«Dünyada bir milyard insan acdır, onda gərək heç bir Oyun keçirilməsin? Bəlkə bütün insanlar, bütün beynəlxalq təşkilatlar xərclədikləri maliyyə vəsaitini onlara göndərsin ki, aclığı aradan qaldırsınlar?».
Artıq bir həftədir Azərbaycanda İslam Həmrəyliyi Oyunları start götürüb. Bu Oyunlarla bağlı ilk gündən müxtəlif fikirlər səslənir. İqtisadi böhran yaşayan ölkədə belə bahalı yarışların keçirilməsinə qarşı çıxanlar da var, bunu təqdir edənlər də, Oyunlara qatılan idmançıların, nümayəndə heyətlərinin səviyyəsindən narazılıq edənlər də...
AzadlıqRadiosu deputat, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovdan bu məsələlərə münasibət öyrənməyə çalışıb.
– Fuad bəy, İslam Həmrəyliyi Oyunlarını keçirməklə hakimiyyət istədiyi hədəfə çatdımı? Yəni, beynəlxalqın ictimaiyyətin diqqətini ölkəyə cəlb edə bildimi və ya gözlənildiyi kimi, yetərincə turist axını oldumu?
– Azərbaycan birinci dəfə deyil ki, beynəlxalq idman tədbirləri keçirir. Burda məqsəd Azərbaycan gənclərinin, ictimaiyyətinin sağlam həyat tərzinə sövq edilməsidir. Cənab prezidentin də fikri budur ki, Azərbaycan gəncləri idmanla çox məşğul olsunlar, sağlam həyat tərzi keçirsinlər. Eyni zamanda, başqa məsələlər də var, Azərbaycan torpaqları işğal altındadır. Beynəlxalq ictimaiyyət də gəlib Azərbaycanda keçirilən islahatları görür, xalqın tolerantlığını görür, bu da Azərbaycanın ümumi mövqeyinə, beynəlxalq təşkilatlarda fəaliyyətinə müsbət təsir göstərir. Bir neçə məqsəd də vardı. Ən vacibi isə idmançılarımız üçün təcrübədir. Hər bir yarış böyük hadisədir, onun hazırlığı var, keçirilməsi var, Azərbaycan himni səsləndirilir, Azərbaycan bayrağı qaldırılır. Burda dövlətin tək istəyi kifayət etmir, həm infrastruktur olmalıdır, həm də dövlət dəstəyi. Azərbaycanda bu gün bunlar olduğuna görə İslam İdman Federasiyası müəyyənləşdirmişdi ki, burda belə Oyunlar keçirmək mümkündür. Böyük idmançı heyətləri burdadır. Onlar Bakını görürlər, regionları görürlər, bunun müsbət təsiri olacaq.
– İdman mütəxəssislərinin yazdıqlarına görə, İslam Oyunlarına beynəlxalq yarışlarda böyük uğurlar əldə etmiş idmançılar qatılmayıb, gələnlər əsasən ikinci-üçüncü heyətdə təmsil olunan idmançılardır. Və ya başqa nüfuzlu idman yarışlarında uğur qazana bilməyən Azərbaycan idmançılarının İslam Oyunlarında medal qazanması, yüksək yerlərdə qərarlaşması da rəqabətin yetərincə güclü olmadığının sübutu kimi qəbul olunur. Razılaşırsınızmı mütəxəssislərlə?
– Bu fikri o adamlar deyə bilər ki, idmandan uzaqdırlar. İdmanda ikinci, üçüncü dərəcəli anlayışı ola bilməz. Xüsusən də belə kütləvi idman növlərini götürsək. İdmanla məşğul olanlar bilirlər ki, hər bir yarış böyük mübarizədir, özəlliklə də beynəlxalq yarışlar. İslam Oyunları tam olimpiada sistemi ilə həyata keçirilir. İkincisi, hər ölkə göndərəcəyi idmançını özü müəyyənləşdirir, idmançı müəyyən kvalifikasiya keçməlidir, ən azından birinci, ikinci yeri tutmalıdır, ölkə çempionu olmalıdır və s. Bura gələn idmançının məqsədi isə qalib gəlməkdir.
– Ölkə iqtisadi böhran yaşadığı bir dövrdə milyonların xərcləndiyi böyük idman yarışlarının keçirilməsinə ehtiyac olmaması barədə fikirlər də vaxtaşırı səslənməkdədir. Hətta təkliflər var ki, həmin pullar ölkənin sosial problemlərinin həllinə yönəlməliydi, nəinki İslam Oyunlarına.
