Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə məlumat yayıblar.
Məlumatda bildirilir ki, iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovun saxlanaraq, tərksilah edildiyi qeyd edilir.
“Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb”
Elmar Vəliyev və Qasım Aşbazovun səhhəti qənaətbəxş olduğu bildirilir.
“Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcək.
Həyata keçirilən tədbirlər ölkə prezidentinin şəxsi nəzarətindədir”, məlumatda vurğulanır.
Rəsmi açıqlamaya, hələlik, silahlı basqında ittiham edilən Yunis Səfərovun yaxınları və vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.