Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:41

Gürcüstanda müxalifət deputatı iqtidar deputatını vurdu. Tbilisidə müddətsiz mitinq başlandı [Video]


Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin qarşısında müxalifətin və QHT-lərin “Avropaya – hə, Rusiya qanununa – yox!" şüarlı müddətsiz mitinqi başlanıb.

Mitinq hakim “Gürcü arzusu” partiyasının parlamentə təqdim etdiyi “xarici təsirin şəffaflığı” adlı qanun layihəsinin qəbuluna qarşı keçirilir.

Hakimiyyətin opponentləri bu qanunvericilik aktını Rusiyanın bədnam “xarici agent” qanununun analoqu hesab edirlər.

Mitinq təşkilatçıları deyirlər ki, aksiya hakim partiya bu “antidemokratik və anti-Avropa” qanununun qəbulu cəhdindən əl çəkənədək davam edəcək.

Parlamentin binası xüsusi təyinatlı polis alayı tərəfindən mühafizə olunur. Artıq bir neçə etirazçının saxlandığı bildirilir.

Tbilisi, 15 aprel
Tbilisi, 15 aprel

Deputatlar iclasdan çıxarılıb

Aprelin 15-də səhər saatlarından bu qanun layihəsi parlamentin hüquq komitəsində qızğın müzakirə olunurdu.

Bu müzakirə zamanı müxalif “Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili parlament çoxluğunun lideri Mamuka Mdinaradze tribunadan çıxış edərkən onun üzünə yumruq zərbəsi vurub.

Daha sonra “Gürcü arzusu” partiyasından olan deputatlar Elisaşvilini döyüblər.

Elisaşvili parlament binasından çıxarkən döyüldüyünü, amma “vətənini Rusiyanın kölələyindən qorumaq üçün iztirab və ağrılara hazır olduğunu” deyib.

Bu da xəbər verilir ki, bir sıra müxalifət deputatları, o cümlədən keçmiş prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasından olan deputatlar komitənin sədri Anri Oxanaşvilinin göstərişi ilə iclasdan çıxarılıblar.

Zaldan çıxarılanların arasında Gürcüstanın Avropa İttifaqındakı keçmiş səfiri Salome Samadaşvili də olub.

O AzadlıqRadiosuna verdiyi eksklüziv müsahibədə deyib ki, “hakim partiya devrilmiş Ukrayna prezidenti Yanukoviçin yolunu tutub”.

Qərb səfirlərinin “diplomatik demarşı”

Xanım Samadaşvilinin verdiyi məlumata görə aprelin 15-də səhər Avropa İttifaqı ölkələrinin, ABŞ və Britaniyanın səfirləri “diplomatik demarş” nümayiş etdirərək Gürcüstan hökumətinə sözü gedən qanunun qəbul edilməsinin ciddi nəticələri barədə xəbərdarlıq ediblər.

Belə görünür ki, səfirlərin demarşı hökumət binasında baş nazir İrakli Kobaxidze ilə görüşdə baş verib.

Bundan əvvəl Kobaxidze iddia etmişdi ki, “qanun Gürcüstanın maraqlarına və Avropanın demokratik dəyərlərinə tam uyğundur”.

Baş nazir qanun layihəsini kəskin tənqid edən Qərb diplomatlarına “Gürcüstan parlamentinə hansı qanunları qəbul edib-etməmək barədə göstəriş verməkdənsə, teledebata çıxmağı” təklif edib.

Kobaxidze gileylənmnişdi ki, belə qanunların Aİ ölkələrində və ABŞ-da da mövcud olmasına baxmayaraq Tbilisiyə Qərbin narazılığının səbəbi izah olunmur.

Olaf Şoltsun narazılığı

Müxalifət və QHT-lər bu qanunun qəbul ediləcəyi təqdirdə Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizəd statusunu itirəcəyindən narahatdırlar.

Mdinaradze və hakim “Gürcü arzusu” partiyasının deputatları bunun baş verəcəyini istisna edirlər. Onlar deyirlər ki, Aİ-də namizəd statusunun ləğv edilməsi proseduru yoxdur.

Milli Birlik Hərəkatının lideri Levan Xabeişvili komitə iclasında bu arqumentə belə cavab verib:

"Əgər Aİ bu ilin sonunda Gürcüstanla tam üzvlüyə dair predmetli danışıqlara başlamasa, bu Gürcüstanın avrointeqrasiyasından imtina kimi qəbul olunmalıdır”.

Bugünlərdə Almaniya kansleri Olaf Şolts Berlində baş nazir Kobaxidze ilə görüşündə “Gürcü arzusu” partiyasının təklif etdiyi qanun layihəsini “qəbuledilməz” adlandırmış və demişdi ki, bu qanun Gürcüstanda demokratik təsisatların yaradılmasına dəstək verən QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq.

***

Gürcüstan parlamentinin hüquq komitəsində “xarici agent” qanunu layihəsinin müzakirəsi zamanı “Vətəndaşlar” müxalifət partiyasının lideri Aleko Elisaşvili parlament çoxluğunun nümayəndəsi, hakim “Gürcü arzusu” partiyasının liderlərindən biri Mamuka Mdinaradze ilə dalaşıb.

