«Heç bir ehsan və elan lazım deyil. Qohumlara telefon vasitəsilə, telefon yoxsa, məktubla xəbər vermək olar. Qəbirdaşı ancaq onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım Nigar xanımın adıyla yanaşı yazılsın.
Son ricam:
1. Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin.
2. Əgər xəstəxanada ölsəm, nəşimi evə yox,xəstəxanadan qəbiristanlığa aparın.
3. Qəzetdə elan verməyin.
4. Dəfn xərclərinin az olmasına çalışın. Yorğan ağına bükülmüş cəsədi rənglənməmiş, üstünə ağ kilim salınmış tabuta qoyun.
5. Heç bir ehsan verməyin. Bunu etmək həmişə gərəksizdir. İndiki çətinlikləri nəzərə alsaq, qəbahətdir.
6. Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı - qəbri yastı tava daşı ilə örtüb, üstünə yazarsınız: Əliağa Şıxlinski. Heç bir tarix lazım deyil.
Əliağa Şıxlinksi. Bakı. 13 mart. 1942-cü il.
Tabutun içinə və tabutun üstünə bir dənə də gül qoyulmasın».
Hər il avqustun ortalarında AzadlıqRadiosunun «İz» proqramı eyni mövzunu gündəmə gətirərək, general Əliağa Şıxlinski və onun ömür-gün yoldaşı Nigar xanım Şıxlinskayaya həsr edilən «Əli bəy və Nigar xanım» dastanını efirə verir.
Bu datəsadüfi deyil.
Avqustun 15-də (1931-ci il) Nigar xanım bu dünya ilə vidalaşıb.
Nigar xanımı dəlicəsinə sevən general ömür yoldaşını ölüm tarixində də incik salmayaraq, 12 il sonra elə sevdiyinin öldüyü ayda - avqustun 18-dədünyadan köçüb.
- General Əliağa Şıxlinski ilə Nigar xanımı hansı tellər bağlayırdı?
- Onlar necə görüşdülər, necə aşiq oldular, necə ayrıldılar və uzun illərdən sonra necə qovuşdular?
- Bütün əngəlləri aşaraq yetkin yaşda birləşən cütlük necə yaşadı, hansı sınaqları aşdı?
- Və nəhayət, XIX əsrdə necə sevirdilər?
Bu bazar – avqustun 14-də saat 23-də «İz» proqramının «Əli bəy və Nigar xanım» radiodastanını dinləsəniz, bu və bənzər suallara cavab taparsınız.
Bu «İz»i itirməyin.