Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 14:10

Gizli istiqlalçılar (26-cı yazı)


Berlində çıxan «İstiqlal» qəzeti
Berlində çıxan «İstiqlal» qəzeti

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Bolşeviklərə qarşı ən mütəşəkkil üsyan sayılan Gəncə üsyanı 1920-ci il iyunun 3-də yatırıldı. Şəhər viran edildi. Bu üsyanda 12 min nəfər öldürüldü. Amma və lakin bu qırğın ürəklərində istiqlal eşqi yananları qorxutmadı. İşğaldan həmən sonra Bakıda Milli Müqavimət Hərəkatı yarandı. Hərəkatı indi araşdırıcıların «Gizli istiqlalçılar» adlandırdığı gənclər yaratmışdı.

İlk «İstiqlal»: «Millət yoludur, haqq yoludur tutduğumuz yol»

Gizli istiqlalçılar bu adda qəzet buraxmağa başladılar. Əslində, «İstiqlal» adlı qəzet «Müsavat» partiyasının rəsmi orqanı olub. Qəzetin ilk sayı 1919-cu il fevralın 4-də çıxıb. Qəzetin devizi Tofiq Fikrətin dillər əzbəri misraları seçilib:

Millət yoludur, haqq yoludur tutduğumuz yol,

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa! Var ol!

«İstiqlal» həftəlik olub. Son nömrəsi işğaldan az öncə - aprelin 23-də çıxıb. Görünür, işğaldan sarsılan gənclər bu qəzetin yolunu və nəşrini gizlicə davam etdirmək istəyiblər.

3-cü «İstiqlal»: «İnsanlara hürriyyət! Millətlərə istiqlal!»

Maraqlıdır ki, aradan uzun illər ötəndən sonra - 1932-34-cü illərdə Berlində mühacirət həyatı yaşayan Məhəmməd Əmin Rəsulzadə də bu adda qəzetin nəşrinə başlayıb. Türkiyədə hər zaman Vətəndə baş verənlərdən yetik olan Əmin bəyin Bakıda çıxan «İstiqlal» qəzetinin varlığından, taleyindən, şübhəsiz ki, xəbəri vardı. Berlində çıxan «İstiqlal» başqa şüarla – «İnsanlara hürriyyət! Millətlərə istiqlal!» şüarıyla çıxırdı. Qəzetdə Azərbaycan Cümhuriyyətinin başına gələnlər, SSRİ-də və sovet Azərbaycanında baş verənlər, Azərbaycan tarixinə, ədəbiyyatına və mədəniyyətinə aid yazılar dərc olunurdu. Qəzetin baş məqalələrini Məhəmməd Əmin bəyin özü yazırdı. «İstiqlal»ın ən məşhur yazarlarından biri də Mirzə Bala Məmmədzadə idi. Elə haqqında söz açılan 2-ci «İstiqlal» qəzetinin və Milli Müqavimət Hərəkatının əsas siması da işğaldan sonra hələ Bakıda yaşayan Mirzə Bala Məmmədzadə olub...

«Müsavat»ın gizli mərkəzi Cabbarlının bağında yarandı

Cümhuriyyət araşdırıcısı Nəsiman Yaqublu 1920-ci ilın məşum 27 aprelindən sonra Mirzə Bala Məmmədzadə və Əbdülvahab Yurdsevərin məsləhət almaq üçün Rəsulzadənin mənzilinə baş çəkdiklərini bildirir. Onunla görüşüb ayrılandan sonra Cəfər Cabbarlının şəhər kənarındakı evinə gəlirlər. Və burada Əmin bəyin göstərişləri əsasında Mirzə Bala, Cəfər Cabbarlı, Əbdül Vahab Yurdsevər, Məmməd Sadıq Quluzadə və Məmməd Həsən Baharlı «Müsavat»ın gizli mərkəzini yaradırlar. Əmin bəyin razılığı ilə, təşkilatın rəhbərliyi Mirzə Balaya tapşırılır. Müavin Əbdül Vahab Yurdsevər, ümumi mərkəzin baş katibi Cəfər Cabbarlı olur.

