Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:32

Google kimisə yalnız Avropada ‘unuda’ bilər


Google Avropa İttifaqının “unudulmaq hüququnu” bütün dünya boyunca tətbiq etməyə bilər.

Bu qərarı sentyabrın 24-də Avropa Məhkəməsi (Bu, Avropa İnsan Haqları Məhkəməsi deyil – red.) qəbul edib.

Reuters yazır ki, məhkəmənin belə bir hökm verməsi son dərəcə mühüm hadisə sayılır, çünki burada söhbət şəxsi sirlərlə söz azadlığının toqquşmasından gedirdi.

ABŞ-ın texnologiya nəhəngi üçün isə bu hökm o deməkdir ki, Google şəxslərə aid həssas materiallara linkləri tələb olunduğu hallarda Avropada silməli olsa da, dünyanın başqa yerlərində bu linklər saxlanacaq.

Avropa İttifaqının ali məhkəmə instansiyası olan Avropa Məhkəməsinin hökmündə deyilir ki, şəxsi məlumatların qorunması mütləq hüquq sayılmamalıdır.

“Unudulmaq hüququ” kimi tanınan müddəa 2014-cü ildə eyni məhkəmə tərəfindən müdafiə edilmişdi. Bu hökmdə deyilirdi ki, adamlar Google-dan onlara aid həssas şəxsi məlumatlara çıxış verən linklərin silinməsini tələb edə bilərlər.

Google o vaxtdan bəri informasiyaların silinməsinə dair 845 min 501 tələb alıb və və silinməsi tələb edilən 3, 3 milyon linkdən yalnız 45 faizini çıxarıb.

Britaniyanın media haqları qrupu Article 19 məhkəmə qərarını söz azadlığı üçün böyük qələbə adlandırıb.

Əksinə şəxsi sirlərin qorunması üzrə vəkillər bildirirlər ki, Avropa Məhkəməsinin qəbul etdiyi qərar Avropada insanlara “unudulmaq hüququ” verən qanunun gücünü heçə endirəcək. Beləki onlara aid həssas informasiyanın gizlədilməsini istəyən şəxslər bunu yalnız Avropada edə biləcəklər, dünyanın başqa yerlərində isə belə informasiyaya çıxan linklər qalacaq.

XS
SM
MD
LG