Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:14

"Polis azarkeşin ağzını yummamalıdır"


►“Yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini qorumaq” nə deməkdir, anlamadım?"

“Polis haqqında” qanuna dəyişiklik ediləcək. Milli Məclisdən “Trend”ə bildiriblər ki, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri artırılır.

“Polis haqqında” qanunun 14-cü maddəsinə təklif edilən yeni bənddə kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının, tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.

Buna da bax: Həccdə 310 adam ölüb

“Mən yenilik görmədim”

Mahmud Hacıyev
Mahmud Hacıyev

Keçmiş polis əməkdaşı Mahmud Hacıyev AzadlıqRadiosuna deyir ki, ictimai asayişi təmin etmək polisin ən ümdə vəzifələrindən biridir:

“İstər kütləvi tədbirlər olsun, istər adi tədbir, polisin vəzifəsi ictimai asayişi qorumaqdır, ictimai qayda-qanunu pozanlara qarşı mübarizə aparmaqdır. Daxili təlimatla da bunlar tənzimlənir. Məsələn, hər hansı bir kütləvi tədbir olanda eşidirik ki, polis gücləndirilmiş iş rejiminə keçib. Yəni kütləvi tədbirlər zamanı polis diqqətini, gücünü bir az da artırır. Və bu zaman da uyğun daxili təlimat verilir”.

Mahmud Haciyev deyir ki, o, qanuna təklif edilən bənddə polisin hər hansı konkret vəzifəsinin müəyyən edilməsini görmür:

“Hər hansı fərqləndirici bir vəzifə varmı? Mən görmədim, “yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini qorumaq” nə deməkdir, anlamadım? Polis vətəndaşın təhlükəsizliyini qoruyur, onun üçün kiminsə tamaşaçı, ya yarışçı olmasının bir önəmi varmı? Sovet vaxtı da idman yarışlarında polis asayişi qoruyurdu. Yadıma gəlir, prinsipial oyunlar olanda milis stadionun qaçış yolu ilə tribuna arasındakı ilk cərgədə otururdu. Hətta futbol üzrə SSRİ birinciliyində Bakı-Yerevan komandası oynayanda iki cərgə oturmuşdular. Dediyim odur ki, qanuna təklif edilən yeni bənddə mən bir yenilik görmədim”.

Bəlkə idman yarışları zamanı polisin idman obyektlərinə girməsi və asayişi təmin etməsinə maneçilik yaradanlar var və buna görə də qanuna əlavəyə ehtiyac yaranıb?

Buna da bax: "Diktofon məndədi, orda açıq alver gedir"

“Bu, texniki əlavədir”

Zahid Oruc
Zahid Oruc

Millət vəkili Zahid Oruc deyir ki, Azərbaycanda polisin ictimai asayişi qoruması üçün ona maneçilik yaradan amillər yoxdur:

“İstənilən kütləvi tədbirlərdə polis orqanları mühafizə işini yerini yetirirdi. Amma qanunvericilikdə polisin vəzifələrinə nələrin daxil olduğunu göstərmək məncə, daha məqsədəmüvafiqdir”.

Zahid Oruc vurğulayır ki, “Polis haqqında” qanuna edilən təkliflə polisə hər hansı yeni səlahiyyət verilmir:

“Sadəcə, texniki bir əlavədir. Göstərilir ki, idman tədbirlərində, idman obyektlərində ictimai asayişi qorumaq da polisin vəzifələrinə daxildir”.

“Polis idman yarışlarında azarkeşləri qışqırmağa qoymur”

“Futbol+” qəzetinin redaktoru Kənan Həsənov məsələyə başqa cür yanaşır, deyir ki, bəzi ölkələrdə idman tədbirlərində ictimai asayişi xüsusi təlimatlandırılmış mühafizəçilər qoruyur:

“Azərbaycanda bu işi polis görür. Amma necə görür? Əsasən, futbol yarışlarında dəfələrlə azarkeşlər polis zorakılığı ilə üzləşiblər. Bir çoxunda da səbəb azarkeşlərin oyun zamanı öz emosiyalarını bildirməsi olub. Azarkeş oyuna niyə gəlir? Gəlir ki, komandasını dəstəkləsin. İdman yarışı teatr, ya kino deyil ki, sakitcə oturub tamaşa eləyəsən? Bir az kobud desək, gəlirsən ki, qışqırıb-bağırasan. Amma elə ki, bir azarkeş yerindən qalxıb qışqırır, polis dərhal müdaxilə edir ki, “otur yerində”. Ya bir şüar səsləndirəndə dərhal polis qabağını almağa çalışır. Olub ki, yarışa şüar yazılmış plakatla gələn azarkeşlə polis arasında mübahisə yaranır”.

“İdman obyektlərində polis görmək…”

Kənan Həsənov söyləyir ki, əslində polisin azarkeşlərlə davranışındakı zorakı elementlər yarışlarda azarkeş problem yaradıb:

“İdman obyektlərində polis görmək azarkeş üçün artıq psixoloji baryerə çevrilib. Polis əgər azarkeşlər arasında dava düşərsə, ya hər hansı zorakılıq halı baş verərsə, müdaxilə etməlidir. Yoxsa ki, kimsə yerindən qışqıranda onun ağzını yummamalıdır”.

Müsahibimiz əlavə edir ki, idman yarışlarının özəlliklərini nəzərə alaraq idman tədbirlərində ictimai asayişi qoruyan polislərə xüsusi təlim keçilməlidir:

“Onlar təlimatlandırılmalıdırlar, bilmədilər ki, stadionda azarkeş emosiyası zorakılığa çıxarmamaq şərtilə aşıb-daşa bilər”.

XS
SM
MD
LG