Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:58

Gəncə olayları - 3-cü qrupun da işi məhkəmədə


İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə silahlı sui-qəsd olub
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə silahlı sui-qəsd olub

Gəncə olaylarına görə, həbs edilmiş daha bir qrupun cinayət işi məhkəmə icraatına verilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin məlumatına görə, 8 nəfərlik həmin qrupun cinayət işi hakim Məhəmməd Bağırovun sədrlik etdiyi məhkəmə kollegiyasının icraatındadır.

Sözü gedən cinayət işi üzrə 8 nəfər təqsirləndirilir. Müttəhimlər - Gülmirzə Nurzadə, Riya Nurizadə, Fikrət Mirzəliyev, Cabir Əzizov, Səbuhi Rəcəbov, Eyruz Hacıyev, Sabir Əzizov və Elman Quliyevdir.

Adıçəkilən şəxslər ictimai təhlükəsizlik əleyhinə cinayətdə ittiham edilirlər. 8 nəfərə Cinayət Məcəlləsinin 220.1-ci (Kütləvi iğtişaş) maddəsi ilə ittiham irəli sürülüb. İttiham təsdiqlənərsə onlara dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

İşdə 17 nəfərin adı zərərçəkmiş şəxs kimi keçir.

Cinayət işi icraata verilsə də, məhkəmə prosesinin nə vaxt başlanacağı, hələlik, açıqlanmayıb.

Bu, Gəncə olayları ilə bağlı məhkəməyə göndərilən ilk iş deyil. Bundan əvvəl daha iki qrupun işi Gəncə Ağır Cinayətlər Məhkəməsində icraata verilib. Həmin cinayət işləri üzrə məhkəmə yanvarın əvvəlində başlayacaq.

Bundan əvvəl Gəncə hadisələrinə görə, məhkəmə qərarı ilə cəzalandırılan da olub. Söhbət gəncə olaylarından sonra həbs edilən Rza Səfərsoydan gedir.

O, Səbail Rayon Məhkəməsinin hökmü ilə iki il azadlıqdan məhrum edilib. 2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı olan Səfərsoy Facebook-dakı statuslarına görə, məhkum edilib.

Onun həyat yoldaşının sözlərinə görə, əri qətldə günahlandırılan Yunis Səfərovun həbsindən sonra onun durumundan narahatlıq ifadə edən statuslar yazıb, ictimaiyyəti onu tək qoymamağa çağırıb, ardınca həbs edilib.

O, Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə günahlandırılıb.

Xatırlatma

Bu il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı indiyədək 80-nə yaxın şəxsin həbs edildiyini, 11 nəfərin axtarışda olduğunu açıqlayıb.

Axtarışda olan bəzi şəxslərin silahlı müqavimət göstərərkən öldürüldüyü (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər) haqqında rəsmi məlumat yayılıb. Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

XS
SM
MD
LG