Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:00

General Gerasimov: Sülhməramlıların missiyası davam edir


Rusiya silahlı qüvvələri baş qərargahının rəisi general Valeri Gerasimov
Rusiya silahlı qüvvələri baş qərargahının rəisi general Valeri Gerasimov

Azərbaycanın hərbi əməliyyatının ardınca erməni əhalisi Qarabağı tərk etdikdən iki ay sonra Rusiya silahlı qüvvələri baş qərargahının rəisi general Valeri Gerasimov deyib ki, Rusiya sülhməramlılarının missiyası davam edir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan Rusiya sülhməramlılarını Azərbaycanın 19-20 sentyabr əməliyyatının qarşısını almamaqda ittiham edir.

Lakin Rusiya prezidenti Vladimir Putin və Rusiyanın başqa rəsmiləri Azərbaycanın hərbi əməliyyatını pisləməkdən imtina ediblər.

General Gerasimov isə dekabrın 21-də Moskvada xarici hərbi attaşelərlə görüşdə sülhməramlıların xidmətini yüksək qiymətləndirdiyini deyib.

O iddia edib ki, 2000 əsgərlik sülhməramlı kontingent toqquşmaları dayandırıb və Qarabağ ermənilərinin Ermənistana “salamat köçməsini” təmin edib:

“Bizim hərbi kontingentimiz dinc həyatın bərpasının və Qarabağ ermənilərinin regiona təhlükəsiz qayıdışının təminatçısı kimi missiyasını davam etdirir”.

“Gələcəkdə zəruri ola bilərlər”

Azatutyun xatırladır ki, Qarabağın erməni əhalisi və onların liderləri hətta Azərbaycanın əməliyyatından əvvəl Bakının nəzarəti altında yaşamayacaqlarını bəyan etmişdilər.

Sülhməramlılar ermənilərin kütləvi gedişinin ardınca Qarabağdakı keçmiş “təmas xətti” boyunca postlarının əksəriyyətini söküblər.

Oktyabrın əvvəllərində Rusiyanın vəzifəli diplomatlarından biri demişdi ki, sülhməramlı kontingent regionda qalmaqda davam edəcək, çünki bu qüvvənin orda olması “gələcəkdə zəruri ola bilər”.

Bundan dörd gün sonra Qırğızıstan paytaxtında prezidentlər Vladimir Putin və İlham Əliyev sülhməramlılar məsələsini müzakirə etmişdilər.

Lakin bu görüşün ardınca hər hansı razılaşmanın əldə olunduğu bildirilməmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.

XS
SM
MD
LG