Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:59

Polis rəisinin yumruğunu ona bağışlamır


Foto: arxiv
Foto: arxiv

Qaraməryəm sakininin “axı niyə”ylə başlayan suallarına bircə cavab gəlir

“Mənim heç bir cinayətim yox idi. Axı niyə yol gedən vətəndaşın üstünə 5-6 nəfər polis tökülüb, qamarlayıb, kobudcasına maşına basıb bölməyə aparmalıdır? Axı niyə rəis vətəndaşı aşağılamalı, yumruqlamalı, “atın qoduqluğa” deməli, hələ bu təhqirləri azmışcasına, üstəlik, pulumu alıb cibinə qoymalı, sonra da etdiklərinə heç bir əsas gətirə bilmədiyi halda “get, ağıllı ol” deyib minnətlə bölmədən buraxmalıdır?.”.

Göyçay rayonu, Qaraməryəm kənd sakini Arzu Babayev AzadlıqRadiosuna Yasamal rayon Polis İdarəsinin 28 saylı polis bölməsinin rəisindən şikayətlənib.

Buna da bax: Hansı ölkənin nə qədər polisi var?

“Dedilər, rəis səni çağırır”

Arzu Babayev 2-ci qrup əlildir, əmək qabiliyyəti yoxdur. Deyir, heç ailələrində əmək qabiliyyəti olana da iş yoxdur. Odur ki, vəziyyətdən çıxış yolu tapıb. Rayonda satlıq avtomobili olanlara Bakıdakı maşın bazarında müştəri soraqlayıb başını dolandırır. Ancaq buna da polis əngəl yaradır. Bu ilin iyununda, yenə maşın bazarına addımını qoyar-qoymaz, polisin kobudluğu ilə üzləşib:

“Bazara yaxınlaşanda polislər əhatəyə aldılar. Dedilər, rəis səni çağırır. Soruşdum, niyə? Bildirdilər ki, yol qırağında maşın satır, küçə ticarəti ilə məşğul olursan. Dedim, maşın kartof-zaddı yol qırağına töküm satım?.. Hələ bazara indi daxil oluram ki, müştəri soraqlayım, aparım maşını göstərim. Məni zorla maşına mindirib 28-ci polis bölməsinə apardılar. Bölmənin həyətində yaxınlarıma zəng vurdum ki, başıma gələnləri xəbər edim. Bu vaxt rəis maşınla həyətə daxil oldu. Maşından düşən kimi, telefonla ailəmə xəbər verməyimə görə boynumun ardından yumruq ilişdirdi”.

“80 manat verib buraxdırıblar”

Arzu Babayevin sözlərinə görə, elə həmin gün yaxınları bölməyə gələrək, rəisə 80 manat verib onu buraxdırıblar. Ancaq Arzu Babayev aylardır ki, rəisdən şikayətlərini dayandırmır:

“Problem təkcə mən deyiləm. İndi görün, bu rəisin adamları o bazarın həndəvərində nə qədər adamı beləcə tutub aparır, rəis həmin vətəndaşı həm təhqir edir, həm də cibindəki pullarını qəpiyinəcən əlindən alıb yola salır”.

“Şikayətiniz... təsdiqini tapmadı”

Arzu Babayev daxili işlər nazirinə, baş prokurora yazdığı məktublarında rəisin cəzalandırılmasını tələb edib. Ancaq hər dəfə də yaşadığı ünvana belə məzmunda cavab məktubu gəlib: “... şikayətiniz araşdırıldı və təsdiqini tapmadı”.

28-ci polis bölməsindən “Qaynar xətt”ə bildirilib ki, Arzu Babayevin şikayətləri əsasında dəfələrlə araşdırma aparılıb. Məsələni Yasamal rayon prokurorluğu da araşdırıb:

“O iddia edir ki, hər şey kameranın qarşısında baş verib. Ancaq kameraların yaddaşı yoxlanılıb və rəis tərəfindən vətəndaşa hər hansı kobud hərəkəti təsdiqləyən görüntü aşkar edilməyib”.

Qazanc yerini itirib

Vətəndaşsa əl çəkmir. Yasamal rayon prokurorluğu da “işdə sübut yoxdur” deyə sonuncu qərarını verəndən sonra o, yenə - bu dəfə baş prokurora müraciət edib.

Ancaq bütün bunlar bir tərəfə, iş orasındadır ki, 5 aydan çoxdur əlil dolanışıq yeri olan maşın bazarına yaxın düşə bilmir. O, əraziyə nəzarət edən polis bölməsinin rəisindən şikayətlərini davam etdirdiyindən, növbəti dəfə “tora” düşməməyin yolunu həmin məkandan kənar gəzməkdə görür. Beləliklə, cüzi təqaüddən başqa gəliri olmayan əlil tək qazanc yerini itirib.

XS
SM
MD
LG