Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:16

Gözəl Bayramlıya 'yox' deyildi


Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı

Avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Gözəl Bayramlının həbs müddətinin uzadılması qərarından verilmiş şikayətə baxılıb. Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib. Qapalı keçirilən məhkəmə haqında AzadlıqRadiosuna G.Bayramlının vəkili Zibeydə Sadıqova məlumat verib.

«Biz həbs müddətinin uzadılması qərarının əsassız olduğunu, Gözəl Bayramlının həbsdə saxlanması üçün heç bir ciddi sübutun ortaya qoyulmadığını bildirdik. Həmçinin, Gözəl Bayramlının səhhətindəki problemləri hakimlərin diqqətinə çatdırdıq. Buna baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlandı», - vəkil Z.Sadıqova bildirib

«ƏL AĞACI VERMİRLƏR»

Məhkəmədə G.Bayramlı özü də iştirak edib. Vəkilin deməsinə görə, o bildirib ki, elan olunmuş ittihamlar saxtadır, həbsinin əsl səbəbi onun siyasi fəaliyyəti ilə bağlıdır.

***Buna da bax-Əfqan Muxtarlı: 'Emin Milliyə əlləri çatmadığından mənim həbsimi sifariş ediblər'

Vəkilin deməsinə görə, G.Bayramlı vurğulayıb ki, səhhətindəki problemlər qalır, ayağındakı ağrılardan əziyyət çəkir və bu günə qədər ona əl ağacı verilməyib:

«Biz istintaqa Gözəl Bayramlıya təyin olunmuş müalicə reseptinin verilməsi haqda vəsatət vermişdik və təmin olunmuşdu. Buna baxmayaraq, hələ də resept ona verilməyib. Biz dəfələrlə istintaq qarşısında bu məsələni qaldırmışıq, təcridxana rəhbərliyinə müraciət etmişik ki, onun müayinə və müalicəsinə ehtiyacı var. Ən azı, Müalicə Müəssisəsinə köçürülməsinə, normal tibbi yardım almasına imkan verilsin. Təəssüf ki, hələlik nəticə yoxdur».

Bu günlərdə isə G.Bayramlının saxlandığı 1 Saylı İstintaq Təcridxanasının rəhbərliyi onun vəkillərinə məktub göndərmişdi. Həmin məktubda G.Bayramlının hər cürə müayinələrdən keçirildiyi və səhhəti ilə bağlı narahatlığa əsas olmadığı bildirilirdi.

***Buna da bax-Təcridxana rəisi: 'Gözəl Bayramlının səhhəti narahatlıq doğurmur'

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Avqustun 17-də bu müddət daha iki ay uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib. Son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunub.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində davam edir.

XS
SM
MD
LG