Gələn ay sərbəst və Yunan-Roma güləşi üzrə dünya çempionatı keçiriləcək. Ancaq Azərbaycan yığmasının güləşçiləri yarış əhvalında deyil. Çünki əlaqəli qurumların bundan ötrü gərəkli şəraiti yaratmadığı bildirilir.
Bunu bu gün, iyulun 28-də Azərbaycan Güləş Federasiyasının qarşısına toplaşıb etiraz edən güləşçilər bildiriblər.
Etiraz edən güləşçilər arasında tanınmış güləşçilər - Toğrul Əsgərov, Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Cunayev, Hacı Əliyev və digərlərinin də olduğu deyilir.
Buna da bax: Güləşçilər beynəlxalq turnirə qatılıb
Narazı güləşçilərin bildirdiyinə görə, 12 aydan artıqdır ki, maaş almayıblar. Onların deməsinə görə, Milli Olimpiya Komitəsi, Gənclər və İdman nazirliyi kimi əlaqəli qurumlar problemdən xəbərdar olsalar da gərəkli addımları atmırlar.
Sərbəst güləş üzrə milli komandanın üzvlərindən ikiqat dünya, Avropa çempionu, olimpiya üçüncüsü Hacı Əliyev “Turan” Agentliyinə hazırlığa şəraitin yaradılmamasından gileylənib. Onun sözlərinə görə, bəzi güləşçilərə bir ildən çoxdur ki, təlim toplantısı təşkil edilmir.
“Gənc idmançılarımızın məşqə gedib-gəlməyə imkanları yoxdur. Biz son olimpiya oyunlarında 9 medal qazanmışdıq. Hazırda reallıq budur ki, ciddi problemlərlə üzləşmişik. Dünya çempionatına isə çox az vaxt qalıb”, - idmançı bildirib.
Buna da bax: Azərbaycan güləşində və boksunda legionerlər
Onun sözlərinə görə, üz tutduqları bütün qurumlar gözləmələrini istəyir. “Əvvəlcə İslam Həmrəyliyi Oyunlarından sonra problemlərin həll olunacağını demişdilər. Olmadı. Ancaq vaxt yoxdur, çünki yarışa az qalıb. Gedib məğlub olmaqdansa, getməmək yaxşıdır. Belə davam etsə, heç bir komanda dünya çempionatına getməyəcək”.
İdmançılar üzləşdikləri problemlə bağlı sabah, iyulun 29-da mətbuat konfransı keçirəcəklərini bildiriblər.
Gənclər və İdman Nazirliyindən güləşçilərin üzləşdiyi problemin çözümü ilə bağlı hər hansı bilgi verməyiblər. Nazirliyin mətbuat xidmətindən Səmayə Məmmədova agentliyə açıqlamasında güləşçilərin etirazından xəbərdar olduqlarını ifadə edib.
Buna da bax: Deputat: 'Dünyada bir milyard insan acdır, Oyun keçirilməsin?'
Ancaq onun sözlərinə görə, güləşçilər nazirlikdən deyil, Güləş Federasiyasından şikayət edirlər.
Azərbaycan Güləş Federasiyası isə bu etirazları şərh etməyib.
Azərbaycan Güləş Federasiyası 1993-cü ildə təsis olunub. Hazırda federasiyanın prezidenti vergilər naziri Fazil Məmmədovdur.