Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

Gürcü politoloq: 'Bizim hakimiyyət növbəti dəfə dəvəquşu pozası alıb'


Gürcüstanlı politoloq Ghela Vasadze
Gürcüstanlı politoloq Ghela Vasadze

“Fərqi yoxdur, Əfqan Muxtarlı oğurlanıb, ya yox - indiki halda bu, vacib deyil. Başlıcası, informasiyanın yekunu və konkret hadisə nəticəsində ictimai rəyin necə formalaşmasıdır. İctimai rəyin jurnalistin oğurlanmasının etirafı şəklində formalaşdığı faktdır”.

Gürcüstanlı politoloq Ghela Vasadze müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib həbs olunan jurnalist Əfqan Muxtarlının işi ətrafında hazırkı durumu şərh edərkən belə deyir.

Buna da bax:​ Gürcüstanın baş naziri Georgi Kvirikashvili Əfqan Muxtarlı ilə bağlı rəsmi bəyanat verdi

Onun sözlərinə görə, Gürcüstanın bütün telekanalları, informasiya agentlikləri və digər kütləvi informasiya vasitələri birmənalı şəkildə bildirirlər ki, jurnalist oğurlanıb.

Gürcü hökuməti dəvəquşu pozasını qəbul edib...

“Qeyri-rəsmi söhbətdə ekspert və hüquq müdafiəçiləri deyə bilərlər ki, biz qəribə hadisə ilə rastlaşmışıq, amma mətbuata müsahibədə onların bunu etiraf edə biləcəklərinə mən inanmıram, çünki cəmiyyət tərəfindən fərqli baxış əvvəlcədən qəbul olunmur. Muxtarlı işi daxili siyasi mübarizədə, həmçinin hər birinin öz marağı olan beynəlxalq təşkilatlar tərəfindən də istifadə olunur, bunları əlavə etsək, tam mənzərə almış olarıq”, - Vasadze deyir.

Buna da bax:​ Gürcüstan Döövlət Təhlükəsizlik Xidməti azərbaycanlı deputatı təkzib elədi

Politoloqun fikrincə, əslində, nə baş verdiyini dəqiq söyləmək çətindir, ancaq bir şeydən əmindir: “Bu hadisə ölkəmizin nüfuzuna güclü zərbə vurdu. Bizim hakimiyyət xüsusunda hər şey aydındır, onlar növbəti dəfə dəvəquşu pozasını qəbul edərək, işlə bağlı sualların sayını artırdılar. Amma iqtidarın səmərəsizliyinə və fəaliyyətsizliyinə, təəssüf ki, biz artıq adət etmişik”.

“Artıq Gürcüstanın ictimai rəyində bunun xüsusi xidmət orqanlarının birgə əməliyyatı olduğu qənaəti formalaşıb”

Teymuraz Tumanishvili
Teymuraz Tumanishvili

Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktor əvəzi Teymuraz Tumanishvili deyir ki, Ə.Muxtarlı işi ilə bağlı əsl həqiqəti bilmir.

Buna da bax:​ 'Gürcü arzusu': 'DİN-nin Əfqan Muxtarlının həbsinə bağlılığı yoxdur'

“Bu işdə həddən çox "bilmirəm" var. Amma fakt faktlığında qalır, Gürcüstan ictimai rəyində bunun artıq oğurluq və Gürcüstanla Azərbaycanın xüsusi xidmət orqanlarının birgə əməliyyatı olduğu qənaəti formalaşıb. Hakimiyyətə sadəcə olaraq inanmırlar və bu, hakimiyyətimizin problemidir. Bundan əlavə, Gürcüstanın ictimai rəyi də məsələ ilə bağlı beynəlxalq mövqeyi formalaşdırır”, - Teymuraz Tumanishvili bildirir.

“Bu ondan xəbər verə bilər ki, Muxtarlı ehtiyatsızlıq edərək...”

Gürcüstanın xarici işlər nazirinin keçmiş müavini Nikoloz Vashakidze isə bu mövzuda qısaca ehtimalını bölüşməklə kifayətlənir: “Oğurlanma Gürcüstan ərazisində həyata keçirilibsə, bu ondan xəbər verə bilər ki, Muxtarlı ehtiyatsızlıq edərək yalnız Azərbaycanın deyil, həm də Gürcüstanın rəsmi şəxsləri üçün ciddi problemlər yaradıb və ya yaradacağına işarə edib”.

Buna da bax: Xanımı: 'Əfqan Muxtarlının məsələsi Gürcüstan cəmiyyətindən asılıdır'

Vashakidzenin fikrincə, bu baxımdan da, Gürcüstan və Azərbaycan siyasətçilərinin problemlə bağlı maraqları kəsişə və belə bir nəticəyə gətirib çıxara bilərdi...

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib. Jurnalist özü Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bildirir.

O AR Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə) ittiham olunub. Bundan sonra jurnalistə qarşı CM-nin daha 2 maddəsi: 318.1 və 206.1 maddələri ilə (sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq) də ittiham irəli sürülüb. Barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Buna da bax:​ Vəkil: 'Muxtarlını döyülməsindən 31 gün sonra tibbi ekspertizadan keçirdilər'

Rəsmi Bakı iddia edir ki, Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycanda saxlanılıb və iqtidarın fikrincə, bu məsələni siyasiləşdirmək düzgün deyil.

Əfqan Muxtarlı Azərbaycanda təqibdən qaçaraq iki ildir ki, Gürcüstanda yaşayırdı. Son illər o, Azərbaycan hakimiyyətinə qarşı Tbilisidə keçirilən etiraz aksiyalarında fəal iştirak edib.

Əfqan Muxtarlının işi baxılması üçün Avropa Məhkəməsində qəbul edilib.

XS
SM
MD
LG