Avropa və Avrasiyada müharibə təhlükəsini artıra bilər. Elə bu ilin əvvəlində Ukraynanın şərqində atışmalar qızışıb, Kosovo və Serbiyada gərginlik artıb. «2016-cı ilin aprel toqquşmalarında son 22 ildə ən çox itki verən Ermənistanla Azərbaycan isə ABŞ-ın yeni administrasiyasının Qafqazda sülhün saxlanmasına sadiq qalıb-qalmadığını diqqətlə izləməkdədir», – sənəddə vurğulanır.

XS
SM
MD
LG