Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:43

Fuad Muradov intim şantajda ittiham olunur: daha iki təqsirləndirilən var


Fuad Muradov
Fuad Muradov

Sosial şəbəkələrdə hökuməti tənqid edən ictimai-siyasi fəalların ünvanına təhdid və təhqirləri ilə vaxtaşırı müzakirə mövzusuna çevrilən Fuad Muradovun özü həbs olunub. O, hədə-qorxu ilə pul tələb etməkdə suçlanır.

F.Muradovun həbsinin səbəbləri haqda AzadlıqRadiosuna məlumat verən mənbə bildirib ki, eyni cinayət işi üzrə ondan əlavə daha iki nəfər təqsirləndirilir. Bunların biri qadındır. Onların da haqqında həbs qərarı verilib.

"Onların üçü də ayrı-ayrı şəxslərin intim görüntülərini ailə üzvlərinə göstərmək adıyla həmin adamları şantaj ediblər. Görüntülər təqsirləndirilən qadın vasitəsilə çəkilib", - mənbənin sözləridir.

Şantaj olunan və zərərçəkmiş qismində tanınan şəxslərin sayca beş nəfər olduğu, onlardan toplam 20 min manatadək pul alındığı bildirilir.

"Zərərçəkənlərdən eləsi var, 7 min manat verib, eləsi var, 3 min manat... Rəqəmlər fərqlidir", - mənbə belə deyib.

F.Muradov və digər iki nəfərə Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələbetmə - təkrar törədildikdə), 182.2.3 (zor tətbiqi ilə törədildikdə) və 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Sözügedən cinayət işi zərərçəkmiş qismində tanınan şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayəti əsasında başlanıb. İstintaq da bu idarədə aparılır.

Özünü "Milli Fədailər Hərəkatı"nın qurucularından biri kimi tanıdan F.Muradov və onunla birlikdə həbs olunanların ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

XS
SM
MD
LG