«Müdhiş təqib və terrora baxmayaraq»

Beləliklə, elə işğaldan həmən sonra - 1920-ci il aprelin 29-da yaranan müqavimət hərəkatı, sonralar Mirzə Bala Məmmədzadənin yazdığı kimi, tamamilə gənc və ziyalı ünsürlərin əlinə keçir və «Müsavat»ın çarizm dövründəki konspirativ sistemi bərpa edilir. Mirzə Bala sonralar mühacirətdə çıxan «Milli azadlıq hərəkatı» kitabında xatırlayır: «Müdhiş təqib və terrora baxmayaraq, bu gənc kadrlar Bakı və ətrafında, sonra isə qəzalardakı təşkilatını yenidən quraraq, xüsusilə gənclər və məktəblilər arasında, fəhlə və kəndlilər içində fəaliyyətə başlamışlar. Gizli mətbəə yaradılmış, istiqlal dövründə çıxan «İstiqlal» qəzeti gizli şəkildə çap olunmağa başlamışdır».

«Azərbaycan istiqlalını... 2-ci dəfə də qurmaq bacarığına maliksən!»

«Milli azadlıq hərəkatı» adlı əsərində Mirzə Bala 1923-cü ildə - istilanın 3-cü ildönümü münasibətilə hərəkatın nəşr etdiyi bəyannamənin mətnini də verir:

«27 nisan faciəsi ilə Azərbaycan ikinci dəfə olaraq Rusiya ordusunun yeni Sisianovu olan Orconikidzenin idarəsi altına girirdi. Nəticə hər iki halda eyni idi. O zaman Azərbaycan türk xalqının rəyi və iradəsi qanlara qərq edilirdi. Bu dəfə dəxi müqəddəs istiqlal haqqından əl çəkmək istəməyən Azərbaycanın ən qiymətli oğulları Gəncə, Qarabağ, Zaqatala, Şamaxı, Göyçay, Cavad və başqa qəzalarda on minlərlə qursuna düzülür.

Mirzə Bala Məmmədzadə
Mirzə Bala Məmmədzadə

Bilirsinizmi ki, 27 nisandan sonra nə qədər oxumuşlarımız, çalışanlarımız, gənclərimiz, əsgərlərimiz, köylü və işçilərimiz Xəzərin dalğalarına qurban olmuşlar?..

27 nisandan sonra edamlar, həbslər son günlərə qədər davam edir. Bunların həmən hamısı vətənpərvərlərdir...

Azərbaycan türk xalqının məsumanə axan qanından fırlayan milli intibah rus ağalığının son qəbirdaşı olacaqdır.

Ey türk xalqı! Səni azad edəcək və xoşbəxt yaşadacaq qanlı mübarizəyə bütün qüvvənlə hazırlaş, səni bu mübarizə xilas edəcəkdir! Azərbaycanın istiqlalını bir dəfə qurdun, ikinci dəfə də qurmaq bacarığına maliksən! Düşmənini tanı, milli intihabını yüksəlt! Haqq səninlədir.

Yaşasın Azərbaycan istiqlalı! Yaşasın üçrəngli bayrağımız! Məhv olsun rus cahangirliyi!».

Bu bəyanatda ən diqqətçəkən məqam gənclərin «Azərbaycanın istiqlalını bir dəfə qurdun, ikinci dəfə də qurmaq bacarığına maliksən!» inamıdır.

«İstiqlal eşqilə yanan idealist nəsil»

Mirzə Balanın yazdığına görə, hər il 27 aprel, 28 may və 15 sentyabrda yayılan bu bəyannamələr, «İstiqlal» qəzetində çıxan məqalələr, sonralar xaricdən gələn «Yeni Qafqasiya» (Rəsulzadənin Türkiyədə çıxardığı dərgi - red.), gizli məktəblərdə keçirilən yığıncaqlar, özəklərdəki dərslər istiqlal eşqilə yanan idealist bir nəsil yaradırdı...

