Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:18

Britaniyalı general: Ukrayna müharibəsi ‘onillərlə’ çəkə bilər


General Ser Riçard Barrons
General Ser Riçard Barrons

General Ser Riçard Barrons (Richard Barrons) Britaniya Birləşmiş Ordu Komandanlığının keçmiş komandiridir. O hazırda “Universal Defense & Security Solutions” müdafiə və təhlükəsizlik şirkətinin rəhbəridir.

AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində general Rusiyanın Ukraynada apardığı müharibədə hər iki tərəfin çətinlikləri haqda danışıb və münaqişənin gedişatı ilə bağlı bəzi proqnozlar verib.

General Barrons bu müharibənin onillərlə davam edə biləcəyini deyir. Daha öncə o, müharibənin 2025-ci ilədək davam edə biləcəyi proqnozunu vermişdi.

Aya 6 milyard dollar

“…Ukrayna ayda təxminən 6 milyard dollar və Qərbin müdafiə sənayesinin verdiyi silah-sursata qalib gəlir, ən azı məğlub olmur… Gəlin açıq danışaq, bu dəstək Qərbin iqtisadi gücünün kiçik bir hissəsidir və bu, seçim məsələsidir. Qərb bu dəstəyi davam etdirərsə, Ukrayna da döyüş iradəsini qoruyub saxlayarsa, döyüşməyə davam edə biləcək.

Rusiya isə öz cəmiyyətini get-gedə daha çox səfərbər edir, 2 milyon işçisi olan müdafiə sənayesini yenidən canlandırır. …Rusiya inanır ki, onun Qərbin [resurslarına] üstün gələcək qədər pulu, iradəsi, sosial nəzarəti və sənayesi var…

Heç kim də bu gedişatın sonunu bilmir.

Qısamüddətli perspektivdə gedişatı dəyişən amil Çinin, yaxud Hindistanın Rusiya ordusunu öz sursat anbarlarına qoşması ola bilər. Söhbət artıq mövcud sursat ehtiyatından gedir. Bu, Rusiya ordusunu Qərbin sadəcə …yetişə bilməyəcəyi qədər sursatla canlandıra bilərdi. Bu isə son dərəcə təhlükəlidir. Çünki baş verərsə, Qərbin döyüşlərdə qat-qat daha yüksək səviyyədə iştirakını görəcəyik… Çünki canlanmış Rusiya ordusu narahatedici dərəcədə irəliləyəcək. Əlbəttə, bu həm də Rusiyanın Ukraynada apardığı müharibənin, əslində, Qərbin liberal demokratiyası ilə Rusiya və Çinin, əslində isə Çinin rəhbərlik etdiyi avtokratik kapitalizm arasında proksi münaqişəsi olması fikrini möhkəmləndirəcək. Bu münaqişə Ukraynada güclənərsə, dünyamızı daha təhlükəsiz, daha yaxşı və çiçəklənən yerə necə çevriləcəyini görə bilmirəm”, – general Barrons bildirir.

Hindistan

“Bu bir faktdır ki, çox sayda rusiyalı hələ də bu müharibənin məqsədlərini dəstəkləyir. Onlar Prezident Putinin narrativini dəstəkləyirlər və …buna görə ağlamağımızın mənası yoxdur. Məsələ burasındadır ki, Ukraynada gedən bu müharibə ilə bağlı bir-biri ilə barışmaz iki mövqe var və hər iki tərəf onlar üçün qoyulmuş mövqeyi möhkəm dəstəkləyir. Prezident Putin üçün elə bir çətinlik görmürəm. O, Rusiya və rusiyalıların Qərbi avropalılardan daha böyük çətinliklərə dözə biləcəyinə, buna görə də onların bu mənada Qərbə qalib gələcəyinə və müdafiə sənayelərini canlandırmaq üçün daha çox iqtisadi səy göstərə biləcəyinə inanır.

Çinlə Hindistana gəlincə isə, Hindistanın [Rusiya ilə münasibətlərə] çox az maraq göstərdiyini görürük. Ancaq eyni zamanda Hindistanın Qərbin yanında mövqe tutmağa çox az maraq ortaya qoymasının şahidi oluruq. Onun hərbi avadanlığının çoxu Rusiyadan gəlir. Onların Rusiya ilə uzun zamandır davam edən bağları var. Hindistan qətiyyətlə tərəf tutmur. O bu müharibədə tərəf tutmağa ehtiyac hiss etmir. O, Rusiyadan gələn ucuz enerji axınından bəhrələnir

Çinə gəlincə, bu müharibədə Rusiyanın tərəfini tutub Qərblə vuruşmaq ona sərf eləmir. Çünki bunun Çinin iqtisadi maraqlarına nəhəng təsirləri ola bilərdi. Bu, müharibəni regional münaqişədən qlobal qarşıdurmaya qədər böyüdərdi. Hesab edirəm ki, Çin Ukraynadakı müharibənin onun iqtisadi, siyasi və hərbi maraqlarına ağır zərbə vurmasında heç bir məna görmür.

Ancaq bu o demək deyil ki, Çin kiçik işlər görmür. Çin Rusiyaya müəyyən texnologiyalar verib. Bəlkə də heç kimin bunu bilməyəcəyini düşünürdü, ancaq artıq bilinir. Bu müharibənin xüsusiyyətlərindən biri onun baş verənlər baxımından şəffaf olmasıdır. Ancaq bu heç də Çinin sursat ehtiyatını Rusiya üçün açması demək deyil. Bu, Çinin münaqişədə Qərblə qarşıdurma yaradacaq şəkildə iştirakı demək olardı…”, – Barrons deyir.

Müharibənin sürprizi

General qeyd edir ki, Rusiyanın hücumunda peşəkar səriştə çatışmazlığı [hamı üçün] sürpriz olub:

Baş verməyən ilk şey sürprizin olmaması idi; Rusiya Ukraynanın sərhədində hər hansı başqa yerdən manevr etmədi. Bu, düşmənə arxadan hücum etmək kimi klassik hərbi manevr olardı. Bizim gördüyümüz daha çox üz-üzə döyüşdür…

İkincisi …sursatın çatışmaması, liderlik və təlimin aşağı səviyyədə olmasıdır. Bu hücum dalğa-dalğa canlı qüvvənin Ukrayna artilleriyası və avtomat silahlarının ağzına atılması ilə xarakterizə olunur. Canlı qüvvə itkisi insanı heyrətə gətirir. Bəzi hallarda Vaqner qrupu sadəcə mümkün olan yerlərdə torpaq tutmaq üçün axın-axın dustaqları döyüş meydanına atdı. O dustaqlar da heç kimin vecinə deyil.

Mədəni baxımdan bu, avropalıları heyrətə gətirir. Bəlkə də bu, tarixən Rusiyaya aid olan bir şeydir. [Sadəcə] komandirlərin vecinə olmadığı, döyüş meydanını hazırlamağa avadanlıqları çatışmadığı, bəlkə də adamlar daha mürəkkəb davranış sərgiləməyə yetərincə təlim görmədiyi üçün kiçicik bir sahənin tutulmasına axın-axın canlı qüvvə istifadə etmək… Burada baş verənlərlə I Dünya müharibəsinin ilk illəri arasında paralellər var. O zaman, 1914, 1915, 1916-cı illərin döyüşlərində nizami ordular demontaj edilir, yeni, təcrübəsiz və böyük vətəndaş orduları meydana atılırdı. Onlar [düşünülmüş], mürəkkəb işlər görə bilmirdilər. İndi biz yenə bu mənzərəni görürük”, – o vurğulayır.

XS
SM
MD
LG