Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:01

Güllə altında mal-qara otaranlar, toxum səpənlər


Mal-qara
Mal-qara

-

«Maldarlıqdan və əkinçilikdən başqa məşğuliyyətimiz yoxdur. İnəklər keçir Ermənistan tərəfə, geri qayıtmır».

Tovuzun Ağdam kəndinin sakinləri «Qaynar xətt»ə danışırlar ki, heyvan azca nəzarətsiz qalan kimi Ermənistan tərəfə keçir. Səbəb də odur ki, kəndin otlaq sahəsi, demək olar, sərhəddə yerləşir.

«BAŞQA QAZANC YERİMİZ YOXDUR»

Kənd sakini Əziz Süleymanovun deməsinə görə, indiyədək üç inəyi əldən gedib: «Başqa qazanc yerimiz yoxdur. Bu kənd heyvandarlıq və əkinçiliklə məşğul olur. Otlağa buraxdığımız heyvanlar çox vaxt diqqətdən kənarda qalan kimi o tərəfə keçir. Axı bütün günü heyvanı nəzarətdə saxlamaq olmur...».

Kənd sakini deyir, bu problem nə kənd, nə də rayon rəhbərliyini narahat edir: «Biz deyirik ki, heç olmasa, yaxın kəndlərdən birində otlaq sahələri ayırsınlar. Biz növbəylə aparaq, mal-qaranı o kəndlərdə otaraq, qaytaraq gətirək. Bizim həm də əkin sahələrimiz güllə altındadır. Səpin mövsümü və məhsulu yığmaq vaxtı gələndə, sahəyə kombayn çıxınca o tərəfdən atmağa başlayırlar. Kəndli güllə yağışı altında toxum səpir, məhsul yığır. Bizə müvəqqəti başqa kəndlərdən sahə ayırsınlar. Bu məsələlər bitincə... Acından ölməyək deyə...».

«DUA EDİRİK Kİ, YAĞIŞ YAĞSIN»

Kənd sakinlərinin daha bir təklifi bundan ibarətdir ki, sərhəddə sədlər çəkilsin.

Əziz Süleymanov deyir, əkinçiliklə məşğul olmağın çətinliyi təkcə bunda deyil. Yağış yağmasa, əkin sahələri məhv olar: «İl yağmurlu keçəndə gəlir götürə bilirik. Vay o gündən yağış yağmaya. Suvarma işi çox pisdir. Su olmur. Ona görə də dua edirik ki, yağış yağsın, əkin sahələri suvarılsın».

«GÖZDƏN QOYMAMAQ SAHİBİNİN İŞİDİR»

Elə Tovuz rayon İcra Hakimiyyətinin Ağdam kəndi üzrə icra nümayəndəsi Həqiqət Məmmədova da kəndin problemlərinin həllində kömək istəyir.

Rayon icra hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, digər sərhəd kəndlərində olduğu kimi, Ağdam kəndinin sosial problemlərinin həlli üçün də xüsusi proqramlar var. Tezliklə kəndin yollarının təmiri nəzərdə tutulub. O ki qaldı kəndlilərin təkliflərinə, qurum bu təklifləri real saymır, hesab edir ki, belə hallarda mal-qaranı gözdən qoymamaq onun sahibinin işidir.

Ağdam kəndinin 1289 nəfər sakini var. Kəndi Ermənistanla sərhəddən 8 kilometrlik məsafə ayırır.

XS
SM
MD
LG