İyunda baş verən həbslər

Hələ «İstiqlal» qəzetinin dağıdılmasından bir neçə ay öncə - 1923-cü ilin iyununda ümumi həbslər olub. Tutulan müsavatçılardan partiyadan istefa verməyi, bolşevik platformasını qəbul etməyi, sovetlərin əleyhinə çıxanları türk millətinin düşməni elan etməyi tələb ediblər. Mirzə Balanın yazdığına görə, bu həbslər aylarla Türkiyə, İran və Avropa mətbuatının mövzusu olub. Sonda müsavatçılardan partiyanın dağıdıldığını elan etmək tələb olunub. Bu da baş tutmayanda, sovet qəzetləri «Müsavat» partiyasının buraxılmasıyla bağlı yalan bəyanat yayıblar. Mərkəzi komitə «İstiqlal» qəzeti vasitəsilə bəyanatın saxtalığını çatdırıb və partiyanın fəaliyyətə davam edəcəyini bildirib.

Berlində çıxan «İstiqlal» qəzeti
Berlində çıxan «İstiqlal» qəzeti

«İstiqlal» niyə yağmalandı?

1923-cü ilin oktyabrınadək qəzetin 18 sayı çıxıb. Araşdırıcı Asif Rüstəmlinin AzadlıqRadiosuna bildirdiyinə görə, qəzet Hacıbaba Cəbiyevin «Çadrovı, 62» ünvanındakı (indiki M.A.Əliyev küçəsi - red.) evində nəşr olunub. İstiqlalçılar oranı kirayə tutublar. Amma sonra sənədlərdən aydın olub ki, bu şəxs elə qəzeti maliyyələşdirirmiş. Ağasəlim Rəhimov dövlət mətbəəsində işləməklə yanaşı, həm də bu qəzetin çapını gerçəkləşdirirmiş. Asif Rüstəmli: «Onlar çap barabanı, şrift kassaları əldə ediblər və şriftləri də Əbdül Rəhman Dai gətirib. Çünki mətbəədə işləyirdi. Hər dəfə cibində qəzet üçün lazım olan şrifti gətirir və mətnləri yığırmış. İstintaq izahatlarında bunlar var».

Qonşunun satqınlığı… İş başında iki şəxs

Bəzi qaynaqlara görə, bu mətbəənin sirri yalnız bir təsadüf nəticəsində - polis qəlp pul kəsən maşın axtararkən açılıb. Asif Rüstəmli isə gizli qəzetin çapının qonşunun satqınlığı nəticəsində aşkarlandığını bildirir: «1923-cü il oktyabrın 5-dən 6-na keçən gecə Azərbaycan ÇK-sı mətbəənin yerləşdiyi evi mühasirəyə aldı. İş başında 2 nəfər tutuldu -Qurban Musazadə (yazıçı Qılman İlkinin qardaşı-red.) və Ağasəlim Rəhimov. Onlar 19-cu nömrəni yığırdılar və qəzetin bu sayı oxuculara çatmadan müsadirə edildi. Onları həbs etdilər. Sonrakı günlərdə 18 nəfər də tutuldu. Cəfər Cabbarlı da onların arasında idi».

Qəzetin yaradıcıları

Qəzetin yaradıcıları qəlbi istiqlal atəşiylə yanan vətənsevərlər idi: Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Yurdsevər, Cəfər Cabbarlı, Rəhim bəy Vəkilov, Kərbəlayi Vəli Mikayılov, Əbdül Rəhman Əbdül Rəhman oğlu Əbdülov (təxəllüsü Dai), Novruz Ağayev, Qurban Musazadə, Ağa Səlim Rəhimov, Əli Abbas Əliyev, Əli Həsən Babayev, Ələsgər Ələkbərov, Nəsrulla İsrafilov, Məşədi İslamov, Salman Rəhimov, Hacıbaba Cəbiyev, Ağa Kərim Əliyev və b.