AzadlıqRadiosunun Gürcü xidməti xəbər verir ki, Elisaşvili tribunada çıxış edən Mdinaradzeyə yaxınlaşaraq onun üzünə yumruq zərbəsi vurub.

Elisaşvili bu zaman "sənin rus ananı..." şəklində ağır söyüşlər işlədib.

Başqa deputatlar dalaşanları ayrımağa başlayıblar. Onları bir-birindən aralamaq mümkün olandan sonra hər iki deputat iclası tərk ediblər, amma dava parlamentin dəhlizində davam edib.

Elisaşvili parlament binasından çıxarıldıqdan sonra deyib:

“Bu qanunu onların bir yerinə... Mən “Gürcü arzusu” partiyası ilə həmişə adam kimi davranmağa çalışmışam. Amma onlar bizi Rusiyaya bağlayırlar...İndi evdə oturmaq vaxtı deyil. Küçələrə çıxmaq lazımdır. Biz onları onların “Rusiya qanunu” ilə birlikdə rədd eləməliyik. Boğaza yığılmışıq. Ona görə də o Rusiya agenti Mdinaradzenin sifətinə bir dənəsini ilişdirdim...”

İnsident barədə danışan Mdinaradze deyib ki, Elisaşvili “oğru kimi arxadan yanaşaraq” zərbə endirib və bu “kişilikdən deyil”. Bu insidentdən yarım saat sonra hüquq komitəsinin iclası davam edib.

Mdinaradze deyib ki, bu insidentə "küçə qaydasında yox, lazımi şəkildə cavab verəcəyik".

Hakim “Gürcü arzusu” partiyası bu qanun layihəsini aprelin 3-də artıq ikinci dəfə parlamentə təqdim edib.

Mdinaradze izah edib ki, ikinci, düzəlişli variantda “xarici nüfuz agenti” ifadəsi “xarici maraqları həyata keçirən təşkilat” ifadəsi ilə əvəz olunub.

Hakim partiya iddia edir ki, bu qanunun qəbul olunması “ekstremizm və inqilabi prosesləri” maliyyələşdirən QHT-lərin şəffaflığını təmin etməlidir.

İqtidar bundan əvvəl qanun layihəsini geri götürmüşdü...

Ötən il “Gürcü arzusu” partiyası “xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini parlamentə təqdim etmişdi.

Layihə fəaliyyətinin ən azı 20 faizi xaricdən maliyyələşən qeyri-mənfəət hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin reyestrinin tərtibini nəzərdə tuturdu.

2023-cü il, martın 7-də parlament bu layihəni birinci oxunuşda qəbul etmişdi. Bu, kütləvi küçə etirazlarına səbəb olmuşdu. Həmin gün Gürcüstan parlamentinin binası qarşısında 40 minədək etirazçının yığıldığı xəbər verilirdi.

Polislə etirazçılar arasında baş vermiş toqquşmalarda nümayişçilərə qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə olunmuşdu.

Gürcüstan DİN xəsarət alan etirazçıların sayı barədə məlumat verməsə də, 100-dən çox şəxsin saxlandığını bildirmişdi.

Etiraz aksiyaları martın 8-də də davam etmiş və martın 9-da hakim partiya və ona bağlı “Xalqın gücü” hərəkatı qanun layihəsini parlamentdən geri çağırmağa məcbur olmuşdu.

İqtidarın bəyanatında deyilirdi ki, sənəd cəmiyyətdə fikir ixtilafına səbəb olub və “yalan maşını” qanun layihəsini gözdən salaraq əhalinin bir hissəsini aldada bilib.

İqtidar bildirirdi ki, bu qanun layihəsinə yanlış olaraq “Rusiya qanunu” damğası vurulub və onun qəbuluna cəhd ölkənin Avropa kursundan sapınması kimi qələmə verilib.

Bundan əvvəl

1979-cu ildə Gürcüstan Respublika Partiyasının əsasını qoymuş keçmiş sovet dissidenti Levan Berdzenişvili hesab edir ki, hakimiyyət kələk gəlir və bu qanunu avtokratik rejimin bərqərar edilməsi üçün ilk addım kimi hazırlayıb:

“Bu qanunun ardınca bu qanundan doğan başqa qanunlar olacaq. Rusiyada eynilə belə olub”.

Onun sözlərinə görə hakim partiyanın məqsədi medianı və vətəndaş cəmiyyətini susdurmaqdır.

Berdzenişvili vurğulayıb ki, bu, “açıq-aşkar Moskvanın sifarişidir”.

Tbilisidəki İctimai İşlər İnstitutunun professoru Tornike Şaraşenidze deyib ki, hakimiyyətin məntiqini başa düşə bilmir:

"Onlar Qərb partnyorlarının xəbərdarlıq və məsləhətlərinə məhəl qoymurlar, hərçənd Aİ və NATO-ya inteqrasiya olunmaq istəkləri barədə bəyanatlar verirlər”.

Ötən il Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilib. Lakin Tbilisiyə təsisat islahatları keçirilməsi və vətəndaş cəmiyyəti və medianın azad fəaliyyətinin təmin olunması da daxil demokratiyanın gücləndirilməsi şərti qoyulub.

Gürcüstan prezidenti Salome Zuravbişvili parlamentin “xarici agent” qanununu qəbul edəcəyi təqdirdə ona veto qoyacağını bildirib.

XS
SM
MD
LG