Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:31

Vəkil Fuad Ağayevə töhmət verildi


Fuad Ağayev
Fuad Ağayev

İctimai-siyasi fəalları müdafiə edən daha bir vəkil cəzalandırılıb. İyulun 9-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarıyla Fuad Ağayevə töhmət verilib.

ReAl partiyasının sədri İlqar Məmmədov, bloqqer Mehman Hüseynov və başqa ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən Fuad Ağayev Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında cəzalandırılıb.

Şikayətdə iddia olunub ki, Ağayev İlqar Məmmədovun saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsinin rəisini təhqir edib.

Töhmət qərarını AzadlıqRadiosu-na şərh edən Fuad Ağayev onu əsassız sayır. O hesab edir ki, bu cür qərarlar vəkillərin fəaliyyətinin daha da məhdudlaşdırılmasına xidmət edir:

"İclasda əsaslı dəlillər ortaya qoyub, Penitensiar Xidmətin mənimlə bağlı şikayətinin əsassız olduğunu bildirdim. Hesab edirəm ki, bunu isbat etdim. Vəkilin müvəkkili üçün apardığı sənədlərə baxış keçirmək qanundan irəli gəlmir. Xüsusən də həmin sənədlərə baxış keçirib, onu geri qaytarmamaq, vəkilin fəaliyyətinə mane olmaq - ciddi pozuntudur. İclasda da dedim ki, vəkilləri sıxışdırmaq məqsədiylə göndərilən bu cür şikayətlər geri qaytarılmalı, qanunun tələbləri onlara izah edilməlidir. Mənim hüquqi əsasa söykənən mövqeyimi dinləsələr də, təəssüf ki, eşitmədilər və mənə töhmət verdilər. Hesab edirəm ki, bu, vəkillərin öz müvəkkillərinin hüquqlarını qoruyarkən daha qorxaq fəaliyyət göstərmələrinə zəmin yaradacaq qərardır. Bu cür qərarar vəkilləri istintaq orqanlarından, cəzaçəkmə müəssisələrindən asılı salmağa xidmət edir. Və bu, tək mənə aid deyil..."

Xatırlatma

Vəkillər Kollegiyasında son yeddi ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərləri var.

Yalçın İmanov istisna olmaqla, digərlərinə bir illik məhdudiyyət tətbiq olunub.

Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.

Ən son olaraq, bu yaxınlarda vəkil İradə Cavadova cəzalandırılıb.

Vəkillər barəsində cəza qərarları əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.

Rəsmi Bakı ölkədə ümumiyyətlə siyasi məhbus olmadığını bəyan edir.

XS
SM
MD
LG