Asif Rüstəmli gizli istiqlalçılar haqqında
Gözlə

No media source currently available

0:00 0:12:34 0:00
Direct-ə keçid

«Bolşeviklərin qulağının dibində»

Bakıda ÇK-nın yaxınlığında gizli mətbəənin aşkarlanması bolşeviklərdə şok effekti yaradır. Maraqlıdır ki, az öncə adı çəkilən Əbdül Rəhman Əbdül Rəhman oğlu Əbdülov (təxəllüsü Dai) komsomolda yüksək vəzifə tutub-bolşeviklərin «Gənc işçi» qəzetinin məsul katibi olub...

Daini ən sonda həbs etdilər

Gizli təşkilatın üstü 1923-cü ilin oktyabrında açılsa da, Daini iki ay sonra həbs edirlər. Səbəbini Asif Rüstəmli belə əsaslandırır: «Dainin həbs orderi dekabrda imzalandı. Onun qəzetdə çalışmasına inanmayıblar. Çünki Azərbaycan komsomolunda yüksək vəzifə tuturdu, «Gənc işçi»nin məsul katibi idi. Ona qarşı sərtlik məhz komsomolçunun gizli «İstiqlal»da çalışması, onlara kömək etməsindən qaynaqlanırdı. Bu fakt o dövrdə məhkəmənin, xüsusilə, üçlüyün diqqətindən yayınmayıb».

Asif Rüstəmli
Asif Rüstəmli

«Sovetlərə qarşı ilk ən mobil gizli təşkilat»

Asif Rüstəmli gizli istiqlalçılar təşkilatı haqqında bunları söylədi: «Bu təşkilat sovet rejiminə qarşı öncədən hazırlanmış proqram əsasında fəaliyyət göstərən ilk ən mobil gizli təşkilat idi. 1923-cü ilin oktyabrında bu təşkilatın üstü açılsa da, onların bir qismi fəaliyyətlərini gizli davam etdirdi, bir qismi repressiyaya məruz qaldı. Əbdül Rəhman Dai həmin ilin dekabrında həbs olundu, daha sonra 1937-ci ildə repressiya olundu və bir daha Azərbaycana, Bakıya qayıda bilmədən öldü…».

İstiqlal sevdalılarına amansız işgəncələr

Tutulanlara amansız işgəncələr verilib. Onlar Solovkiyə - «Buzlu cəhənnəm»ə (Əmin Abid Gültəkin-red.) göndəriliblər. Asif Rüstəmli indi MTN arxivlərində qorunan sənədlərdə də bunların əks olunduğunu deyir: «Biz Vətəni sevdiyinə, millətin azadlığını, istiqlalını arzuladığına görə gənclərə divan tutan rejimin nə qədər qəddar olduğunu sənədlərdən açıq-aydın görürük. İstər Azərbaycan həbsxanasında, istər Moskvada Buterdə yatdıqları dövrdə, istərsə Solovkidə onlara qarşı müxtəlif amansız metodlardan istifadə olunub, işgəncələr verilib».

Müsavatçı ovu – «Həbsxanalar millətçilərlə dolu»

Müsavatçı ovu təkcə bununla bitmir. Həbslər, işgəncələr davam edir. Mirzə Bala yazır: «...1926-27-ci illərdə «Müsavat»a qarşı terror bütün şiddətilə davam etmişdir. Həmin illərdə Bakı, Gəncə, Qarabağ və Naxçıvan həbsxanaları millətçilərlə dolu idi... Həbs olunanlar arasında qəzalardan gətirilmiş kəndlilər olduğu kimi, fəhlələr də çox idi. Məsələn, «Müsavat» firqəsinin lideri Rəsulzadə Məmməd Əmin bəyin mərhum olan pədərinin (Rəsulzadənin 1926-cı ildə vəfat edən atası Axund Hacı Molla Ələkbər nəzərdə tutulur - red.) dəfnində iştirak edən bəzi münəvvərlər az müşkilata uğramadılar».

