Həbsdəki MTN generalı, nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanovun özündən başqa, bir neçə qohumu da həbsdədir. Hamısı da Sübahir Qurbanovdan sonra həbs olunublar. Onlardan biri də keçmiş MTN generalının bacanağı Müsənnif Talıbovdur.
Avqustun 27-də Bakı Apellyasiya Məhkəməsi onun işinə baxıb və cəzasını ağırlaşdırıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi M.Talıbovu CM-in 178-ci (dələduzluq) maddəsilə təqsirli bilib, ona 4 il həbs cəzası kəsmişdi.
Prokuror hökmdən narazı qalıb, cəzanın ağırlaşdırılmasından ötrü protest vermişdi. Apellyasiya məhkəməsi də protesti təmin edib və cəzanı 5 ilə qaldırıb.
Generalın başqa bir qohumu – qaynı Elçin Qurbanov da bir müddət öncə eyni ittihamla 4 il 6 azadlıqdan məhrum edilmişdi. Elçin Qurbanov Bakı Şəhər Prokurorluğunun təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi, dəftərxana müdiri işləyirdi.
Müsənnif Talıbovun oğlu Fərid Talıbov haqqında da dələduzluq ittihamı ilə cinayət işi başlamış, ayrıca icraata götürülmüşdü.
Adları çəkilən şəxslərin hamısı eyni işə görə cəzalandırılıb, hamısında da zərərçəkmiş bir adamdır - Amid Hüseynov.
O, Elçin Qurbanovun ondan atasını həbsdən buraxdırmaq adıyla 11 min dollar pul alıb qaytarmadığını iddia edirdi. O Müsənnif Talıbov məsələsində isə bildirir ki, ona da pulu öncə atasının əfv siyahısına salınmasına görə, bu iş düzəlməyəndə isə ona məxsus torpağın sənədlərini qaydaya salmaq adıyla verib. İddia edir ki, M.Talıbova 30 min manat pul verilib.
Ancaq Müsənnif Talıbov ittihamı qəbul etmir. O təsdiqləyir ki, Amid Hüseynov torpaq sahəsiylə bağlı sənədlərin qaydasına salınmasından ötrü 6 min manat pul verib.
Lakin Türkiyəyə gedəndə gəlib bu pulun 500-nü götürüb, 5 min 500 dolları qalıb:
“İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götürər. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, məndən atasına yardım etməyimi istədi. Onun xəstəxana xərclərinə Amidin məndə olan 5 min 500 dollarından da artıq pul xərclədim”.
Generalın qohumları zərərçəkmiş Amid Hüseynovun onların əleyhinə ifadələrini onun qərəzli olmasıyla izah edirlər.
Elçin Qurbanov ifadəsində göstərib ki, yaxın qohumlarından biri qızını Amid Hüseynova yox, başqasına verdiyinə görə onlara düşmən olub.
General Sübahir Qurbanov 2015-ci ilin oktyabrında MTN-də keçirilən və nazirliyin 20-dən artıq vəzifəlisinin saxlandığı əməliyyat nəticəsində tutulub.
O, iş adamlarının MTN-ə gətirilərək onlardan hədə ilə pul alınması, vəzifədən sui-istifadə etmə, qanunsuz dinləmələr və başqa ittihamlarla 14 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun bir sıra əmlakları müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
Sübahir Qurbanov özünü təqsirli bilmir.