Keçid linkləri

2025, 30 Mart, bazar, Bakı vaxtı 11:07

İstefası müzakirə edilən Fernandu Santuş nəticələri düzəltməkdən bəhs edir


Fernandu Santuş
Fernandu Santuş

Baş məşqçisi postuna portuqaliyalı mütəxəssis Fernandu Santuş gətirildikdən sonra futbol üzrə Azərbaycan yığması qələbə üzünə həsrətdir. O, bu posta ötən ilin iyununda təyin olunub.

F.Santuş 2016-cı ildə Portuqaliya yığması ilə Avropa çempionu tituluna sahib olsa da, sonradan onun fəaliyyəti bir elə də uğurlu sayılmayıb. Daha sonra Polşa yığması və "Beşiktaş" klubunu çalışdıran portuqaliyalı mütəxəssislə qısa bir dönəm ərzində yollar ayrılıb.

O, Azərbaycan yığmasına gətirildikdən sonra isə səkkiz oyunda iştirak edib. Azərbaycanın futbol üzrə yığma komandası bu oyunlardan yeddisini uduzub, yalnız birində xalları bölüşüb.

Yoldaşlıq görüşləri olsa da, Azərbaycan yığmasının son iki oyunu isə ona yönəlik tənqidlərin artmasına səbəb olub.

Dünən, martın 25-də Azərbaycan yığması Belarus yığmasına doğma divarlar arasında 0:2 hesabı ilə məğlub olub. Bir neçə gün öncə isə Sumqayıtda Azərbaycan millisi Haitiyə 0:3 hesabı ilə uduzmuşdu.

"Nəticələri düzəltmək üçün çalışacağıq"

F.Santuş Belarus millisinə 0:2 məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında istefa vermək istəyində olub-olmadığı barədə suala konkret cavab verməyib.

O, bu sualı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) ünvanlamağın daha doğru olacağını deyib.

Belarusla oyuna toxunan Santuş deyib ki, birinci hissədə komandalar intensiv oyun nümayiş etdirdilər, balanslı mübarizə oldu: "İkinci hissəyə yaxşı başladıq... Təəssüf ki, yenə sadə vəziyyətdən qol buraxdıq. Rəqib önə keçdikdən sonra futbolçularımız həvəsdən düşmədilər, bərabərlik qolu üçün hücuma atıldılar. Hiss edirdim ki, qol vura bilərik. Bu səbəbdən hücum xəttinə yeni oyunçular qoşduq. Ümumi götürdükdə komandamız yaxşı mübarizə apardı, pozitiv məqamlar çox oldu... Uşaqlar göstərdilər ki, millidə oynamaq bacarıqları var. Təəssüf ki, matçın nəticəsi sevindirici olmadı. Məşqçilər, futbolçular – hər kəs buna görə məyusdur. Nəticələri düzəltmək üçün çalışacağıq".

Mətbuat konfransında ondan ardıcıl məğlubiyyətlərə görə futbol ictimaiyyəti və azarkeşlərdən üzr istəmək niyyətində olub-olmadığı barədə sual da ünvanlanıb. F.Santuş nəticələrdən üzüldüklərini ifadə edib.

Problem nədir?

"Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli isə mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, Santuşa birbaşa tənqidlər o qədər də anlaşılan deyil. O, hətta təəccübünü ifadə edib ki, bəzi şəxslər onun məşqçiliyinə belə şübhə edirlər. M.Rüstəmli onun Avropa çempionu və başqa titullarından bəhs edir.

"Bəs onda problem nədədir" sualına Rüstəmli belə cavab verir: "İndi əsas problem yığma oyunçularının ustalıq səviyyəsi, taktiki bilik və bacarıqlarının aşağı olmasıdır".

M.Rüstəmli digər yaş qruplarındakı nəticələrə də diqqət çəkir. O deyir ki, aşağı yaş qruplarında da nəticələr ürəkaçan deyil. Onun fikrincə, əgər yığmanın aşağı yaş qruplarında nəticələr yüksək olsaydı, əsas yığmanın vəziyyətinə görə birbaşa F.Santuşu günahlandırmaq olardı.

Onun portuqaliyalı məşqçinin təyinatına yeganə iradı yerli məşqçilərlə müqayisədə onun baha olmasını düşünməsidir. Hərçənd F.Santuşun illik müqaviləsinin maddi tərəfi ilə bağlı AFFA hər hansı açıqlama verməyib. Qurumdan Santuşun istefasının istənilib-istənilməyəcəyinə də aydınlıq gətirmək cəhdləri nəticə verməyib.

"Son 20-22 ildə Azərbaycan futboluna böyük pullar buraxıldığından bəhs edilir, bəs yüksəksəviyyəli futbolçular niyə artmır" sualına cavab olaraq M.Rüstəmli vurğulayıb ki, Azərbaycanın uşaq futbolunda peşəkar məşqçilərin sayı azdır. Onun deməsinə görə, SSRİ dönəmi mütəxəssislərinin çoxu ömrünü başa vurublar, onların əvəzində yetərli sayda mütəxəssislər yetişməyib.

"Futbol+" qəzetinin baş redaktoru ikinci problemi isə infrastrukturlarda görür. Onun qeyd etməsinə görə, stadionlar yetərli deyil, üstəlik, süni örtüklərdən istifadə olunur.

Yazıda səslənən tənqidi fikirlərə futbol üzrə Azərbaycan yığma komandasının üzvlərindən münasibət almaq mümkün olmayıb. Amma onlardan bəziləri söhbət əsnasında deyiblər ki, yığma komandada var gücləri ilə çalışırlar və nəticənin tezliklə dəyişəcəyinə ümid edirlər.

XS
SM
MD
LG