Azərbaycan faciəsi: İlyarımda 48 min ziyalı...

Professor Asif Rüstəmli Azərbaycanda repressiyaların əsasının 1920-ci ildə - Azərbaycanın böyük ziyalı və alimi Firudin bəy Köçərlinin güllələndiyi gündən sonra qoyulduğu fikrindədir: «1920-ci ilin mayında Qazax Müəllimlər Seminariyasının müdiri olan Firudin bəy Köçərlini Gəncəyə gətirib camaatın gözü qarşısında güllələdilər. Cümhuriyyət dövründə Azərbaycanın Gürcüstanda hərbi attaşesi işləmiş, sonralar Türkiyədə hərbi attaşe olan Ələsgər Ələsgərov «Azərbaycan faciəsi» adlı memuarında qeyd edib ki, 1920-ci ilin mayından 21-ci ilin avqustunadək Azərbaycanın 48 min ən görkəmli ziyalısı «qırmızı terror»un qurbanı olub. Onların arasında cümhuriyyət dövrünün generalları, zabitləri, Azərbaycanın ziyalı oğulları olub. Biz ilyarımda «qırmızı terror»un qurbanları olan 48 min nəfər ziyalını heç vaxt unutmamalıyıq».

«Yadların, özgələrin yaddaş üzərində qətli»

Asif Rüstəmli «repressiya» deyiləndə göz önünə 37-ci ilin gəlməsini təsadüfi saymır: «Kütləvi qırğınlar, təzyiqlər, insanların deportasiyasının ən yüksək zirvəsi 37-ci ildə baş verib. Əslində isə repressiya işğaldan həmən sonra başlayıb. Repressiya yadların, özgələrin yaddaş üzərində qətli deməkdir. Millətin birinci yaddaşına hücum edilir. Yaddaş məhv edildikdən sonra millət manqurtlaşır, köləyə, qula çevrilir. Onda onu idarə etmək də asanlaşır».

Nədən ziyalılar?

Nəyə görə repressiyaya daha çox ziyalılar məruz qalıb? Tədqiqatçı-alim bunu belə izah edir: «Repressiya - hər hansı cinayət hərəkətinə görə yox, müstəqil fikirlərə, razılaşmadığı, qəbul etmədiyi cəmiyyəti dəyişmək cəhdlərinə görə tətbiq edilən cəza üsuludur. Azərbaycan öz müstəqilliyini itirdikdən sonra cümhuriyyət dövrü ilə yaranmış yeni sovet dövrü arasında müqayisələr aparılıb. Yeni hakimiyyətdən narazı qalan əhali çıxış yolu axtarıb. Təbii ki, bu əhalinin önündə də ziyalılar durub. Ona görə də, repressiyaya ilk növbədə ziyalılar uğrayıb».

Cəfər Cabbarlı
Cəfər Cabbarlı

Cəfər Cabbarlı

AzadlıqRadiosunun: «Cəfər Cabbarlı sovet repressiyalarından necə qurtuldu» sualını Asif Rüstəmli sualla cavablayır: «Cəfər Cabbarlı repressiyalardan qurtuldumu? Cəfər Cabbarlı istiqlal sevən bir adam idi. Onun yaradıcılığında türkçülük, yurdsevərlik qırmızı xətt kimi keçir. Mən onun cümhuriyyət dövrü yaradıcılığını şah əsərləri sayıram. «Azərbaycan bayrağına», «Turan ellərinə salam söyləyin», «Bakı müharibəsi»… Son əsəri - sonralar həbs olunanda AzÇK-nın əməkdaşları müsadirə etmişdilər. O əsər bugünədək tapılmır. Ona görə də, o, daim diqqət altında idi».

