Aqil Abbas: «Əfqan Muxtarlının başına tac qoymalıdırlar?»
Deputat Aqil Abbas «Freedom House»un hesabatındakı fikirlərlə razılaşmır. O, sənəddə deyilənin əksinə, Azərbaycanın «azad ölkə» olduğunu, təməl hüquqların təmin edildiyini bildirir. Deputat hakimiyyətin opponentlərinin söylədiyi tənqidləri də, xüsusən də jurnalistlərin, siyasi fəalların həbs edilməsi, təqib olunması barədə deyilənləri də rədd edir:
«Mən Əfqan Muxtarlını yaxşı tanımıram. Üzr istəyirəm, ola bilər, yaxşı jurnalistdir, mən tanımıram. «Azərbaycanda jurnalistlər həbs edilir» deyirlər. Jurnalist cinayət törədir, sərhədi qanunsuz keçirsə, məsələn, Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz keçirsə, həbs olunur. Neyləməlidirlər? Onun başına tac qoymalıdırlar?.. Ad çəkməyəcəm, Azərbaycanda, «Yeni Müsavat» qəzetində elə yazarlar var, iqtidarı elə də söyürlər, belə də. Bəs niyə onları tutmurlar? Ya da başqa qəzetlərdə işləyən jurnalistləri, bloqlarda, sosial şəbəkələrdə yazanları niyə həbs etmirlər? Deməli, o fikir səhvdir. Bu, Azərbaycana təzyiq vasitəsindən başqa bir şey deyil».
Deputat hər hansı jurnalistin, eləcə də Ə.Muxtarlının həbs edilməsini istəmədiyini vurğulasa da, «qanun qarşısında hamı bərabərdir» deyərək əlavə edir.
A.Abbas Azərbaycanda fikir azadlığının olmaması haqda deyilənləri də rədd edir:
«Mən səhərdən Makrona (Fransa prezidenti Emmanuel Makron) qulaq asıram. Sayın Ərdoğana (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan) nöqsan tutur ki, sizdə düşüncə özgürlüyü yoxdur, filan. Amma həmin ölkədə kim desə «Erməni soyqırımı olmayıb», onu həbs edərlər, səhv etmirəmsə, 40 min avro cərimə edərlər. Onda haradadır düşüncə özgürlüyü? Yəni bu cür hesabatlar öz maraqları daxilində olan şeylərdir. Kimi istəyirlər, qeyri-demokratik elan edərlər, məsələn, Suriyanı dağıda bilərlər, Liviyanı, İraqı dağıda bilərlər ki, onlar qeyri-demokratikdir. Kimi də istəyərlər demokratik sayarlar».
Deputat hesabatda səslənən «ABŞ-ın özündə demokratik standartlar aşındığı üçün böhran yaşanır və buna görə də demokratiya qlobal miqyasda hücumlara məruz qalaraq geri çəkilməli olur» fikrinə belə münasibət bildirir:
«Amerikada demokratiya ümumiyyətlə olmayıb. Amerikada demokratiya öz daxili üçündür. Daxilində az-çox demokratiya var, bunu heç kəs dana bilməz. Amerikada demokratiya var! Amma Amerikadan çıxandan sonra demokratiya yoxdur! Hansı demokratiyadan danışırsınız? PYD-yə (Suriyada kürdlərin silahlı qruplaşması) silah göndərən demokratiyadan danışırsınız? Bunu özləri də etiraf edirlər ki, Türkiyəyə qarşı 30 minlik ordu yaradıblar».
Cəmil Həsənli: «Hüququn tərbiyəsiz şəkildə pozulması...»
«Hesab edirəm ki, Azərbaycanda durum «Freedom House»un açıqladığı hesabatda əks olunanlardan daha ağırdır», - Milli Şuranın sədri Cəmil Həsənli adıçəkilən qurumun «2018-ci ildə Dünyada Azadlıq» hesabatına münasibət bildirərkən belə deyir. Hesabatda Azərbaycan «qeyri-azad» ölkələr kateqoriyasına salınıb.
Şura sədri ölkədə 160 nəfərə yaxın siyasi məhbus olduğunu bildirir. Onun sözlərinə görə, Azərbaycanda insan haqları, vətəndaş cəmiyyəti ilə bağlı «kritik vəziyyət» yaranıb. C.Həsənli fikrini əsaslandırmaq üçün belə bir misal çəkir:
«Bütün dünya bilir ki, jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanıb. Amma o boyda oğurluq faktı gözardı edilir, adama məhkəmə də keçirilir, iş də verilir. Yəni hüququn bu cür açıq-aşkar, hətta çox tərbiyəsiz şəkildə pozulması insan haqlarının gerçək durumunun göstəricisidir. Və ya xaricdə mühacirətdə olan bir nəfər sosial şəbəkədə fikrini yazdığına görə Azərbaycanda atası, qohumları polisə aparılır, məcbur edilir ki, Facebook-da yazdığı tənqidi fikri pozsun. Vəziyyət son dərəcə ağırdır və bir daha təkrar edirəm ki, «Freedom House»un açıqladığından da ağırdır».
«Putin hüququn təminatçısıdırsa...»
Hesabatda deyilir ki, Amerikada demokratik standartların sürətlə aşılanması nəticəsində yaşanan böhran ucbatından demokratiya qlobal miqyasda hücumlara məruz qalaraq geri çəkilməli olur.
Sənəddə qeyd olunur ki, aparıcı demokratiyaların geri çəkilməsindən fürsətlənən Rusiya və Çin repressiyalarını nəinki artırır, hətta özlərinin mənfi təsirlərini başqa ölkələrin üzərinə köçürürlər.
C.Həsənli ənənəsi olan ölkələrdə, xüsusən də Avropa ölkələrində demokratiyanın geri çəkilmədiyini düşünür. Onun fikrincə, geriləmə Rusiya və Türkiyə kimi ölkələrdə müşahidə olunmaqdadır:
«Məsələn, müxalifətçi Aleksey Navalnını saxta səbəblərlə seçkilərə buraxmadılar. Prezident Vladimir Putin mətbuat konfransında dedi ki, o, Qərbin adamıdır. Yəni Qərbin adamı olduğuna görə adamı seçkilərə buraxmazlar? Bu, açıq-aydın demokratiyanın böhranıdır. Xüsusən də Rusiyada demokratiyanın geriləməsi postsovet ölkələrinə çox mənfi təsir göstərir, o cümlədən də Azərbaycana. Elə bunun nəticəsidir ki, cənab İlham Əliyev yanvarın əvvəlində qeyri-rəsmi bir tədbirdə - MDB dövlət başçılarının görüşündə Putini bütün dünyada sabitliyin və hüququn təminatçısı kimi təqdim etdi. Putini dünyada hüququn təminatçısı kimi təqdim etmək o deməkdir ki, gör indi hüquq hansı vəziyyətdədir».
AzadlıqRadiosu Azərbaycanın rəsmilərindən də hesabatla bağlı açıqlama almağa çalışır. Ancaq indiyədək hakimiyyət təmsilçiləri ölkədə insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri qəbul etməyiblər, fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildiriblər. «Freedom House», «Human Rights Watch», «Amnesty International» hüquq-müdafiə qurumlarının tənqidləri isə ölkəyə qarşı «məqsədyönlü qarayaxma kampaniyası» kimi dəyərləndirilib.