Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 18:24

Gürcüstan birinci, Azərbaycan sonuncu yerdədir...


İqtisadiyyat
İqtisadiyyat

-

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) 2012-ci ildən bəri hər il Şərq Tərəfdaşlığı ölkələrində hökumətin kiçik və orta sahibkarlıqla (KOS) bağlı siyasətinə dair hesabat və xüsusi indeks (SME polisy index) hazırlayır. Bu hesabat Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan, Ermənistan və Belarusu əhatə edir.

Təşkilatın 2016-cı ilki hesabatında Azərbaycan 2 vacib göstərici üzrə sonuncu yeri tutub. Söhbət KOS-ların dövlət satınalmalarına qatılma imkanlarından vəmaliyyə resurslarına əlçatanlıq səviyyəsindən gedir.

GÜRCÜSTAN 1-Cİ, AZƏRBAYCAN SONUNCU YERDƏ

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, hesabatda Gürcüstan satınalma göstəricisi üzrə 4.06 balla 1-ci, Azərbaycan 2.42 balla sonuncu yerdədir: «Təşkilat ekspertlərinin fikrincə, dövlət satınalmalarının KOS-lara açıq və şəffaf olması üçün hökumət rəqabətsiz və qapalı satınalma üsullarından deyil, hamıya bərabər imkanlar təqdim edən açıq tenderlərə üstünlük verməlidir».

Ekspert KOS-ların inkişafı ilə bağlı hökumətin məxsusi strategiya və proqramının olmadığını söyləyir: «İƏİT bunu ölkənin zəif tərəfi kimi göstərir və bu sahənin inkişafından ötrü ixtisaslaşmış dövlət agentliyinin olmasını və inkişafa məsuliyyət daşımasını məqsədəuyğun sayır. Hökumətlər daha çox KOS-ların rahat qatılacağı açıq tenderlərin keçirilməsinə üstünlük verməlidir. Azərbaycanda isə dövlət satınalma müsabiqələrinin 80 faizi kotirovka sorğularıdır. Sorğular açıq və rəqabətə həvəsləndirici olmadığından iştirakçıları təşkilatın özü seçir və məktubla,azı, 3 təşkilata təkliflərini göndərir. İƏİT ekspertlərinin fikrincə, açıq tenderlər daha şəffaf yoldur və KOS-lara bərabər və rəqabətli imkan yaradır».

«BƏLKƏ HEÇ ORTA SAHİBKARLIQ DA YOXDUR...»

R.Ağayev bütün dünyada iqtisadi dayanıqlılıq və böhrana davamlılığın KOS-ların inkişaf səviyyəsindən asılı olduğunu deyir: «KOS-ların zəif olduğu ölkələrin böhrana dözümlüyü çox zəifdir. Ona görə də, inkişaf etmiş ölkələrdə onların ÜDM və məşğulluqda payı 50 faizdən az deyil. Bu, bəzi ölkələrdə hətta 70-80 faiz arasında dəyişsə də, Azərbaycanda, ümumiyyətlə, orta sahibkarlığın statistikası yoxdur. Bəlkə heç orta sahibkarlıq da yoxdur, - o üzdən. Kiçik sahibkarlığınsa ÜDM-də payı cəmi 3 faiz, məşğulluqda 8 faiz, ixracda maksimum 1-1.5 faizdir».

Maliyyə resurslarına əlçatanlığa görə də, yenə Gürcüstan 3.76 balla birinci, Azərbaycan sonuncu yerdə qərarlaşıb. Bu indeks bir neçə vacib göstərici əsasında qiymətləndirilir. Buraya borc götürənlərin hüquqları, bank statistikasının təkmillik səviyyəsi, kreditlərə təminat mexanizmlərinin mövcudluğu və s. aiddir.

Azərbaycan sahibkarının əsas problemlərindən biri də ucuz, əlçatan maliyyəyə çıxışın olmamasıdır. Dövlət KOS-lara kömək etmək istəyirsə, maliyyə resurslarının əldə edilməsinə də güzəştli şərait yaratmalıdır.

ƏLÇATAN MALİYYƏ QAYNAĞI VAR, YA YOX?

Qanuna görə, kiçik sahibkarlığa dövlətin maliyyə yardımını İqtisadiyyat Nazirliyi gerçəkləşdirir. Belə yardımlar məqsədli proqramlar çərçivəsində güzəştli kredit və subsidiyalar, kompensasiya və qrantlar, kreditlərə təminatlar verilməsi və lizinqin təşkili, sahibkarlara xidmət göstərən maliyyə-kredit qurumlarını həvəsləndirmə hesabına həyata keçirilir.

Azərbaycanda KOS-ların inkişafına, o cümlədən maliyyələşdirilməsinə dövlət dəstəyini təmin edən bir sıra təsisatlar fəaliyyət göstərir:

- Sahibkarlığa Kömək Milli Fondu

- Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

- İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu

- Azərbaycan İnvestisiya Şirkəti

Bu fondların başlıca özəlliyi verdikləri kredit resurslarının dövlət büdcəsindən ayrılan vəsait hesabına təmin edilməsidir. Həmin kreditlər güzəştli və bazar səviyyəsindən dəfələrlə ucuzdur. Sadəcə, bu sualın cavabı ayrıca önəm qazanır: Bütün bunlar əlçatan maliyyələşməyə yetərlidirmi?

«ÖZƏL KREDİT BÜROLARI QURULMALIDIR»

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlər verməsini müsbət qiymətləndirsə də, şəffaflıq və o sıradan monitorinq mexanizmlərinin yetərsizliyindən narazıdır: «Təəssüf ki, kreditlərin verilməsinə nəzarət edən və qərar verən Müşahidə Şurasında vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmir».

İqtisadçı ekspert Samir Əliyev, qarşıdakı 5 ili əhatə etməklə, KOS-lara dövlətdən dəstək proqramının işlənib gerçəkləşdirilməsini ilkin vəzifə sayır: «Sahibkarlıq subyektlərin ölçüləri əsasında (kiçik, orta, iri) təsnifləşdirilməli və qanunvericiliyə mikromüəssisələr anlayışı daxil edilmədir. Özəl kredit büroları yaradılmalıdır. Bundan ötrü həmin büroların fəaliyyətini tənzimləyən ayrıca qanun da qəbul edilməlidir».

«İXTİSASLAŞMIŞ SAHƏ BANKLARI YARADILMALIDIR»

Ekspertin fikrincə, Sahibkarlığa Kömək Milli Fondu yalnız mikro, kiçik və orta sahibkarlığı kreditləşdirməlidir: «Dövlətin yaxından iştirakı ilə ixtisaslaşmış sahə bankları yaradılmalıdır. Məsələn, Aqrar İnkişaf Bankı, İxrac Bankı, İnvestisiya Bankı və s. Üstəlik, KOS-lara verilən kreditlər sığortalanmalı və təminat fondu yaradılmadır».

XS
SM
MD
LG