Maraqlıdır ki, 13 il öncə Cəfər Cabbarlının ev muzeyinə baş çəkib böyük ədibin qızıyla həmsöhbət olan bu sətirlərin müəllifi Gülarə Cabbarlıdan eynən bu cavabı almışdı. Gülarə xanım atasını ölənədək qarageyimli adamların izlədiyini söyləmişdi…

Mirzə Bala Məmmədzadə

Asif Rüstəmli bu mübarizədə Cabbarlının tək olmadığını deyir: «Cabbarlı tək deyildi. O, öz yaşıdlarından ibarət olan gizli istiqlalçılar nəslinin içərisində idi. Mirzə Bala milli istiqlal hərəkatının hərəkətverici qüvvəsi idi. Onun rəhbərliyi ilə Bakının 4 rayonunda, həm də Gürcüstanda, Dərbənddə, Türkmənistanda milli istiqlal hərəkatının mərkəzləri yaranmışdı. Azərbaycan ÇK-sı onu nə qədər axtarsa da, həbs edə bilməmişdi. Amma məsləkdaşları həbs olundu. Mirzə Bala Cabbarlı ilə ali-ibtidai məktəbdə, politexnik məktəbdə bir yerdə oxumuş, milli parlamentdə bir yerdə çalışmışdı. Cabbarlını «Müsavat»a üzv yazdıran da Mirzə Bala olub. «Müsavat»ın 2-ci qurultayına da onlar bir yerdə qatılmışdılar. Qurultayda fikir ayrılığı yaranandan sonra solçu müsavatçılara rəhbərliyi Mirzə Bala etmişdi. Onun tərkibində Cəfər Cabbarlı, Əhməd Cavad, Əbdülvahab Yurdsevər, Xəlil İbrahim və digərləri olub».

«İstiqlal mübarizəsinin böyük və unudulmaz qəhrəmanı»

1898-ci il mayın 24-də Abşeronun Zirə kəndində balıqçı ailəsində doğulan Mirzə Bala Məmmədzadə işğalın ilk illərində qeyri-leqal fəaliyyət göstərən «Müsavat» partiyasına rəhbərlik edib. Elə 1922-ci ildə Rəsulzadənin xaricə qaçışını da Mirzə Balanın rəhbərlik etdiyi «Müsavat» partiyasının gizli mərkəzi təşkil edib. «Müsavat ovu»ndan qurtularaq əvvəlcə İrana, sonra Türkiyəyə keçə bilib və Rəsulzadənin sadiq silahdaşlarından olub, ömrünün sonunadək Türkiyədə, Polşada və Almaniyada Azərbaycan davasını sürdürüb. 1955-ci ildə Münhendə yaradılan Sovet İttifaqını öyrənən institutun elmi şurasının rəhbəri seçilib, institutda nəşr edilən dərginin baş redaktoru olub. Rəsulzadənin vəfatından sonra «Müsavat»ın lideri seçilib. Çox sərt xarakterli Mirzə Bala Məmmədzadə 1959-cu ildə ürək xəstəliyindən dünyasını dəyişib. O, «Qaracaəhməd» məzarlığında dəfn olunub. Hüseyn Baykara «Azərbaycan istiqlal mübarizəsi tarixi» kitabında onu «Azərbaycan istiqlal mübarizəsinin böyük və unudulmaz qəhrəmanlarından biri» adlandırıb.

Nəsrulla İsrafilov

«Cümhuriyyətin işğalından sonra solçu müsavatçılar gizli fəaliyyətə keçdilər. Mətbəə yaratmışdılar. Təbliğat aparır, bəyannamələr yayır, qəzet çap edirdilər. Bu mətbəə səyyar idi. 4 dəfə yerini dəyişmişdi. Məsələn, Nəsrulla İsrafilov buzovnalı idi. Həbs olundu, 3 il Solovkiyə göndərildi. İşi artırıldı. 1932-ci ilədək həbsxanalarda yatdı. Almas İldırımın Türküstandan qaçırılmasını təşkil etdiyi aşkarlanandan sonra onu güllələdilər. Yəni 20-ci illərdə belə ziyalı dəstə vardı. Birinci qrup tutulurdu, ikinci qrup onu əvəz edirdi… Beləliklə, Solovki deyilən buzlu cəhənnəm - ölüm düşərgəsi Azərbaycandan gələnlər hesabına dolurdu…».

