Son bir gün ərzində Azərbaycanda 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə bu gün, aprelin 18-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.
Məlumatda yazılıb ki, yeni koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib:
“Hazırkı dövrədək ölkəmizdə 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”
Ölənlərdən birinin həkim olduğu deyilir
Yeni koronavirusun Azərbaycanda aşkarlandığı vaxtdan ( fevralın 28-i) keçən müddətdə ilk dəfədir ki, bu virisa yoluxanlardan bir gündə 3 nəfərin vəfat etdiyi bildirilir.
Qərargah ölənlərin şəxsiyyətini açıqlamayıb. Amma aprelin 18-də günün birinci hissəsi sosial şəbəkələrdə bu virusa yoluxan bir şəxsin vəfat etdiyindən bəhs edilmişdi. Həmin şəxsin Təcili Tibbi Yardım stansiyasının həkimi olduğu qeyd edilirdi. Amma həmin məlumatı, hələlik, rəsmi qurumlar təsdiqləməyib.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq, dünyada bu virusdan 155 mindən çox şəxsin vəfat etdiyi bildirilir.
Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da kütləvi tədbirlər ləğv edilib (Azərbaycanda bir ay ərzində ). Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.