Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:50

Bir saata 36 şikayətçini qəbul edən baş prokuror...


Baş prokuror Zakir Qaralov
Baş prokuror Zakir Qaralov

"Bizi bir otağa həbs etdilər, baş prokuror çıxıb gedəndən sonra qapını açıb dedilər, dağılışın".

“ADBAAD SAYIB GETDİLƏR”

Gəncə Dövlət Universitetinin (GDU) müəllimi Fikrət Hacıyev AzadlıqRadiosu-na danışır ki, mayın 27-də baş prokuror Zakir Qaralov vətəndaşları qəbul etmək üçün Göygöl şəhərinə gəlib. O da Universitetdəki bir problemin həllinə görə baş prokurorla görüşmək istəyib. Ancaq görün müəllimin başına nə gəlib:

Buna da bax: '60 mənzil 90 nəfərə satılıb, indi də qaçıb gizləniblər'

"Dedilər, səhər saat 9-da Zakir müəllimin qəbulu başlayacaq. Saat 10-nun yarısı Göygöl rayon Prokurorluğuna getdim, qapıda bir neçə idmançı cüssəli adam dayanmışdı. Məndən nəyə görə gəldiyimi soruşandan sonra yolun bu biri tərəfindəki Göygöl Məşğulluq Mərkəzinin binasına göndərdilər. Binaya girdim, məni bir otağa göndərdilər, baxdım ki, otağa yığılanların hamısı qəbula gələnlərdir. Başımızın üstündə dayanan adamlar nə dəhlizə çıxmağa imkan verirdilər, nə də pəncərədən baxmağa... Aradabir gəlib siyahıyla adbaad sayıb getdilər. Sonra başa düşdük ki, bizə oyun oynayırlarmış – dövlət qurumlarından şikayətləri olanları bu otağa qapadıblar, prokurorun yanına buraxılanlarsa əhəmiyyətsiz xahişlərlə gələnlər imiş".

Fikrət Hacıyev deyir, baş prokurora çalışdığı universitetin kafedra müdirindən şikayət edəcəkmiş. Baş prokuror gəlməmişdən əvvəl qəbula düşmək üçün yazdığı ərizəsində bunu qeyd etdiyindən onu qəbuldan kənarlaşdırıblar:

Buna da bax: Bu qəribə əhvalat Füzuli köçkününün başına gəlib

“BAŞIMIZIN ÜSTÜNDƏ ADAM QOYMUŞDULAR Kİ...”

"Başımızın üstündə adamlar qoymuşdular ki, çölə çıxa bilməyək. Neçə dəfə cəhd etdik ki, otaqdan çıxaq, hətta biri vardı, havası çatmırdı, dedi, ‘imkan verin, çıxım, hava alım’, dedilər, ‘olmaz’. Biri təsadüfən pəncərəyə yaxınlaşanda qışqırdı ki, ‘prokuror gedir’. Biz pəncərəyə tərəf qaçdıq, gördük, Zakir müəllim maşınına minib getdi. Beləcə, saat 10.15-də ‘qəbul’ bitdi. Qapını açdılar, dedilər, ‘dağılışın’. Sonradan bildik ki, prokurorun qəbuluna əvvəlcədən hazırlanmış xırda, əhəmiyyətsiz xahişlərlə gələn adamlar buraxılıb".

Fikrət Hacıyev deyir, elə həmin gün xəbər saytlarında baş prokurorun Göygöldə 36 vətəndaşı qəbul edib dinləməsi, gərgin qəbul günü keçməsi barədə xəbərləri oxuyanda bilməyib ağlasın, ya gülsün...

"Bu, ağ yalandır. Baş prokuror 1 saat ərzində 36 şikayətçini necə qəbul etdi? Heç hərəsinə 2 dəqiqə düşmür. Mən günlərlə səbirsizliklə gözləyirdim ki, baş prokuror gəlsin, onunla üzbəüz oturub problemi anladım, həm də bu mənim şəxsi problemim deyildi, bütün universitetin problemi idi, ancaq baş prokuror özü məni aldatmış oldu".

Buna da bax:​ Gəgirana gedən yolda adamlar niyə ölür?

“NARAZI QALAN OLMAYIB”

Göygöl rayon prokurorluğu isə deyilənlərlə razılaşmır. Qurumdan "Qaynar xətt"ə bildirilib ki, baş prokuror Göygöl rayon Prokurorluğunun inzibati binasında Gəncədən, Göygöldən, Goranboydan, Samuxdan, Daşkəsəndən olan vətəndaşları, həmçinin Xocalı və Kəlbəcər rayonlarından olan köçkünləri qəbul edib. Qəbul vaxtı narazı qalan olmayıb:

"36 vətəndaş qəbul edilib. Onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Bəzi müraciətlərdə qaldırılan məsələlərin həllindən ötrü Baş Prokurorluğun əlaqədar qurumlarının rəhbərlərinə və rayon prokurorlarına göstərişlər verilib".

Qurumdan bildirilib ki, baş prokurorla görüşmək istəyən vətəndaşlar varsa, növbəti dəfəki gəlişini gözləməlidilər. Bu gəliş nə vaxt olacaq, hələ ki, bəlli deyil.

Buna da bax: Qocalar evindəki pilləkənin altında məskunlaşıb

GDU müəllimi Fikrət Hacıyev təqribən 5 il əvvəl universitetdən uzaqlaşdırılmışdı. Uzun müddət hüquqlarına görə mübarizə apardıqdan sonra işinə bərpa olub.

XS
SM
MD
LG