Cəfər Cabbarlı

Asif Rüstəmli Cabbarlının «İstiqlal» qəzetinin yağmalanmasından öncə tutulduğunu bildirir: «ÇK Cabbarlını 1923-cü il iyunun 14-də gecə öz mənzilində həbs etdi. Mənzili qarət edildi. Cabbarlı o zaman bolşeviklərin 1 nömrəli mətbuat orqanı olan «Kommunist» qəzetində işləyirdi. Həm də, ali hakimiyyət orqanı olan Mərkəzi İcraiyyə Komitəsində stenoqrafçı idi. 1923-cü il iyununda sovet idarələrində təmizliklə bağlı plenumda çıxışlar olanda, yəqin ki, o çıxışları elə Cabbarlı Seyid Hüseynlə birgə yazırdı…».

«Araz çayı» teatrda tamaşaya hazırlanırmış

Asif Rüstəmli maraqlı bir nüansa toxunur: «Həbs olunanda Cabbarlının evindən həmin o stenoqrafik materiallar da götürülmüşdü. Həm də öz əlyazmaları. «Bakı müharibəsi», «Araz çayı» mənzum pyesi. Sonuncu dram teatrda tamaşaya qoyulacaqmış. Həbsiylə bağlı repertuardan çıxarılır və məhv edilir. Cabbarlı 2 ay - avqustun 14-dək həbsxanada qaldı. Onunla birlikdə 15 nəfər tutulmuşdu. Tədqiqatçı-alim, orta əsrlərə aid əlyazmaları toplayan Novruz Ağayev, Rəhim bəy Vəkilov, Əli Əfsər Nəcəfov, Firudin Hacızadə və b. Hamısı 23-24 yaşlarındaydı. 2 aydan sonra siyasi fəaliyyətdən əl çəkmək şərti ilə azad etdilər. Amma üstündən 2 ay keçmiş «İstiqlal» qəzetiylə bağlı tutulanların arasında yenə Cəfər Cabbarlı vardı».

Ağasəlim Rəhimov: «Vətəni özümdən də çox sevirəm!»

Asif Rüstəmli daha bir gizli qəhrəmandan ətraflı söz açdı: «Ağasəlim Rəhimov Azərbaycanın gənc jurnalistlərindən biri olub. Milli istiqlal hərəkatına qoşulub. «Bakinski raboçi»nin reportyoru olub. Dediyim kimi, gizli «İstiqlal» mətbəəsinə rəhbərlik edib. Ağasəlim evli və 2 uşaq atası olub. Gizli fəaliyyətə qoşulmasından duyuq düşən həyat yoldaşı Safurə xanım ona deyib: «Mən yetimliklə böyümüşəm. İstəmirəm ki, mənim balalarım da yetim böyüsün. Bu işdən əl çək. Ağasəlim ona belə cavab verib: «Mən səni də, balalarımı da sevirəm, amma Vətənimi özümdən də çox sevirəm. Və Vətənimin istiqlalı, müstəqilliyi uğrunda hər şeyimi verməyə hazıram. Ağasəlim gizli fəaliyyəti üzə çıxandan sonra həbs olunub Solovkiyə göndərildi və məhv edildi…».

«Cümhuriyyət-100» davam edəcək.

27-ci yazı ««Azərbaycan Cümhuriyyəti» kitabı» adlanacaq və 1923-cü ildə Rəsulzadənin Türkiyədə çapdan çıxan əsərinin Sovetlərdə yaratdığı şok effektdən söz açacaq.

XS
SM
MD
LG