Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:40

Gəncə hadisələrinə görə həbs olunanlar məhkəmədən getdilər


Məhkəmə
Məhkəmə

Gəncə hadisələrinə görə həbs olunanlar bir neçə qrupa bölünüb. İki qrupa artıq hökm oxunub, onların şikayətinə hazırda apellyasiya məhkəməsi baxır. Hər biri 8 nəfərdən ibarət daha iki qrupun mühakiməsi isə davam edir. Bu qruplardan birindəki 8 nəfər mayın 23-də məhkəmədə iştirakdan imtina edib. Bu, Sabunçu Rayon Məhkəməsində Gəncənin Kəpəz Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Şahin Musayev dindirilərkən baş verib. İşə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır.

Ş.Musayev ötən il iyulun 10-da Gəncədə mərkəzi meydandakı aksiya, polislərin öldürülməsi barədə danışıb. Onun dediklərinə şüşə kabinədə olan təqsirləndirilən şəxslərdən Bəkrəm Əliyev etiraz edib. Hakim Dadaş İmanov onun məhkəmə zalından çıxarılmasına göstəriş verib. Bu zaman digər təqsirləndirilənlər də buna etiraz olaraq, ayağa qalxıblar. Hakimin «kim istəyir, gedə bilər» deməsindən sonra digərləri də məhkəmə zalından gediblər. Hakim B.Əliyev istisna olmaqla, digərləri haqqında akt tərtib etdirib.

Polis rəisi deyib ki, hadisə günü meydanda Bəkrəmi görüb. Ş.Musayev iddia edib ki, Bəkrəm həmin vaxt polisə badalaq vurub yıxıb.

Ş.Musayevin dindirməsi başa çatandan sonra təqsirləndirilən şəxslər məhkəmə zalına qaytarılıblar.

8-nəfərlik digər qrupun məhkəməsində polis əməkdaşı Səbuhi Şammədli deyib ki, aksiya iştirakçılarının əllərində daş, taxta parçaları, sellofan torbalarda qazanlar vardı. O, istintaqa ifadəsini təsdiqlədiyini bildirib. Onun istintaqa ifadəsində isə təqsirləndirilən şəxslərin əleyhinə olan fikirlər yer alıb, onlar iğtişaş törətməkdə ittiham olunub.

Təqsirləndirilən Oqtay Hüseynzadə şahid polisi yalançı şahidlikdə ittiham edib.

S.Şammədlinin sualların bir qisminə «xatırlamıram» cavabı verməsinə təqsirləndirilən şəxslərin məhkəmə zalında olan yaxınları etiraz edib. Bu zaman məhkəmədə tərəflər arasında gərginlik yaranıb.

Hər iki məhkəmə prosesi mayın 24-də davam edəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri - İlqar BalakişiyevSəməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.

Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

XS
SM
MD
LG