Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:47

‘Gömrük hospitalında həkimlər var ki, 150-170 min maaş alırdı...’


Gömrükdən keçirmək üçün dərmanların üstünə “pampers” qoyulurmuş...

“İstər idarədə, istərsə də hospitalda süpürgəçidən tutmuş, idarə rəisinə qədər hamı rəsmi maaşdan əlavə, paket də alırdı. Həkimlər vardı ki, aylıq aldığı pul 150-170 minə çıxırdı. Plastik cərrah 120-130 min manat alırdı...”, – Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəis müavini Fərman Məmmədli martın 1-də məhkəmədə ifadəsində bu barədə danışıb.

Fərman Məmmədli idarənin sabiq rəisi, general Fikrət Qədiməliyev və daha altı nəfərlə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Onlar qanunsuz yollarla ölkəyə dərmanlar gətirib, dövlət qeydiyyatından keçirmədən onların istifadə və satışında, həmçinin 15 milyon manatlıq mənimsəmədə ittiham olunurlar.

Fərman Məmmədli ifadəsində deyib ki, Mərkəzi Gömrük Hospitalı komitənin Tibbi Xidmət İdarəsinin nəzdində idi. Hospitalda da xəstələrə verilən yeməyin çeşidinə qədər idarənin rəisi Fikrət Qədiməliyev müəyyənləşdirirdi:

“İttihamda yazılıb ki, 15 milyonluq mənimsəmə olub. Orada Fikrət müəllimin icazəsi olmadan bir stol bu otaqdan başqa otağa keçirilə bilməzdi, qalmışdı pul mənimsəmək olsun. Orada sistem elə qurulmuşdu ki, kimsə gəlib desə ki, mən pul yemişəm, inanmaram, çünki mümkün deyildi. Fikrət müəllim hər şeyə nəzarət edirdi”.

“BİR MANATLARI SƏHV ÇIXAN KİMİ ALƏMİ BİR-BİRİNƏ QATIRDILAR”

Sabiq rəis müavini danışır ki, hospital maliyyə baxımından iki hissəyə bölünürdü: büdcədən maliyyələşən hissə və təsərrüfat hesablı hissə:

“Orada ikili mühasibatlıq vardı, gündəlik daxil olan bütün vəsaitlər, xəstələr sistemdə qeydiyyata alınırdı, ertəsi gün səhər Fikrət müəllim şəxsən müqayisə aparır, nə qədər rəsmiləşdirilməlidir, nə qədər yox – buna qərar verirdi. Həkimlərin işə qəbulu da razılaşma əsasında olurdu. Eləsi var, 50/50-yə, eləsi var, 40/60 faizlə işləyirdi. Şərtlər razılaşdırılıb yazılırdı, Fikrət müəllim imza atırdı, amma o sənədlər rəsmi sənədlər olmurdu. Elə həkimlər vardı ki, həm faiz alırdılar, həm də əlavə paket. Həkimlər çox böyük pullar alırdılar, maaşda bir manatları səhv çıxan kimi, aləmi bir-birinə qatırdılar”.

Fərman Məmmədli bildirib ki, rəsmi maaş çox aşağı idi, hər kəs kimi o da əlavə paket alırdı. Paketin məbləği isə 5 min 500 manat idi. O, idarə rəisi, general Fikrət Qədiməliyevin də qazancından danışıb:

“Onun aylıq maaşı belə idi: (rəsmi) 8 min, (paket) 20 min 300, bir də nəğd hissədən 20 faiz. Hospitalın girişindəki aptek, yeməkxana, bir də satış birbaşa ona baxırdı. Özü demişdi ki, bu üçünün hospitala heç bir dəxli yoxdur. Oradan gələn bütün pullar şəxsən ona təqdim olunurdu. Özü demişdi ki, “bu üçü bizim deyil”. Kimindir, onu da bilmirəm. Pullar ona verilirdi, daha bilmirəm ki, o da kiməsə verirdi, yoxsa yox”.

Cinayət işinin materiallarında yazılıb ki, Gömrük Hospitalı üçün xaricdən gətirilən dərmanlar gömrükdən qeyri-qanuni yollarla keçirilib, bəyannamələr dəyişdirilib. Məsələn, dərman gətirildiyi halda, sənəddə uşaq bezi yazılıb. F.Məmmədli bunu təsdiqləyib:

“Respublikada nə iləsə bağlı müəyyən problemlər yaşananda gömrükdə də nəzarət gücləndirildi. Bizim malları da saxlamışdılar. Mən Fikrət müəllimə dedim. Bir gün Fikrət müəllimin köməkçisi zəng eləyib, məni onun otağına çağırdı. Gedəndə gördüm ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abdiyev də ordadır. Orada dedi ki, “bundan sonra gələn malların üstünə “pamperslər” qoyun, altda öz mallarınızı. Nəsə lazım olsa, köməkçim Araza yaxınlaşıb deyərsiz, yenə həll olunmasa, özümə deyərsiz”.

“20 FAİZ MƏSƏLƏSİNİ HƏLL ELƏYƏ BİLSƏ...”

Təqsirləndirilən şəxslər arasında Türkiyə vətəndaşı Atanur Ateş də var. O, hospitalda proqram təminatçısı işləyib. Həbs olunana qədər bir il ərzində o da ölkəyə dərman gətirib satıb.

Fərman Məmmədli ifadəsində bu barədə də danışıb:

“Atanur bizdə proqramçı işləyirdi. Bir gün mənə yaxınlaşıb dedi ki, mən də dərman gətirmək istəyirəm. Fikrət müəllimə dedim. Cavab verdi ki, əgər 20 faiz məsələsini həll eləyə bilərsə, problem yoxdur. Dərman gətirmək istəyənlər üçün əvvəl 20 faiz idi, sonra 25-ə qaldırdılar. Atanura dedim, razılaşdı. Dərmanlar ümumi hospitala gətirilirdi, sonra başqa şəxs və ya firmanındırsa, ayrılırdı, sahibi götürüb aparırdı”.

Fərman Məmmədli narazılıq edib ki, dərmanlar gömrükdən qanunsuz keçirildiyi halda, bəs niyə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general Sadiq Abdiyev məsuliyyətdən kənarda qalıb:

“O, kənarda qalıb, işçilərinə də ancaq səhlənkarlıq ittihamı verilib. Bizə isə qaçaqmalçılıq. Niyə?”

Məhkəmə martın 4-də digər təqsirləndirilən şəxslərin ifadələri ilə davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 179 (mənimsəmə), 206 (qaçaqmalçılıq) və 314-cü (səhlənkarlıq) maddələrilə ittihamlar irəli sürülüb. Bu ittihamlarda on ilə qədər həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən F.Qədiməliyev indiki mərhələdə məhkəmədə ifadə verməkdən imtina edib. Onunla bağlı səslənən fikirlərə də heç bir münasibət bildirməyib.

XS
SM
MD
LG