– Bu Oyunlarla bağlı qərar qəbul edilən vaxt dünyada, xüsusən də bizdə iqtisadi sahədə problem yox idi. İkincisi, cənab prezidentin gerçəkləşdirdiyi siyasət nəticəsində bu gün biz bir çox sahələrdə irəliləyişlər əldə etmişik, iqtisadi göstəricilərimiz artır. Üçüncüsü, istənilən halda, idman yarışları olmalıdır. Bu yanaşmaya qalsa, gərək, ABŞ-da 33 milyon yoxsul insan yaşayır, amma orda Oyunlar da keçirilir, həyat tərzi də necədirsə, elə də davam edir. Və yaxud dünyada bir milyard insan acdır, onda gərək heç bir Oyun keçirilməsin? Bəlkə bütün insanlar, bütün beynəlxalq təşkilatlar xərclədikləri maliyyə vəsaitini onlara göndərsin ki, aclığı aradan qaldırsınlar? Belə bir şey yoxdur, düzdür? Belə yarışların keçirilməsi eyni zamanda mədəniyyətdir. Bu gün Azərbaycanın bu Oyunları keçirməyə imkanı var və biz bu Oyunları keçirməklə heç bir sahəni arxa plana atmırıq. Büdcədə nəzərdə tutulan bütün sosial istiqamətlərin həyata keçirilməsində də problem yoxdur. Ona görə bu yanaşmayla razı deyiləm.
– İslam Həmrəyliyi Oyunlarının keçirildiyi bir vaxtda 80 faizi dövlət nəzarətində olan Azərbaycan Beynəlxalq Bankının (ABB) müflis ola bilməsi haqda xəbərlər gəlməyə başladı. Hətta beynəlxalq ekspertlər hesab edirlər ki, ABB-nin durumu Azərbaycan iqtisadiyyatına inamı sarsıdır, eləcə də SOCAR-ın gələcəyi ilə bəzi şübhəli ehtimallar səslənməkdədir. Bu durumda «Bu gün Azərbaycanın bu Oyunları keçirməyə imkanı var» demək nə qədər doğrudur?
– Siz başladınız mənim sahəmdən, mən də peşəkar kimi fikrimi dedim. Ancaq mən peşəkar bankir deyiləm. Bununla belə, deyə bilərəm ki, bu, restrukturlaşma prosesidir. İstənilən halda, Beynəlxalq Bank bank kimi fəaliyyətini göstərir. Burda heç bir faciə yoxdur. Tarixdə bundan da böyük banklar restrukturizasiya olunub, son nəticədə onlara dövlət dəstəyi göstərilib və onlar da bu vəziyyətdən çıxıblar. İnanıram ki, bugünkü vəziyyəti, atılan addımları nəzərə alanda, ABB ilə bağlı ciddi problem görmürük.
– Yəni, narahatlığa heç bir əsas görmürsünüz?
– Yox, mən o cümləni demədim ki, narahatlığa əsas yoxdur. Narahatlıq... Heç kimə sirr deyil ki, bizim bank sistemində problemlərimiz mövcuddur. Amma bu o dərəcədə böyük problem deyil ki, bunu sizin başladığınız İslam Oyunları və digər idman yarışları ilə bağlayaq.
– O zaman qayıdaq sizin sahəyə, idman yarışlarına. İslam Oyunlarının açılışı ilə bağlı tənqidləri necə qarşıladınız?
– Biz demokratik ölkədə yaşayırıq. Facebook-da kimi öz adından, kimi gizli adla fikirlərini yazır. Burda mən problem görmürəm, hər kəs fikrini bildirə bilər. Bu, zövq məsələsidir. Kiminsə xoşuna gələr, kiminsə gəlməz. Orda Simurq quşu ideyası vardı, mənim xoşuma gəldi. Kiminsə xoşuna gəlməyə də bilər. Azərbaycan mətbuatını çağırıram ki, daha ciddi məsələlərə, yəni ictimaiyyəti narahat edən məsələlərə toxunsun. Bu məsələsə ictimaiyyəti narahat etmir. Hətta Facebook ictimaiyyətini də narahat etmir. Düzdür, fikirlər var idi, amma o fikirlər digər fikirlərin sayından çox deyildi.